

DIN-in Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında qayda pozuntuları ilə bağlı müraciət edib.
Müraciətdə deyilir:
"Təəssüf ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ardıcıl hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə yol verməməlidirlər.
Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının minimuma salınması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş və hüquqsuz şəxslərə qətiyyən avtomibil etibar edilməməsi tədbirin təhlükəsiz başlaması və başa çatması üçün başlıca şərtdir.
Eyni zamanda, toy sahibləri də qonaqlarına nəqliyyatın təhlükəsiz idarə olunması barədə xatırlatmalar etməli, hər bir sürücü isə həm özünün, həm də digərlərinin həyatını riskə atan davranışlardan çəkinməlidir".