Suraxanıda sahibkarlara kredit veriləcək İqtisadiyyat

Suraxanıda sahibkarlara kredit veriləcək

İnvestisiya layihələrinin qəbuluna başlanıb

Tərlan

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Suraxanı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, SKMF tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə logistik mərkəzin, müasir ət kəsimi və emalı müəssisəsinin, müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatlarının və toxuculuq müəssisəsinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Qeyd edək ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 31 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 7 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 10 min manat, maksimal məbləği isə 5 mln. manat təşkil edir. Əslində iqtisadiyyatın daha böyük həcmdə əlverişli və uzunmüddətli kreditlərə ehtiyacı var. Bununla yanaşı, sahibkarın öz məhsulunu emal etməsinə, maneəsiz bazara çıxarmasına da əlverişli və təşviqedici mühit yaradılmalıdır. Sahibkarların rəqabət qabiliyyətli məhsullar istehsal etmək və xaricə satmaq imkanları var.
Müsbət haldır ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı vergilərdən azaddır. Bunlarla yanaşı, Vergilər Nazirliyi vergitutma bazasının genişləndirilməsi, vergilərdən yayınma hallarının minimuma endirilməsi məqsədilə vergi nəzarətinin müasir texnologiyalarını tətbiq etməyə başlayıb. Ölkədə mövcud olan vergitutma potensialından tam istifadə olunması hələ də mümkün deyil və qarşıdakı illərdə vergi siyasəti əsasən bu potensialın üzə çıxarılmasına xidmət edəcək. Qarşıdakı illərdə qeyri-neft sektorunda iqtisadi aktivliyin artırılmasını və sahibkarlığın genişləndirilməsini təmin etmək məqsədilə indiyədək aparılan vergi siyasətinin davam etdirilməsi, vergidən yayınma hallarının azaldılması, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi borclarının ləğv edilməsi işlərinin davam etdirilməsi, vergi güzəştlərinin sayının azaldılması və digər tədbirlər vergi siyasətinin əsas istiqamətlərindən olmalıdır.
Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması layihəsi"nın icrasına dair imzalanmış sazişə əsasən növbəti iki il müddətində həyata keçiriləcək layihənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının hazırkı vəziyyətinin qiymətləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının marketinqi və onların rentabelliliyi üzrə tədqiqatların aparılması, mövcud qanunvericiliyin və institusional inkişafın təkmilləşdirilməsi, orqanik kənd təsərrüfatı üzrə milli strateji planın hazırlanması, orqanik kənd təsərrüfatı məhsullarına dair effektiv müfəttişlik və sertifikatlaşdırma sisteminin təşkil edilməsidir.
Qeyd edək ki, layihə çərçivəsində orqanik kənd təsərrüfatı üzrə sənədləşmə mərkəzinin təşkili, orqanik kənd təsərrüfatı üzrə məlumatların toplanılması və fermerlərə paylanılması, bu sahədə milli potensialın, texniki bacarıqların gücləndirilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi ölkədə keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarının istehsalının artırılması vasitəsilə əhalinin sağlam ərzaqla təminatına və ətraf mühitin qorunmasına töhfə verəcək.
"Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirilib, nazirlik tərəfindən göstərilən xidmətlər elektronlaşdırılıb. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır.