

Uğur üçün özünü yenidən kəşf etməyə hazır olmalısan.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxış edən “Netflix”in həmtəsisçisi və ilk rəhbəri Mark Randolf deyib.
Onun sözlərinə görə, şirkətin qurulduğu ilk illərdə 5 milyon dollar gəlir əldə edilsə də, 50 milyon dollar zərər qeydə alınmışdı. Çıxış yolunu “Netflix” Blockbuster-lə əməkdaşlıqda görsə də, bu təklif rədd edilib: “Biz onlara 50 milyon dollara şirkəti almağı təklif etdik. Lakin Blockbuster bu imkanın dəyərini anlamadı və rəqabəti seçdi”.
Randolf bildirib ki, “Netflix” çətinlikləri işçi ixtisarları, xərclərin azaldılması və inadla davam etməklə dəf edib: “Sonda IPO etdik, Blockbuster-i gəlirlərdə geridə qoyduq və nəticədə həmin nəhəng şirkət müflis oldu”.
O, çıxışında uğurlu biznesin əsas dərsini belə ifadə edib: “Əgər öz uğurunu yenidən formalaşdırmağa və dəyişməyə hazır deyilsənsə, başqaları sənin biznesini pozmağa hazır olacaq”.