Fazil Mustafa: “Sovxoz 2” adının dəyişdirilməsi vacibdir Gündəm

Fazil Mustafa: “Sovxoz 2” adının dəyişdirilməsi vacibdir

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsini qaldırıb.

Deputat bildirib ki, sovxoz və kolxoz adları sovet dövründən qalan tarixi irsin bir hissəsi olsa da, bu gün həmin adların bəziləri müasir terminologiyaya və müstəqil dövlətin mahiyyətinə uyğun gəlmir.

Fazil Mustafa qeyd edib ki, onun deputat seçildiyi Sabunçu rayonu ərazisində “Sovxoz 2”, “Ramana Gülçülük Sovxozu” kimi adlar mövcuddur:

“Neçə dəfə biz bildiririk ki, mənim də millət vəkili seçildiyim Sabunçu rayonu ərazisində müxtəlif adlar var da: “Sovxoz 2”, “Ramana Gülçülük Sovxozu”. Nə gül var qalıbdır, nə sosializm qalıbdır, nə “Sovxoz 2” adının dəyişdirilməsi məsələsi.

Mən hesab edirəm ki, hörmətli Siyavuş müəllim, kompleks budur ki, o dövrdən qalan müəyyən adlar var ki, artıq bu gün terminologiyamızda yer almır. Amma bütün sənədlərdə, tutaq ki, “Sovxoz 2”, filan küçə gedir.

Bunun adının dəyişdirilməsi məsələsini operativ həll etmək məncə daha doğru olardı və hamısını bir yerdə həll etmək ki, çox maddi vəsait də xərclənmədən həlli mümkün olsun.

O baxımdan da bunu xatırlatmaq istədim ki, təbii ki, o Pirşağı bələdiyyəsinin tərkibindədir, amma yaşayış məntəqəsi olaraq 15 minlik yaşayış məntəqəsi tamamilə bizim müstəqil dövlətimizin mahiyyətinə uyğun olmayan adla tələffüz olunur. Hər halda buna da diqqət yetirilsə, məncə faydalı olardı”.

Günel Elxan