Zahid Oruc: ”Sahibkarlar “maliyyə icarəsi”nin imkanları barədə geniş məlumata malik olsa, plan işləyəcək” İqtisadiyyat

Zahid Oruc: ”Sahibkarlar “maliyyə icarəsi”nin imkanları barədə geniş məlumata malik olsa, plan işləyəcək”

Müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” qanun layihəsi ölkəmizdə maliyyə alətlərinin şaxələndirilməsi və real sektorun inkişafına töhvə vermək məqsədi daşıyır. Layihənin əsas mahiyyəti maliyyə icarəsi, yəni, lizinq fəaliyyətinin hüquqi çərçivəsini müəyyən etmək, şəffaflığı artırmaq və institusional nəzarət mexanizmlərini gücləndirməkdən ibarətdir. Sənəddə lizinq münasibətlərinin əsas elementləri-tərəflər, müqavilə formaları, ödəniş mexanizmləri, risq bölgüsü və nəzarət sistemi əhatəli tənzimlənir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Mili Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxşı zamanı deyib.

O, qeyd edib ki, qanunun qəbulu xüsusilə, kiçik və orta biznes subyektləri üçün alternativ maliyyə mənbələrinə əlçatanlığını artıracaq. Bildiyiniz kimi, bir çox sahibkarlar üçün bank kreditlərinə çıxış məhduddur. Maliyyə icarəsi ilkin böyük kapital qoyuluşu olmadan istehsal vasitələri əldə etməyə imkan verən çevik mexanizmdir:

"Ölkəmizdə maliyyə icarəsi fəaliyyəti müəyyən təcrübəyə malikdir-xüsusilə, kənd təsərrüfatı sektorunda geniş tətbiq olunur. Əsasən aqrotexnikanın, suvarma sistemlərinin və emal avadanlıqlarının fermerlərə verilməsi üçün qurulan bir mexanimzdir. Lakin lizinq xidməti ölkəmizdə yalnız dövlət dəstəyi ilə formalaşdı, fermerlər üçün texnika əldə etmək imkanı yaradıldı, ilkin ödənişlər aşağı səviyyədə müəyyən edildi, ödəniş müddətləri isə uzunmüddətli olaraq tənzimləndi. Bəzi hallarda dövlət subsidiyaları vasitəsilə lizinq ödənişlərinin bir hissəsi kompensasiya olunurdu ki, fermerlərin maliyyə yükü azalsın".

Deputatın fikrincə, nəticədə, kənd təsərrüfatına texniki təminat, mexanikləşmə və istehsal artdı. Lakin təkcə dövlət yardımı kifayət deyil, özəl lizinq şirkətlərinin payı ölkəmizdə aşağıdır və bazarda rəqabət mühiti arzu olunan səviyyəyə çatmayıb:

"İkincisi, lizinq əməliyyatları əsasən kənd təsərrüfatı texnikası ilə məhdudlaşır. Halbuki beynəlxalq təcrübədə lizinq sənaye avadanlıqları, logistika, tikinti, tibb, texnologiya və xidmət sektorlarında da geniş tətbiq olunur. Ölkəmizdə lizinqin sektorlar üzrə bölgüsünün artmasına ehtiyac var.

Üçüncüsü, lizinq xidmətlərinə çıxış imkanları bütün sahibkarlar üçün bərabər deyil. Xüsusilə, kiçik fermerlər və mikro sahibkarlar prosedurların mürəkkəbliyi, məlumat çatışmazlığı və bəzən təminat tələblərinin çətinliklər yaratdığını qyed edirlər.

Dördüncüsü, lizinq müqavilələri üzrə maarifləndirməyə ehtiyac var. Çünki sahibkarlar lizinqin üstünlükləri, riskləri və hüquqi nəticələri barədə tam məlumatlı olmurlar".

Z.Oruc onu da vurğulayıb ki, beynəlxalq təcrübədə müxtəlif modellərin mövcudluğunu görürük. İnkişaf etmiş ölkələrdə lizinq bazarı investisiyaların mühüm hissəsini təşkil edir:

"Məsələn, Avropa ölkələrində müəssisələrin əsas vəsaitlərə yatırdığı investisiyaların əhəmiyyətli hissəsi məhz lizinq vasitəsilə maliyyələşdirilir. Gürcüstanda lizinq fəaliyyəti daha çox bazar iqtisadiyyatı prinsipləri əsasında və bank sektoruna inteqrasiya olunmuş şəkildə inkişaf edir. Burada lizinq şirkətlərinin mühüm hissəsi kommersiya banklarının törəmə qurumları kimi fəaliyyət göstərir. Nəticədə, lizinq xidmətləri digər maliyyə məhsulları ilə birlikdə təqdim olunur-yəni, istehsal avadanlıqları, nəqliyyat vasitələri, tikinti texnikası və digər əsas vəsaitlər lizinq yolu ilə maliyyələşdirilir. Eyni zamanda, beynəlxalq maliyyə institutlarından əlavə maliyyə resursları cəlb olunur. Lakin Gürcüstanda da lizinq bazarının ÜDM-də payı yüksək deyil. Ona görə də layihənin daha da təkmilləşdirilməsi üçün bir neçə təklifimi diqqətinizə çatdırmaq istərdim.

İlk növbədə, lizinq əməliyyatları üzrə vergi təşviqlərinə ehtiyac var. Əks halda, özəl sektoru sahəyə cəlb etmək çətin olacaq.

İkincisi, mikro və kiçik sahibkarlar üçün sadələşdirilmiş lizinq mexanizmlərinin yaradılması vacibdir. Xüsusilə, regionlarda fəaliyyət göstərən sahibkarların istifadəsi üçün prosedurlar daha əlçatan olmasına ehtiyac var.

Üçüncüsü, rəqəmsal lizinq platformalarının yaradılması və elektron müqavilə mexanizmlərinin genişləndirilməsi gələcək inkişaf üçün vacibdir.

Dördüncüsü, istehlakçı hüquqlarının qorunması mexanizmləri gücləndirilməsi vacibdir. Müqavilə şərtlərinin sadə və aydın təqdim olunması, risklərin əvvəlcədən izah edilməsi mühüm əhəmiyyət kəsb edir.

Beşinci olaraq, lizinq bazarının inkişafı üçün zəmanət fondları, risk paylaşma mexanizmləri və dövlət-özəl tərəfdaşlığı alətləri nəzərdən keçirilə bilər.

Nəhayət, maarifləndirmə tədbirlərinin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Sahibkarlar lizinqin imkanları barədə daha geniş məlumata malik olsa, plan işləyəcək.

Ümumilikdə təqdim olunan qanun layihəsi maliyyə sektorunun inkişafı, investisiya mühitinin yaxşılaşdırılması və iqtisadi artımın stimullaşdırılması baxımından mühüm addımdır".