Bakıda yeni neft-qaz müəssisələri tikiləcək İqtisadiyyat

Bakıda yeni neft-qaz müəssisələri tikiləcək

ARDNŞ Çexiya şirkətlərini "Star" zavodunun tikintisində iştirak etməyə dəvət edib

Tərlan

Dünən Bakıda keçirilən Azərbaycan və Çexiya hökumətləri arasında keçirilən II qarışıq komissiyanın iclasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Çexiya şirkətlərini Türkiyənin İzmir şəhərində inşa olunan "Star" neft emalı zavodunun tikintisində iştirak etməyə dəvət edib. "Azərbaycan özü 2023-cü ilə qədər Bakıda yeni neft-qaz müəssisələrinin tikintisinə başlayacaq. Çexiya neft-qaz avadanlıqlarının istehsalçısıdır. Bu gün Azərbaycan Çexiyadan bu cür avadanlıqlar alır. Buna görə də biz Çexiya şirkətlərini bu yeni müəssisələrin tikintisində və burada quraşdırılacaq neft-qaz avadanlıqlarının da yaxından iştirak edə bilərlər".
Bundan başqa, ARDNŞ rəsmisi TAP, TANAP layihələri barədə çexiyalı qonaqların məlumatlı olduqlarını və Azərbaycanın həyata keçirdiyi nəinki yerli, hətta beynəlxalq, xaricdə həyata keçirdiyi layihələr də iştirak etməyə çağırıb. Çexiyalı nümayəndə heyəti bu təklifi qəbul edib və bu təklifə görə ARDNŞ rəsmisinə təşəkkür ediblər.
Hazırda Azərbaycanda 13 Çexiya kapitallı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Çexiya tərəfindən Azərbaycanda əsas kapitala 1 mlrd. ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycan Çexiya ilə kənd təsərrüfatı, səhiyyə və mədəniyyət sahəsində geniş əməkdaşlıq edir. İki ölkə arasında bir sıra seminarlar, sərgilər və biznes forumlar keçirilib. İki ölkə arasında beynəlxalq yükdaşımalara dair saziş layihəsi razılaşdırılma mərhələsindədir.
Dünən Azərbaycan və Çexiya Hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri N.Səfərov və İ.Qavlişek imzalayıblar. Protokola əsasən, ticarət, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta biznesin və sənayenin inkişafı, energetika, kənd təsərrüfatı, nəqliyyat, İKT, təhsil, səhiyyə, turizm, səhiyyə , ətraf mühitin mühafizəsi və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub.
ARDNŞ Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində "Star" neft emalı zavodunun inşasına yeni mənbədən maliyyə vəsaiti cəlb edib. Həhəng layihənin tikintisində iştirak edəcəyini və maliyyə ayıracağını deyən Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) layihədə iştirakdan gözlənilmədən imtina ediblər. Buna baxmayaraq, layihənin tikintisinin 65%-ni banklardan təmin etməyi planlaşdıran ARDNŞ Türkiyənin "Dənizbank"ı ilə razılaşma əldə edib. Belə ki, Azərbaycan şirkəti "Dənizbank"dan layihə üçün 500 mln. ABŞ dolları məbləğində kredit almağı planlaşdırır. Türkiyənin "Dənizbank"ı Rusiyanın "Sberbank" qrupuna aiddir.
ARDNŞ-in Türkiyədəki törəmə şirkəti olan "SOCAR-Türkiyə"nin rəhbəri Kənan Yavuz deyib ki, EBRD-nin və IFC-nin layihədən qəflətən çıxması ilə əlaqədar, şirkət yeni mənbələrdən kredit cəlb etməli olub. Zavodun tikintisində maliyyə cəlb edilməsi baxımından heç bir sıxıntı olmayacaq.
