Zahid Oruc: "Süni intellekt məsuliyyəti əvəz etməməlidir" Gündəm

Zahid Oruc: "Süni intellekt məsuliyyəti əvəz etməməlidir"

“Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü iclasında çıxışı zamanı xidmət sektorundakı yeniliklər və qanunvericilikdəki dəyişikliklər barədə danışıb”.

Zahid Oruc bildirib ki, müzakirəyə təqdim olunan qanun layihələri mahiyyət etibarilə uyğunlaşdırma xarakteri daşıyır. Dəyişikliklərə əsasən, elektron xidmət anlayışının dəqiqləşdirilməsi və "Elektron hökumət" informasiya sisteminin (EHİS) tətbiq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Deputat qeyd edib ki, bu addımlar dövlətlə vətəndaş münasibətlərində mühüm tarixi transformasiyanın göstəricisidir:

"Bir vaxtlar dövlət xidməti dedikdə vətəndaşın idarəyə gəlməsi, məmurla əyani görüşməsi və sənədlərini şəxsən təqdim etməsi başa düşülürdü. Müasir dövlətin gücü isə vətəndaşın vaxtına qənaət etməsində, operativlikdə və onu idarələr arasında zaman itirmək məcburiyyətindən azad etməsindədir. "ASAN xidmət" modeli və EHİS üzərindən elektron kabinet imkanlarının artırılması idarəçilikdə mühüm mərhələyə çevrilib”.

Komitə sədri gələcəkdə süni intellekt əsaslı dövlət xidmətlərinin daha da genişlənəcəyini vurğulayıb. Onun sözlərinə görə, vətəndaşın müraciətini anlayan, qanunvericiliyi izah edən və müxtəlif qurumların xidmətlərini əlaqələndirən intellektual platformalar tətbiq olunacaq.
Bununla yanaşı, Z.Oruc süni intellektin hədlərinə də diqqət çəkib: "Süni intellekt dövlət qulluqçusunun işini asanlaşdırmalı, lakin dövlətin vətəndaş qarşısındakı hüquqi məsuliyyətini əvəz etməməlidir. Dövlət xidmətlərini yeni idarələr yaratmaqla deyil, vətəndaşın idarəyə müraciət ehtiyacını azaltmaqla təkmilləşdirmək lazımdır”.

Günel Elxan