
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra dövlət siyasətində yeni mərhələnin prioritetləri daha aydın konturlar alır. Əgər əvvəlki onilliklərin əsas strateji hədəfi işğalın nəticələrinin aradan qaldırılması və dövlət suverenliyinin bütün ölkə ərazisində təmin edilməsi idisə, indi diqqət əldə olunan nəticələrin uzunmüddətli qorunmasına, dövlətin xarici təsirlərə davamlılığının artırılmasına və dəyişən beynəlxalq mühitə uyğun yeni müdafiə mexanizmlərinin formalaşdırılmasına yönəlir.
Bu yanaşmanın birinci dayağı Azərbaycanın müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasıdır. Dünyanın müxtəlif bölgələrində münaqişələrin genişlənməsi, beynəlxalq hüququn və mövcud təhlükəsizlik institutlarının əvvəlki çəkisini itirməsi göstərir ki, dövlətlərin təhlükəsizliyinin əsas təminatçısı getdikcə daha çox onların öz imkanları olur.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı bu məsələyə toxunaraq bildirib ki, hərbi potensialın artırılması ölkənin qarşısında duran əsas istiqamətlərdən biri olaraq qalır.

Dövlət başçısının fikrincə, Azərbaycan keçmişdə üzləşdiyi hadisələri nəzərə alaraq daim üstün hazırlıq səviyyəsini qorumağa məcburdur. Prezident bunu belə ifadə edib: “Biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq.”
Bu xətt yalnız keçmiş təcrübədən qaynaqlanmır. Azərbaycanın coğrafi yerləşməsi onu eyni vaxtda bir neçə gərginlik zonasına yaxınlaşdırır. Şimalda, cənubda və Yaxın Şərqdə davam edən qarşıdurmalar fonunda dövlətin müdafiə imkanlarının zəiflədilməsi üçün obyektiv əsas yoxdur. Əksinə, uzunmüddətli sabitliyin təmin olunması qabaqlayıcı hazırlıq və adekvat maliyyələşdirmə tələb edir.
Dövlət başçısı bildirib ki, dünyadakı müharibələrin sayının artması və onları dayandırmaq imkanına malik effektiv beynəlxalq mexanizmlərin olmaması Azərbaycanı istənilən ssenariyə hazır olmağa vadar edir. Prezident gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məqsədlərinə təxminən 9 milyard manat ayrılmasının da məhz bu yanaşmadan irəli gəldiyini qeyd edib. “Əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq”, – Prezident vurğulayıb.
Yeni mərhələdə diqqətçəkən digər məqam təhlükənin yalnız klassik hərbi müstəvidə qiymətləndirilməməsidir. Azərbaycanın daxilində sabit siyasi və ictimai mühitin mövcudluğu risklərin əsasən xarici mənbələrdən qaynaqlanması fikrini ön plana çıxarır. Bu isə dövlət siyasətinin reaktiv deyil, daha çox çəkindirici xarakter almasını şərtləndirir.
Prezident İlham Əliyev Azərbaycanın üzləşdiyi təzyiqlərə cavabsız qalmayacağını açıq şəkildə bildirib. Dövlət başçısının sözlərinə görə, ölkənin müstəqil xəttinə müdaxilə cəhdlərinə daha sərt cavab verilməsi Azərbaycanın siyasi davranış modelinin bir hissəsidir. “Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın”, – Prezident deyib.
Bu yanaşma mahiyyət etibarilə qarşı tərəfə mümkün müdaxilənin nəticəsiz qalmayacağı barədə siyasi mesajdır. Dövlət öz imkanlarını yalnız təhlükəyə cavab vermək üçün deyil, potensial təhdidin yaranmasının qarşısını almaq üçün də nümayiş etdirir.

Müasir dövrdə təhlükəsizliyin ikinci mühüm istiqaməti informasiya və ictimai şüur müstəvisidir. Rəqəmsal platformalar, süni intellekt, sosial şəbəkələr və kiberalətlər informasiya məkanını fiziki sərhədlərdən ayırıb. Buna görə də ictimai rəyə təsir göstərmək, daxili parçalanma yaratmaq və etimadı zəiflətmək imkanları ənənəvi vasitələrlə müqayisədə xeyli genişlənib.
