Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur Siyasət

Spiker: 2003-cü ildə İlham Əliyevin Prezident seçilməsi ölkəmizin tarixində xüsusi yer tutur

Əlamətdar hadisələrdən biri 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi idi.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

Sahibə Qafarova deyib ki, ölkəmizin müstəqilliyinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçiliyimizin tarixində dönüş nöqtəsi idi: “Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutları möhkəmləndirildi. Ümummilli lider milli dövlətçilik konsepsiyasını irəli sürdü və onun həyata keçirilməsi istiqamətində mühüm addımlar atdı. Dövlət institutları ilə yanaşı, siyasi, iqtisadi və hüquqi sistemi də möhkəmləndirdi. O, dövlət müstəqilliyinin möhkəmləndirilməsini təmin etdi, daxili və xarici siyasətin əsas hədəflərini müəyyənləşdirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə idi.

Əlamətdar hadisələrdən biri də 2003-cü il oktyabrın 15-də İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi idi. Bu gün ölkəmizin tarixində xüsusi yer tutur. Bu hadisə müstəqil dövlətçiliyimizin inkişafında yeni dövr açıb. Xalqımızın bu müdrik qərarı müasir Azərbaycanın tarixi qələbələrlə zəngin olan sonrakı inkişaf yolunu müəyyən edib.

Ümummilli Liderin siyasi kursunun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi və inkişaf etdirilməsi nəinki əldə olunmuş nailiyyətləri qorumağa, həm də qarşıya qoyulan mühüm məqsədləri həyata keçirməyə imkan yaradıb. Son dövrün ən böyük nailiyyətləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların qorunmasına və müdafiəsinə yönələn dövlət siyasətinin əsas nəticəsidir. Bu tarixi hadisələr Azərbaycanın inkişafında yeni dövr açıb, dövlətimizin gələcək inkişafı üçün yeni siyasi və strateji şərait yaradıb.

Bu gün Azərbaycan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işləri həyata keçirir. Eyni zamanda, Azərbaycan beynəlxalq mövqelərini ardıcıl olaraq möhkəmləndirir, strateji tərəfdaşlıq əlaqələrini genişləndirir, regional sabitliyin təmin edilməsinə, əməkdaşlığın inkişafına və Cənubi Qafqazda möhkəm sülhün yaradılmasına yönələn təşəbbüslərlə çıxış edir.

Yeri gəlmişkən, əvvəlcə qeyd edim ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və uğurlu xarici siyasətinin bariz göstəricisidir”.