2023-cü ilin dövlət büdcəsində müdafiə və Qarabağda bərpa xərcləri artırıla bilər İqtisadiyyat

2023-cü ilin dövlət büdcəsində müdafiə və Qarabağda bərpa xərcləri artırıla bilər

2023-cü ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti yaranıb. Bu barədə informasiya agentliklərinə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib ki, “ilk növbədə Böyük Qayıdış proqramı ilə əhatə olunan layihələrin maliyyələşdirilməsi proqramının sürətlə həyata keçirilməkdədir. Digər tərəfdən, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün də əlavə vəsaitə ehtiyac var. Bunun üçün də büdcəyə yenidən baxılması nəzərdə tutulmuşdur”. Azərbaycanın 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin Milli Məclisə mayın 15-dən sonra təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,774 milyard manat, xərcləri 33,353 milyard manat təsdiq edilib. 2023-cü ilin birinci rübündə dövlət büdcəsinin profisiti 1 milyard 723 milyon manat olub. Dövlət büdcəsinin gəlirləri 8,29 milyard manat, xərcləri isə 6,567 milyard manat təşkil edib. 2023-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirləri 4,43 milyard manat və ya ümumi dövlət büdcəsinin gəlirlərinin 53,4 faizini təşkil edib. Bu isə o deməkdir ki, dövlət büdcəsinin profisiti onun xərclərini artırmağa imkan verir. 1,7 milyard manat heç də az vəsait deyil.
Bəs büdcədə hansı xərclər artırıla bilər? İlk növbədə ölkədə qiymətlərin artımı fonunda sosial xərclərin artırılması arzuolunandır. Nazirin açıqlamasından bu qənaətə gəlmək olar ki, daha çox müdafiə xərcləri və Qarabağda bərpa işlərinə yönəldilən vəsaitlərin həcmi artırılacaq. Bu isə Azərbaycanın indiki şəraitində məntiqli yanaşmadır. Çünki bir tərəfədən Ermənsitanın və onun havadarlarının ölkəmizə qarşı təhdidləri artır ki, bu da orudunun gücləndirilməsini, ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasını zəruri edir. Sülh istəyirsənsə daim müharibəyə hazır vəziyyətdə olmalısan. Ona görə də, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur. 2023-cü ildə dünyanın hətta böyük dövlətləri də, o cümlədən ABŞ, Çin, Rusiya və s. özlərinin müdafiə xərclərini artırıblar. Bu həm də dünyada sabitliyin olmaması və müharibə təhlükələrinin artması ilə bağlıdır. Bu cür təhdidlər bizim region üçün də aktualdır.
Digər tərəfdən, Qarabağda quruculuq işlərinə böyük vəsaitlər tələb olunur. Hələlik Qarabağda əsas investor dövlətdir. İndiyədək regionda həyata keçirilən layihələrə dövlət 7 milyard manat xərcləyib. 2023-cü ilin dövlət büdcəsindəb işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasına 3 milyad manat ayrılıb. Çox güman ki, büdcəyə dəyişikliklər nəticəsində bu məbləğ daha 1 milyard manat artırıla bilər.
İşğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2021-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına 2,2 milyard manat, 2022-ci ildə 2,7 milyad manat vəsait ayırıb. Göründüyü kimi, hər il post-konflikt ərazilərin bərpasına dövlət investisiyaları artırırlır ki, bu da müsbət hal sayılmalıdır. Hələlik dövlət əsas investor kimi çıxış edir, çünki böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək. Artıq bunun ilk işartıları görünür. Belə ki, 2022-ci ildə ən çox yeni iş yerləri və fərdi sahibkarlıq subyektləri Ağdam rayonunda yaradılıb. Belə ki, ötən il bu rayonda 775 fərdi sahibkarlıq subyekti qeydiyyata alınıb, 184 yeni iş yeri açılıb. Bərpa prosesin­dən sonra isə Ağdam, həm də sənaye şəhəri olacaq. Ağdam şəhəri elə işğaldan əvvəl də Qarabağın əsas sənaye mərkəzi olub. Bu ənənə davam etdi­riləcək və rayonda yeni sənaye müəs­sisələri yaradılacaq, minlərlə yeni iş yerləri açılacaq. Bu, həm də işğaldan azad edilmiş ərazilərin milli iqtisadiy­yata sürətli inteqrasiyasının təmini, dayanıqlı inkişafı, eləcə də layiqli yaşayış şəraitinə nail olunması baxımından vacibdir.
Ağdam Sənaye Parkının uğurlu fəaliyyətini bu sahədə atılan ilk addım hesab etmək olar. Sahibkarlar burada fəaliyyət göstərməyə böyük maraq göstərirlər. Bu yaxınlarda İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında “Ağdam Süd” MMC-yə rezidentlik statusu ve­rilib, bununla da Sənaye Parkının re­zidentlərinin sayı 16-ya çatıb. Ağdam Sənaye Parkının yeni rezidenti tərəfin­dən Sənaye Parkına 2,2 milyon manat investisiya yatırılacaq, 40 nəfər işlə tə­min ediləcək. “Ağdam Süd” MMC tərə­findən Sənaye Parkının ərazisində in­vestisiya dəyəri 2,2 milyon manat olan süd məhsullarının istehsalı müəssisə­si inşa ediləcək. 40 nəfərin işlə təmin ediləcəyi müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Ağdam Sənaye Parkında ümumi investisiya həcmi 27 milyon manata yaxın olan təkcə 4 müəssisədə 250-dən çox da­imi iş yeri yaradılacaq.
Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi davam etdirilir. Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.
Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır.
Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, investisiya yatırımlarına şərait yaratmaq fikrindədir, hətta onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Əslində Qarabağda yaxın gələcəkdə iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları ilə yanaşı, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri (Dirçəliş Fondu, Yaşat Fondu və s.) və sahibkarların yatırımlarıdır.
Müsbət haldır ki, pandemiyadan sonra iqtisadiyyata sərmayə yatırımlarında artım meyilləri qeydə alınır. Belə ki, 2022-ci ildə əsas kapitala 18,272 milyard manat, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox vəsait yönəldilib. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 10,611 milyard manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14,719 milyard manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13,462 milyard manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair vəsaitlər isə 5,0 faiz təşkil edib.

Mahir Həmzəoğlu