

3 may 2023-cü ildə Brüsseldə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Təhlükəsizlik Dialoqunun 4-cü iclası keçirilib.
Trend Aİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibinin müavini Enrike Mora və Azərbaycan Respublikası Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin həmsədrliyi ilə keçirilib.
İclas iştirakçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, regional təhlükəsizlik məsələlərini və regionda sülhün və stabilliyin dəstəklənməsində Aİ-nin rolunu müzakirə ediblər.
Həmçinin xarici siyasət, təhlükəsizlik və mümkün gələcək əməkdaşlıq sahəsində, o cümlədən kibertəhdidlərlə və hibdir təhdidlərlə mübarizə, zorakı ekstremizm və terrorizmlə mübarizə, kosmik fəaliyyət üzrə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə konstruktiv müzakirələr aparılıb; etibarlı enerji tərəfdaşı kimi Azərbaycanın rolu qeyd edilib.
"Avropa İttifaqı ilə Azərbaycan arasında Təhlükəsizlik məsələləri üzrə dördüncü Dialoqumuzda Aİ xarici siyasət və təhlükəsizlik siyasəti üzrə əməkdaşlığın möhkəmləndirilməsində maraqlı olduğunu təsdiqləyib, həmçinin xüsusən hazırki mürəkkəb beynəlxalq şəraitdə sülh, təhlükəsizlik və stabillik naminə çalışmağa hazır olduğunu göstərib. Avropa İttifaqı Cənubi Qafqazda stabilliyin və sülhün formalaşmasına töhfə vermək məqsədini rəhbər tutur. Əsas maraq ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında irəliləyiş əldə olunsun. Avropa Şurasının prezidenti Şarl Mişelin köməyilə Brüssel üçtərəfli formatda sülh prosesini dəstəkləməyə hazırdır", - Enrike Mora bildirib.
Hikmət Hacıyev öz növbəsində Azərbaycan Respublikasının Aİ-nin regiondakı etibarlı tərəfdaşı olduğunu vurğulayıb.
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinə, terrorizmlə, radikalçılıqla, qanunsuz miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə qlobal səylərə mühüm töhfə verir, həmçinin regionda sülhə və stabilliyə imkan yaradır", - o deyib.
H.Hacıyev hazırda Azərbaycanın öz ərazilərində misilsiz yenidənqurma və humanitar minatəmizləmə işləri apardığını xatırladıb: "Ai-nin minatəmizləmə sahəsində maliyyə dəstəyini yüksək qiymətləndiririk. Azərbaycan ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanmış sülh sazişinin beş əsas prinsipini Ermənistana təqdim edib. Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üzrə təşəbbüsləri, o cümlədən Avropa Şurasının prezidenti Şarl Mişelin köməyilə Brüssel sülh prosesini dəstəkləyir".
Görüşün sonunda Aİ və Azərbaycan nümayəndələri özləri və bütün region üçün aktual olan məsələlər üzrə mütəmadi fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. Yaranan problemlər üzrə fəaliyyəti davam etdirmək barədə razılaşma əldə edilib.