Hökumətdən alternativ enerji sahəsinə dəstək İqtisadiyyat

Hökumətdən alternativ enerji sahəsinə dəstək

Bu sahə ilə bağlı qurğu və avadanlıqlar gömrük rüsumları və əlavə dəyər vergisindən azad edildi

Tərlan

Nazirlər Kabineti "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" və "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" qərarlarında dəyişikliklər edib. Dəyişiklik Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatların 10 il müddətinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad edilməsi ilə bağlıdır.
Qərar 30 gün sonra qüvvəyə minəcək. Bu qurğuların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı da müəyyənləşib.
Siyahıya istilik nasosları üçün polietilen boru zondlar və U-tipli plastik zondların ucluqları, günəş panellərinin və LED lampaların istehsalı üçün şüşələr, kiçik su elektrik stansiyaları üçün borular və şlüz qapılar, külək enerjili elektrik qurğuları üçün qara metaldan nərdivan qoyulan meydança, metal konstruksiyalar, biokütlə qurğuları üçün qazqolder, resiver çənləri, günəş elektrik və günəş istilik stansiyaları üçün buxar generatorları, günəş elektrik, günəş istilik və geotermal stansiyalar üçün buxar turbinləri, gücü 10 000 kVt-dan çox olmayan hidravlik turbinlər və su təkərləri, onların hissələri, Günəş kollektorları, geotermal stansiyalar və biokütlə qurğuları üçün qızdırıcılar, peyin quruducuları, isitmə cihazları, kondensatorlar, bivalent boylerlər, günəş panellərinin və LED lampaların istehsalı üçün soyuducu radiatorlar, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorları, külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün güc, yağ, yüksəldici və ölçü transformatorları, Kiçik su elektrik stansiyaları, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları və istilik nasosları üçün cərəyan düzləndiriciləri və digər avadanlıqlar daxildir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda alternativ enerji istehsalına maraq artıb. Hətta artıq Biləsuvarda 6 məktəb və 6 uşaq bağçası özünü günəş enerjisi ilə təmin etməyə başlayıb. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi bu rayonda Cəbrayıldan olan qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeni layihələr həyata keçirib. Belə ki, Dövlət Agentliyi Biləsuvarda qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 6 məktəb və 6 uşaq bağçasının elektrik enerjisi və istilik enerjisi ilə təminatının alternativ enerji hesabına ödənilməsi layihəsini həyata keçirib. Bu məktəb və bağçalarda istilik və elektrik enerjisi öz hesabına - məktəb və bağçalarda quraşdırılmış günəş panelləri və istilik nasosları vasitəsi ilə ödəniləcək.
Günəş panellərin istehsalı üzrə Sumqayıtda "Azgüntex" müəssisəsi açılıb. Hazırda Agentlik tərəfindən Samux rayonunda aqro-enerji kompleksi yaradılır. Bu layihədə əsas məqsəd enerji baxımından tam müstəqil olan aqrar müəssisə və gələcəkdə onun ətrafında yaşayış məntəqəsinin yaradılmasıdır. Layihənin icrasına dövlət tərəfindən təxminən 10 mln. manat həcmində vəsait ayrılıb.
Hazırda Azərbaycanda ümumi enerji balansında alternativ enerjinin xüsusi çəkisi 2% təşkil edir. Lakin pay üzrə rəqəm indi böyük rol oynamır. Bəzi ölkələrdə bu göstərici 10-12%-ə çatdırılıb və bu, əsasən yüksək tariflərin cəlbediciliyinə görə bu sahədə özəl sektorun fəallığı ilə bağlı olub. Lakin sonradan bu ölkələr tarifləri aşağı salmağa məcbur olub və nəticədə, bu sahəyə investisiya axını kəskin azalır ki, bu da sahəyə ümumi mənfi təsir edir.
Azərbaycan hökuməti bu sahənin inkişafına daha əsaslı yanaşır və dövlətin maliyyə dəstəyi hazırda aparıcı rol oynayır. Yaxın gələcəkdə Azərbaycanda alternativ enerjinin siması dəyişəcək. Məsələn, yaxın gələcəkdə Azərbaycanda elektrik enerji ilə işləyən avtomobilləri də görmək mümkün olacaq və Agentlik bu sahədə mümkün qədər əlverişli şərait yaradacaq.
2010-2013-cü illər ərzində Azərbaycanda alternativ enerji sahəsinə təxminən 500 mln. ABŞ dolları həcmində investisiya yönəldilib. Agentliyin prioritet layihələri sırasında hər evin xüsusi qurğular vasitəsi ilə bərpa olunan enerji istehsalını nəzərdə tutan "1000 ev - 1000 elektrik stansiya" adlı layihəsini, müxtəlif regionlarda ictimai obyektlərin və yolların alternativ enerji ilə təmin edilməsini, kiçik su elektrik stansiyalarının tikintisi layihələrini qeyd etmək olar. Azərbaycanda alternativ enerjinin inkişafının əsas məqsədi mövcud şəraiti və iqlimi nəzərə alaraq alternativ enerjinin ölkənin bütün regionlarını əhatə etməsidir.
Bu ilin mayından istehsala başlayan Qobustan hibrid elektrik stansiyasında 1 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal olunaraq "Azərenerji" ASC-yə təhvil verilib. Hazırda Azərbaycanın 10 rayonunda hər birinin gücü 30 MVt olan alternativ elektrik stansiyalarının qurulması üçün texniki əsaslandırma işləri aparılır. Onun sözlərinə görə, hər bir rayonun texniki şəraitinə əsaslanan stansiyalar qurulacaq. 2015-ci ilə qədər Qobustan rayonu ümumi elektrik şəbəkəsindən tam ayrılacaq və özü-özünü yalnız alternativ enerji ilə təmin edəcək. Agentliyin əsas hədəfi Avropa Birliyinin tələblərinə uyğun olaraq 2020-ci ildə Azərbaycanda bərpa olunan enerjinin həcmini 20%-ə çatdırmaqdır. Tarif siyasəti isə dövlətin subsidiyalarına əsaslanacaq. İnvestisiyalar stimullaşdırılacaq və bunun üçün istehsalçı şirkətlərə müəyyən güzəştlərin verilməsi də nəzərdə tutulub.
2020-ci ildə Azərbaycanda istehsal olunacaq ümumi enerjinin 20%-nin alternativ enerjinin payına düşəcəyi gözlənilir. Ölkədə alternativ enerji sektorunun inkişaf etdirilməsi məqsədi ilə Yüksək Texnologiyalar Parkı yaradılır. Burada yüksək texnologiyalarla təchiz olunacaq 15 zavod fəaliyyət göstərəcək. Parkda LED lampaları, şüşə, kiçik turbin və alternativ enerji sahəsində istifadə olunacaq lazımi məhsullar istehsal olunacaq. Azərbaycanda 2020-ci ilədək nəzərdə tutulmuş alternativ enerji mənbələrinin inkişafı strategiyasının tətbiqinə 2013-cü ildə başlanıb. Hazırda bu strategiyanın strukturu, əsasnaməsi, onun Avropa standartlarına uyğunlaşdırılması istiqamətində işlər həyata keçirilir. Strategiya çərçivəsində Sumqayıt, Qobustan, Şəki və Samuxda alternativ enerji mənbələrindən istifadə sahəsinə dair müvafiq işlər aparılır.