Xatırladaq ki, "Star" neft emalı zavodunun tikintisinə tələb olunan 5,5 mlrd. dolların 2 mlrd. dolları daxili imkanlar, 3,5 mlrd. dolları ixrac bankları, beynəlxalq və yerli banklar hesabına cəlb olunacaq. Bunlarla yanaşı, bəzi xəbərlərə görə, ARDNŞ-in törəmə qurumu olan "SOCAR Turkey"in sahibi olduğu "Petkim Holding"in "Petlim Limançılıq" ("Petlim") şirkətindəki iştirak payını satır. Əldə ediləcək gəliri ARDNŞ "Star" neft emalı zavodunda səhm payını artırmaq üçün istifadə etməyi planlaşdırır.
ARDNŞ Türkiyənin İzmir şəhərindəki Petkim yarımadasında inşa etdiyi "STAR Rafineri A.Ş." neft emalı zavodunun layihə idarəetmə məsləhətçiliyini isə İsveçrənin "Foster Wheller" şirkəti həyata keçirəcək. "STAR" zavodu "Foster Wheller"in törəmə qurumu olan "Global Engineering and Construction Group" şirkəti ilə müqavilə bağlayıb. "Foster Wheeler" ilə bağlanmış müqavilənin dəyəri barədə məlumat açıqlanmır. Heftayırma zavodunun ilkin mühəndislik işlərini də "Foster Wheeler" şirkəti reallaşdırıb. Qlobal mühəndislik və inşaat şirkəti olan "Foster Wheller" bir çox ölkələrdə inşaat, emal avadanlıqlarının quraşdırılması layihələri həyata keçirir. Şirkətin "Global Engineering and Construction Group" törəmə qurumu neft və qaz, maye qaz, neft emalı, kimya və neft-kimya, enerji, mineral və metal, ətraf mühit, dərman, bio-texnologiya və səhiyyə sahələrində müasir təsislərin layihələndirilməsi və inşasını həyata keçirir.
ARDHŞ-in Türkiyədə "Star" neft emalı zavodunun tikintisi ilə bağlı hazırlıq işlərinə artıq başlanılıb. Tikinti işlərini İspaniya, İtaliya, Yaponiya və Cənubi Koreya şirkətlərinin daxil olduğu konsorsium aparır. Artıq İzmirin Petkim yarımadasında tikintisi aparılacaq tikinti üçün hazırlıq görülüb. Bu ərazi bir neçə sahələrə bölünəcək. Zavodun 9,5 mln. kv. metr sahəsində torpaq-qazma işləri aparılacaq və bunun artıq əsas hissəsi yerinə yetirilib. Lakin görüləcək işlərdən drenaj sistemlərinin qurulması və s. işləri çıxsaq, ümumi olaraq işin yarısı görülüb. Sahənin hazırlıq işləri 2014-cü ilin sonunda başa çatacaq.
Bura 1200 ton ağırlığında olan kolonlar gətiriləcək və bunun üçün də burada xüsusi hazırlıq işləri aparılır. Artıq "Star" emal zavodunda istehsal olunacaq nafta məhsulunu (kimya sənayesində istifadə olunan məhsul) daşımaq üçün "Petkim" şirkəti 3 dənə 73 min tonluq çən quraşdırıb. İşlər tam yekunlaşdıqdan sonra bu çənlər ləğv olunacaq. Bu günə qədər Türkiyədə nafta məhsulunu "Tüpraş" şirkəti istehsal edib. "Star" emal zavodunda ildə 1,7 mln. ton nafta məhsulu ilə bərabər ildə 6 mln. ton dizel yanacağı istehsal ediləcək. Əgər ehtiyac yaranarsa, bu zavodda benzin də istehsal ediləcək. Burada həmçinin qırıcı təyyarələr üçün yanacağın istehsal olunacağı gözlənilir.
Növbəti 7-8 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin energetika sektoruna 10 mlrd. dollar investisiya yatıracaq. Bu vəsait TANAP kəməri istisna olmaqla nəzərdə tutulub. TANAP-la birlikdə isə Azərbaycanın Türkiyənin energetika sahəsinə yatıracağı investisiyanın həcmi 17 mlrd. dollar təşkil edəcək. Bu günədək ARDNŞ Türkiyəyə 2 mlrd. dollar yatırım qoyub. Bundan başqa, şirkət "Petkim"ə 1,76 mlrd. dollar, Türkiyədə inşa olunan "STAR" neft emalı zavoduna isə 5-5,5 mlrd. dollar vəsait yatıracaq. Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakından formalaşır.