Qafqazda qaz savaşı bitdi, əvəzində suallar qaldı... İqtisadiyyat

Qafqazda qaz savaşı bitdi, əvəzində suallar qaldı...

Hüseynbala Səlimov: "Azərbaycanın daha çox ölkələrə qaz təklif etmək imkanları yaranacaq"

Cavid

Gürcüstanın qaz "şıltaqlığı" bitdi. Artıq bu məsələyə nöqtə qoymaq olar. Bu günlərdə Gürcüstan rəsmiləri bəyan etdilər ki, daha "Gazprom"la danışıqlara və İrandan əlavə qaz almağa ehtiyac qalmadı. Məlum oldu ki, Azərbaycan Gürcüstana əlavə həcmdə qaz ixrac etməyə və həm də qazın qiymətini 30-40 dollar aşağı salmağa razı olub. Doğrusu, bu prosesdən kimin qalib çıxdığını demək çətindir. Üstəlik, qalibi və məğlubu olmayan proseslər də var...
Ekspert Hüseynbala Səlimovun fikrincə, o üzdən, birmənalı münasibət bildirmək çətindir. Bəlkə də əsas odur ki, bu prosesdə Azərbaycan Gürcüstanı özü üçün saxlaya bildi, Gürcüstansa daha ucuz və daha çox qaz almaq imkanı qazandı: "Amma bir məsələ adama rahatlıq vermir. O da budur ki, Gürcüstan Azərbaycan üçün tranzit inhisarçısı olmasından sui-istifadə edir. Bununla bağlı narahatlıq hələ bir neçə il əvvəl də dilə gətirilmişdi.
Başqa bir çıxış yolu da görünmürdü: kəmərləri Ermənistandan keçirmək mümkün deyildi. Belə bir variant o vaxt mümkün idi ki, bu ölkə Qarabağın işğalına son qoysun. Təbii ki, Ermənistan bununla razılaşmadı. Üstəlik, İranla bağlı da problem vardı. O vaxt İranla böyük layihələr gerçəkləşdirmək mümkün deyildi. Qərəz, indi bütün bunlar arxada qalıb və fakt faktlığında qalır: Gürcüstan Azərbaycandan ötrü müstəsna önəmə sahib ölkədir".
Düzdür, bu ölkə vəziyyətdən sui-istifadə edir. Amma nə etmək olar? Bir məsələ də var ki, Azərbaycan qazla zəngin ölkələrin əhatəsindədir. İrana, Rusiyaya və hətta Xəzərin o biri sahilindəki Türkmənistana Azərbaycan qazı lazım deyil. Bəlkə böyük qaz layihəsi həyata keçiriləndən sonra Azərbaycanın daha çox ölkələrə qaz təklif etmək imkanları yaranacaq. Amma bu, 2020-ci ildən tez olmayacaq (tezləşdirmə, hətta kəməri 2018-ci ilin sonlarına çatdırmaq planları da var). Böyük layihənin ilk işləri hələ indi görülür. Azərbaycan, iqtisadi böhranla çarpışsa da, bu layihə üzərində işi dayandırmaq fikrində deyil.
Hər halda, 2020-ci ilədək Gürcüstanın "şıltaqlığına" dözmək lazım gələcək. Dövlət maraqlarından çıxış edən Gürcüstan qeyri-adi bir iş görmür. Onlar daha çox və ucuz qaz almaq istəyirlər. Bunu anlamaq olar. Xüsusən nəzərə almaq lazımdır ki, bu ölkənin maliyyə imkanları da elə böyük deyil. Bizdən ötrü, təbii ki, Azərbaycanın maraqları daha üstündür. Di gəl, sonda yenə "başqa heç nə mümkün deyildi" fikriylə razılaşmalı olursan. Doğrudan da başqa yol yox idi. Ya Azərbaycan öz qaz bazarını İrana və yaxud Rusiyaya verməli, ya da yeni güzəştlərə getməli idi. Son nəticədə ikinci variant seçildi – güzəştlər daha məqbul sayıldı.