İKT sahəsində reytinqimiz artır İqtisadiyyat

İKT sahəsində reytinqimiz artır

"Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycan 56-cı yerdən 49-cu yerə yüksəlib

Dünya İqtisadi Forumu İKT ilə bağlı hesabatını açıqlanıb. Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış "Qlobal informasiya texnologiyaları hesabatı 2014" ("The Global Information Technology Report 2014") adlı illik hesabatda ölkələrin informasiya texnologiyaları sahəsində inkişafını əks etdirən "Şəbəkələşmə hazırlığı indeksi" göstəricisinə görə Azərbaycan ötənilki mövqeyindən 7 pillə irəliləyərək 148 ölkə arasında 56-cı yerdən 49-cu yerə yüksəlib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmişə MDB ölkələri arasında yüksək mövqelərdə yer alan Azərbaycan bu reytinq cədvəlinə əsasən bir çox aparıcı ölkələri də qabaqlayıb.
Azərbaycan "Ölkənin əhali yaşayan ərazisində mobil telefon şəbəkəsinin əhatəsi" reytinqinə görə dünyada 1-ci yerdə qərarlaşıb. Bu da ölkənin tamamilə mobil şəbəkə siqnalı ilə təmin olunması deməkdir. Eyni zamanda "Şəbəkələşmə hazırlığı indeksi"nin formalaşmasına təsir edən İKT-nin əsas komponentlərinə görə Azərbaycan hər 100 nəfər arasında internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu, genişzolaqlı internet abunəçilərinin sayına görə isə 46-cı yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır. Bundan əlavə, şirkətlərin innovasiya qabiliyyətinə görə ölkəmiz MDB-də ən yüksək, ümumən dünyada isə 35-ci pilləni tutur.
Hesabatda diqqət çəkən məqamlardan biri də odur ki, yuxarı orta gəlirli ölkələrlə müqayisədə Azərbaycan orta göstəricidən daha yaxşı nəticə qazanıb və hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri tutub. MDB-də lider olmaqla, ölkəmiz İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur. Hesabata əsasən, Azərbaycan Avropada İtaliya (58-ci yer), Polşa (54), Slovakiya (59) və Monteneqronu (52), eləcə də qonşu ölkələrdən Türkiyə (51), Gürcüstan (60) və İranı (104) qabaqlayıb. Həmçinin, Azərbaycan dünya nəhənglərindən Çin (62), Braziliya (69) və Meksikanı (79) da arxada qoyub.
2020-ci ilə qədər dövlətin əhaliyə təqdim etdiyi xidmətlərin 100%-nin "Elektron Hökumət" vasitəsi ilə həyata keçirilməsi, əhalinin elektron xidmətlərdən istifadə səviyyəsinin 80%-ə çatdırılması nəzərdə tutulur. "Qızıl üçbucaq" deyilən konsepsiya üzərində iş aparılır. Birinci növbədə intellektual insan potensialı yetişdirilməlidir. Bu istiqamətdə son vaxtlar yeni universitetlərin yaradılması da qeyd olunmalıdır. İkincisi, əlverişli biznes mühitinin yaradılması ilə bağlıdır. Texnoparkların yaradılması və yeni vergi və gömrük siyasəti bura daxildir. Üçbucağın üçüncü bucağı kapitala bağlıdır. Neftdən gələn gəlirlərin qeyri-neft sektoruna, texnologiyanın inkişafına yönəldilməsi həyata keçirilir. Bu istiqamətdə işlər gerçəkləşdirilərsə, "Qızıl üçbucaq" konsepsiyası uğurla həyata keçiriləcək.
Azərbaycanın İKT məhsullarının xarici bazarlara çıxarılması üçün transmilli şirkətlərlə əməkdaşlığı, birgə layihələrin həyata keçirilməsi zəruridir. 2020-ci ilədək İKT sahəsinə dövlət tərəfindən 3-3,3 mlrd. dollar, özəl sektor tərəfindən də təxminən eyni həcmdə sərmayə yatırılacağı gözlənilir Əgər İKT sahəsinə qoyulan 1 dollar sərmayənin 10 dollar gəlir verdiyini nəzərə alsaq, hədəflər ümidvericidir.
