İKT layihələrinə qrant ayrıldı İqtisadiyyat

İKT layihələrinə qrant ayrıldı

Tərlan

Yanvarın 29-da Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə keçirilən tədbirdə Fondun 2015-ci il ərzində fəaliyyəti barədə məlumat verilib və 2016-cı il üzrə nəzərdə tutulan işlərin müzakirəsi aparılıb. İclasda Fondun elan etdiyi 3-cü qrant müsabiqəsinin qalibləri müəyyən edilib. 3-cü qrant müsabiqəsi çərçivəsində Fonda təqdim olunan 138 layihədən 103 layihə ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına baxılması üçün təqdim edilib. Müşahidə Şurası 13 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.
Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 13 layihəyə ümumilikdə 168 000 AZN qrant vəsaiti ayrılıb. Məlumat üçün bildirək ki, Fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olmuş 25 layihənin icrası başa çatdırılıb. Bunlardan 12 layihə kommersiyalaşdırılıb və biznes kimi inkişaf etmək perspektivi qazanıb. 2-ci qrant müsabiqəsində isə qalib olmuş 23 layihənin icrası davam etməkdədir. İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, startap layihələrini dəstəkləmək, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərməkdən ibarətdir.