Ağcabədidə işgüzar forum İqtisadiyyat

Ağcabədidə işgüzar forum

Sahibkarlara güzəştli kredit verilib

Tərlan


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu oktyabrın 8-də Ağcabədi rayonunun Təzəkənd kəndində keçirilib. İşgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatın verilməsi, Ağcabədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, meyvə-tərəvəz emalı, meyvəqurutma, pendir, ketçup, mayonez və xardal sousu, eləcə də üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 4287 sahibkara 159,7 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9900-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 445 milyon manata yaxın güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmişdir. Əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Pespublikanın 19 rayonunda (Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı, Yevlax, Ağdaş, Şəmkir, Siyəzən, İsmayıllı, Samux və Şəmkir) 40 min hektardan artıq sahədə 22 sahibkarlıq subyekti tərəfindən 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 61.6 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir. Hazırda fəaliyyətdə olan təsərrüfatlarda müasir suvarma sistemləri qurulmuş, hər hektardan 58-60 sentner məhsuldarlıq əldə edilir. Həmçinin qeyd edilmişdir ki, 23 cins heyvandarlıq kompleksinin yaradılmasına 89.4 milyon manat və illik emal gücü 200 min ton olan 8 süd emalı müəssisəsinin maliyyələşdirilməsinə 19.1 milyon manat güzəştli kredit verilmişdir. Son illər dövlətin güzəştli maliyyə dəstəyi göstərilmiş müasir heyvandarlıq kompleksləri və kiçik ailə fermer təsərrüfatları hesabına respublikanın süd emalı zavodlarının davamlı, eləcə də keyfiyyətli xammala olan tələbatının təmin edilməsində mühüm rol oynayır.
İşgüzar forum çərçivəsində Ağcabədi və ətraf rayonlardan olan 72 sahibkara 824 min manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, balıqçılıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Forum çərçivəsində güzəştli kredit ayrılmış Ağcabədi və Beyləqan rayonları ərazisində yaradılmış özəl pilot taxılçılıq təsərrüfatına, Ağcabədi rayonunun Ağabəyli kəndində süd emalı zavoduna və heyvandarlıq kompleksinə baxış keçirilib.