
“İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərin dünya ictimaiyyətinə və beynəlxalq diplomatiyaya obyektiv şəkildə çatdırılması mühüm əhəmiyyət daşıyır”.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə milli dövlətçilik və xalqımızın ümumi tarixində mühüm hadisədir:
“Əlbəttə, İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfər, milli dövlətçilik və xalqımızın ümumi tarixində çox mühüm bir hadisədir. Ancaq hazırkı beynəlxalq münasibətlər sistemində bu müharibənin obyektiv əsaslarda dünya diplomatiyasının diqqətinə çatdırılması, dünya ictimai rəyinə təqdim edilməsi də əhəmiyyətlidir.Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması gələcəkdə ölkəmizə qarşı aparıla biləcək anti-təbliğat kampaniyalarının qarşısının alınması baxımından da vacibdir.Çünki nəticə etibarilə biz qlobal ictimai rəydə haqlı olduğumuzu dəfələrlə dünya ictimaiyyətinə təqdim etməliyik. Çünki gələcəkdə bu məsələ bizə qarşı ermənilərin və məlum mərkəzlərin anti-təbliğat kampaniyasının həyata keçirilməsinin qarşısını alan preventiv tədbirlər kimi əhəmiyyətlidir.Azərbaycan diplomatiyası bu istiqamətdə mühüm işlər görüb.Ona görə də mənə elə gəlir ki, Azərbaycan diplomatiyası bu işin öhdəsindən layiqincə gəldi. Biz ermənilərin informasiya savaşında həm diplomatiya müstəvisində, həm də media müstəvisində milli mübarizəmizi səmərəli şəkildə qorumağı bacardıq”.
H.Babaoğlu diqqətə çatdırıb ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilmiş vandalizm faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması da xüsusi əhəmiyyət daşıyır:
“Məsələnin ikinci tərəfi, bu gün də davam edən, hələ ki belə görünür uzun müddət davam edəcək Azərbaycan ərazisində olan maddi-mədəni irslə bağlıdır. Bizim əcdadlarımıza aid olan xristianlıq dövrü tariximizə aid olan mədəni irsin həm barbarlığa məruz qalması, həm İslam dininə mənsub olduqdan sonra yaratdığımız maddi-mədəni irsin erməni barbarlığına məruz qalması mütləq dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Ermənistanın Azərbaycanda törətdiyi dağıntılar və mina terroru ilə bağlı həqiqətlər də beynəlxalq auditoriyaya təqdim olunmalıdır.Ermənilərin Azərbaycanda necə böyük vəhşiliklər törətdiyi, insanlığa qarşı necə böyük cinayətlər törətdiyi və bu gün də davam edən mina terrorundan bizim nə qədər əziyyət çəkdiyimizi biz dünyaya çatdırmalıyıq”.
Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə müxtəlif platformalardan istifadə edir:
“Mənə elə gəlir ki, bu istiqamətdə Azərbaycan həm müxtəlif beynəlxalq konfranslar təşkil etməklə, həm diplomatik korpusun işğaldan azad olunmuş ərazilərimizə vaxtaşırı səfərlərini təşkil etməklə, həm də digər beynəlxalq tədbirlər müstəvisində bu təbliğatı layiqincə edə bilir.Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması bundan sonra da davam etdirilməlidir.Ona görə də mən düşünürəm ki, bu proses davam edəcəkdir və Azərbaycan həqiqətləri hər platformada, hər fürsətdə bundan sonra da diqqətə çatdırılacaqdır”.
Günel Elxan