ADB Azərbaycanın inflyasiya proqnozunu dəyişməyib İqtisadiyyat

ADB Azərbaycanın inflyasiya proqnozunu dəyişməyib

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın inflyasiya proqnozunu dəyişməz saxlayıb.

“APA-Economics” bu barədə ADB-yə istinadən xəbər verir. Məlumata görə, ADB 2025-ci il üzrə ölkədə inflyasiyanı yenidən 4,2%, 2026-cı il üzrə isə 3,5% proqnozlaşdırıb.

ADB-nin hesabatına görə, 2025-ci ilin birinci yarısında Azərbaycanda inflyasiya sürətlənib. Buna idxal qiymətlərinin artması və 2024-cü ilin ortaları ilə 2025-ci ilin əvvəlində həyata keçirilən inzibati qiymət tənzimləmələri təsir göstərib.

Rəqəmlərə əsasən, orta illik inflyasiya ötən ilin eyni dövründəki 0,7 faizdən bu ilin ilk yarısında 5,9 faizə yüksəlib. Qiymətlər qida məhsullarında 6,6 faiz, digər mallarda 2,7 faiz, xidmətlərdə isə 7,5 faiz artıb.

Bununla yanaşı, ADB bildirir ki, inzibati qiymət artımlarının təsiri zəiflədikcə ilin ikinci yarısında inflyasiyanın yavaşlaması gözlənilir.