Prezident ideoloji təsirlərin dövlət sərhədləri ilə məhdudlaşmadığını vurğulayaraq bu sahədə əsas qoruyucu mexanizmlərdən birinin təhsil olduğunu bildirib. Onun fikrincə, savadlı və məlumatı təhlil etmək qabiliyyətinə malik cəmiyyət manipulyativ informasiyaya daha az həssas olur. Dövlət başçısı deyib: “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq.”
Bu kontekstdə vətənpərvərlik də yalnız emosional anlayış deyil, dövlət dayanıqlığının elementlərindən biri kimi çıxış edir. 2020-ci ilin 44 günlük müharibəsi göstərdi ki, siyasi iradə, hərbi imkan və cəmiyyətin vahid mövqeyi eyni istiqamətdə birləşdikdə xarici təzyiqlərin effektivliyi xeyli azalır. Prezident də Azərbaycanın həmin müharibədə böyük beynəlxalq təzyiqlər fonunda öz məqsədinə çatdığını xüsusi vurğulayıb.
Dövlətin manevr imkanlarını genişləndirən başqa mühüm amil xarici siyasətdə sərbəst qərarvermə qabiliyyətidir. Azərbaycanın müxtəlif siyasi mərkəzlərlə paralel əməkdaşlıq qurması, lakin hər hansı blokun siyasi iradəsindən asılı vəziyyətə düşməməsi Bakıya öz maraqlarına uyğun seçim etmək imkanı verir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan heç bir xarici himayəyə ehtiyac duymayan model formalaşdırıb. O, bunun həm siyasi, həm də iqtisadi bazasının yaradıldığını vurğulayaraq deyib: “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil... Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə – son gülləyə qədər.”
Burada iqtisadi və maliyyə imkanları təhlükəsizlik siyasətinin ayrılmaz hissəsinə çevrilir. Xarici borcun aşağı səviyyədə saxlanılması, valyuta ehtiyatlarının artırılması və dövlətin kritik məqamlarda öz xərclərini özü qarşılamaq qabiliyyəti siyasi qərarlara kənar təsir imkanlarını azaldır. Prezident Azərbaycanın xarici borcunun ÜDM-in 5,6 faizinə bərabər olduğunu və valyuta ehtiyatlarının 90 milyard dollara çatdığını bildirib.
Yeni mərhələnin digər mühüm istiqaməti isə dövlətlə cəmiyyət arasındakı informasiya əlaqəsinin müasir tələblərə uyğun qurulmasıdır. Ənənəvi təbliğat formulları və formal tədbirlər rəqəmsal informasiya mühitində əvvəlki effektivliyini itirir. Bu səbəbdən dövlətin həyata keçirdiyi layihələrin və əldə olunan nəticələrin şişirdilmədən, faktlara əsaslanaraq və auditoriyanın qəbul edə biləcəyi formada təqdim edilməsi daha vacib olur.
Prezident bu istiqamətdə partiya üzvlərinin üzərinə də xüsusi məsuliyyət qoyub. Dövlət başçısı ideoloji fəaliyyətin köhnə şablonlardan uzaqlaşdırılmalı olduğunu bildirərək qeyd edib: “Bizə əfsanə yaratmaq lazım deyil... Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın.”
Prezident eyni zamanda xaricdə Azərbaycan dilində yaradılan və Azərbaycana yönələn bəzi platformaların məqsədinin ictimai rəyə təsir göstərmək olduğunu bildirib. Onun yanaşmasına görə, informasiya suverenliyinin qorunması artıq fiziki təhlükəsizlik qədər əhəmiyyətli sahəyə çevrilib. “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? ... Bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün”, – dövlət başçısı vurğulayıb.
Beləliklə, Azərbaycanın postmünaqişə dövrü üçün formalaşdırdığı dövlət xətti bir neçə paralel istiqaməti birləşdirir: hərbi çəkindiricilik, iqtisadi özünəyetərlilik, sərbəst xarici siyasət, ictimai dayanıqlıq, təhsil və milli informasiya məkanının qorunması. Bu modelin əsas məntiqi ondan ibarətdir ki, müasir dünyada suverenlik yalnız sərhədlərin qorunması ilə təmin edilmir. Dövlət eyni zamanda maliyyə qərarlarında, diplomatik seçimlərdə, informasiya mühitində və ictimai düşüncənin formalaşmasında öz iradəsini qorumaq imkanına malik olmalıdır.
Azərbaycanın qarşısında duran növbəti mərhələnin əsas məsələsi də məhz əldə olunmuş hərbi-siyasi nəticələri uzunmüddətli dövlət üstünlüyünə çevirməkdir.