Azərbaycan ilk süni rabitə peykindən artıq 10 mln. dollar gəlir əldə edib və peyklə bağlı cəlb edilən kreditlərin 70%-ə qədəri qaytarılıb. Azərbaycanda İKT-dən əldə edilən gəlir 2 mlrd. dollardır və 2020-ci ilə qədər bu göstəricinin 8,5 mlrd. dollara çatacağı gözlənilir. Bu sahədə orta illik artımın 15-18% olacağı prqnozlaşdırılır. Ölkəmiz kiçik olduğu üçün bazarın həcmi böyük deyil. Ona görə də innovaftiv xarakterli xidmət və məhsulların xaricə çıxarılması əsas götürüləcək.
Yaxın vaxtlarda Azərbaycanın ikinci telekommunikasiya peykinin ("Azerspace-2") orbitə buraxılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması istiqamətində işlərə başlanılacaq. Bu məqsədlə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) "Azərkosmos" ASC-yə qrant ayırıb. Məlumata görə, texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq şirkət olaraq ABŞ-ın "Global Recourses Inc." seçilib. Sözügedən tədqiqat "Azerspace-2" telekommunikasiya peykinin istehsalının texniki, iqtisadi və maliyyə imkanları, orbitə çıxarılması və orbitdə istismarı, eləcə də layihənin maliyyələşməsi və digər aspektləri əhatə edəcək. Məbləği yarım milyon dollardan artıq olan qrant müqaviləsi çərçivəsində görüləcək işlərin bu ilin iyul ayınadək başa çatması gözlənilir. "Azerspace-2" telekommunikasiya peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır. İkinci telekommunikasiya peyk layihəsi də kommersiya xarakterli olacaq. Peyk rəqəmsal TV xidmətlərinin təqdim edilməsi, məlumatların ötürülməsi, multiservis şəbəkələrinin yaradılması və s. üçün nəzərdə tutulub.
Azərbaycanın üçüncü süni peykinin də orbitə çıxarılması layihələri kommersiya xarakterli olacaq və əsasən xidmətlərin ixracı üçün nəzərdə tutulacaq. Ötən ilin fevralında orbitə ilk süni milli telekommunikasiya peykini çıxaran Azərbaycan növbəti mərhələdə yer səthinin müşahidəsi üçün nəzərdə tutulan aşağı orbitli peyki, daha sonra isə ikinci telekommunikasiya peykini kosmosa buraxacaq.
"Azerispace-1" süni peykinin isə ölkə üzrə nəzərdə tutulan 20%-i tam dolmayıb. Ona görə də ikinci peykin xarici bazarlara çıxarılması planlaşdırılıb. Bu bizim kosmik fəzada mövqelərimizi, kosmik xidmətlər bazarında rəqabət qabiliyyətimizi artıracaq, o cümlədən, "Azərkosmos"a əlavə gəlir gətirəcək.
Azərbaycanın orbitə çıxarmağa planlaşdırdığı ikinci süni telekommunikasiya peyki ilə bağlı ölkə ümumilikdə 8 orbital mövqe üzrə qonşu kosmik ölkələrlə danışıqlara başlayıb. Çünki onların istifadəsi üçün koordinasiya lazımdır. Bu, çox çətin prosesdir, çünki kosmik fəzada sıxlıq daha böyükdür. Əsas danışıqlar Rusiya və onun şirkətləri ilə aparılmalıdır. Bizim kosmik fəzada əsas yeri onlar tuturlar. Çox güman ki, hər iki peykimiz üçün fərdi orbital mövqelərimizdən istifadə edə biləcəyik. Azərbaycanın orbital mövqeləri Şərqi Avropadan Sakit okeana qədər ərazini əhatə edir. Bu ərazidə Rusiya, Yaponiya, Çin kimi ölkələr yerləşir ki, bu məsələ onlarla razılaşdırılmalıdır. Çünki tezlik fəzası olduqca sıxdır. Rentabelli layihələrə çıxmaq üçün onları qonşu kosmik ölkələrlə razılaşdırmaq lazımdır. Hazırda "Azerispace-1" süni peyki üçün Malayziyanın orbital mövqeyini 20 illik icarəyə götürməklə istifadə edirik. Lakin sonrakı peyklərdə Azərbaycan öz orbital mövqelərindən istifadə etmək istəyir.