
“Fransanın Azərbaycanın NATO ilə yeni Fərdi Tərəfdaşlıq Proqramına veto qoymasına cavab olaraq Türkiyənin də Ermənistanla bağlı analoji sənədin təsdiqinə razılıq verməməsi Ankara ilə Bakının strateji tərəfdaşlığının daha bir göstəricisidir”.
Bunu politoloq Şakir Ağayev “Xalq Cəbhəsi”nə açıqlamasında NATO çərçivəsində Azərbaycan və Ermənistanla bağlı tərəfdaşlıq sənədlərinin təsdiqi ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Türkiyənin hər iki sənədin eyni vaxtda təsdiqlənməsini tələb etməsi ədalətli yanaşmadır:
“Fransa Azərbaycanın NATO-ya yeni Fərdi Tərəfdaşlıq Proqramına veto qoyub və buna cavab olaraq Türkiyə də Ermənistana veto qoyub. Türk tərəfi hər iki tərəfin eyni vaxtda təsdiqlənməsini irəli sürüb. Türkiyə çox ədalətli yanaşma edir. Cənubi Qafqaz ölkəsində hər iki dövlətin iştirakı zəruridir, ikisi də olmalıdır. Bu vəziyyət bir daha Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını göstərir. Burada bilirsiniz, Türkiyənin birinci uğuru onu göstərir ki, Türkiyə və Azərbaycan dövlətləri daima bir-birlərinin maraqlarını qoruyur. Daima Azərbaycan-Türkiyə münasibətləri yüksək dövlət səviyyəsində, yəni ‘Bir millət, iki dövlət’ prinsipinə əsaslanır. Azərbaycan da, Türkiyə də beynəlxalq məsələlərdə həmişə bir-birlərinin yanındadırlar. Bu, bir daha bunu təsdiq edir”.
Politoloq bildirib ki, NATO daxilində Fransa və Türkiyənin Cənubi Qafqazla bağlı fərqli mövqelər nümayiş etdirməsi yeni hal deyil:
“İkincisi, Cənubi Qafqazdakı münasibətlərə NATO daxilində yeni məsələ deyil. Türkiyə və Fransa NATO dövləti olsa da, Fransanın Cənubi Qafqazda öz maraqları var və bu maraqları Ermənistan üzərindən həyata keçirmək istəyir. Fransa-Ermənistan münasibətlərinin dərinləşməsi regionda Parisin geosiyasi maraqları ilə bağlıdır. Fransanın Ermənistanla əslində bütün sahədə və hərtərəfli strateji tərəfdaşlığı var. Fransa Ermənistana Cənubi Qafqazda arxa-baxça kimi baxır. Təbii ki, Cənubi Qafqazda Fransanın və başqa dövlətlərin maraqlarının, öz maraqlarının həyata keçirilməsinin qarşısında ən böyük maneə Azərbaycandır.Azərbaycan Cənubi Qafqazda regional əməkdaşlıq modelinin tərəfdarıdır:
“Azərbaycan həmişə Cənubi Qafqazda region ölkələrinin əməkdaşlığı çərçivəsində baxır və bu əməkdaşlıqda Azərbaycanın milli dövlət maraqları birinci növbədə nəzərə alınmalıdır. Sözsüz ki, Fransaya bu sərf etmir”.
O qeyd edib ki, Fransanın Azərbaycana qarşı mövqeyinin müxtəlif bəhanələrlə əsaslandırılması siyasi yanaşmanın mahiyyətini dəyişmir:
“Ona görə də bunlar bəhanədir ki, Azərbaycanda kimsə həbsdədir, o həbs olunub, azad olunub və s. Bundan sonra veto götürülə bilər, götürülmürsə, demək, bu siyasi məsələdir”.
Ş.Ağayev hesab edir ki, Fransa Türkiyənin Cənubi Qafqazdakı mövqeyinin möhkəmlənməsində də maraqlı deyil:
“Eyni zamanda Fransa təbii ki, istəmir ki, Cənubi Qafqazda region dövləti olan Türkiyənin mövqeyi möhkəmlənsin və Türkiyənin maraqları Cənubi Qafqazda təmin olunsun. Fransa bunu çox gözəl bilir ki, Azərbaycan-Türkiyə birgə addım atırlar və birgə maraqlardan çıxış edirlər”.
Politoloqun sözlərinə görə, Fransanın son addımı onun Azərbaycan və Türkiyənin regional əməkdaşlığından narahatlığını göstərir:
“Bu addımla bir daha Cənubi Qafqazda Fransa maraqlarını Ermənistan vasitəsilə həyata keçirmək istədiyini və keçirmək məqsədi olduğunu göstərir”.
Ş.Ağayev Fransanın mövqeyinin Azərbaycanın Cənubi Qafqaz siyasətinə ciddi təsir göstərəcəyini düşünmür:
Güman etmirəm ki, bu hər hansı bir formada Azərbaycanın Cənubi Qafqazda apardığı siyasətə hər hansı bir təsir etsin. Çünki Azərbaycan milli dövlət maraqları, öz maraqları çərçivəsində fəaliyyət göstərir və bütün NATO dövlətlərinə, o cümlədən Fransaya məlumdur ki, Azərbaycanla əməkdaşlıq etmədən Cənubi Qafqazda hər hansı bir maraqlarını həyata keçirə bilməz”.
Politoloq Türkiyə ilə Fransa arasındakı fikir ayrılıqlarının NATO daxilində əməkdaşlığı ciddi şəkildə sarsıdacağı qənaətində deyil:
“Türkiyə ilə Fransa NATO dövləti olsalar da, bu da münasibətlərə o qədər təsir etməyəcək. Çünki bu, birinci hal deyil, birinci gün deyil. Müxtəlif NATO dövlətləri arasında çox müxtəlif fikir ayrılıqları var. NATO-nun ən böyük dövləti olan Amerika ilə qalan NATO dövlətləri arasında fikir ayrılıqları var, amma bu o nöqtəyə gəlib çatmır ki, hər hansı dağıdıcı proseslər baş verə bilsin”.
Ş.Ağayev sonda Fransanın mövqeyini yanlış və qərəzli adlandırıb:
“Bu, Fransanın yanlış və səhv mövqeyidir və Fransa bir daha bununla Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirir”.
Günel Elxan