“Tərəflərin bir-birindən istədiyi qeyri-mümkün görünür” Gündəm

“Tərəflərin bir-birindən istədiyi qeyri-mümkün görünür”

“ABŞ İranla yenidən danışıqlar masasına əyləşmək və atəşkəs rejimini uzatmaq niyyətindədir. Lakin burada İranın təkliflərinin nədən ibarət olacağından çox şey asılıdır. İran danışıqlardan həm də ona görə imtina edir ki, ABŞ dəniz blokadasından imtina etsin. Lakin ABŞ üçün hazırda İrana qarşı yeganə təsir imkanı məhz dəniz blokadasıdır. ABŞ müharibə yolu ilə və ya hava zərbələri ilə nəticə əldə edə bilmədi və bu kontesktdə İranın Hörmüz boğazını açmasının yeganə yolu kimi məhz dəniz blokadasının qurulmasında görürlər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

A.Nərimanlı əlavə edib ki, ABŞ hesab edir ki, zamanla İran hakimiyyəti daha da mühasirəyə alınacaq və iqtisadi imkanlarını itirdikcə ABŞ şərtlərini qəbul etməyə məcbur olacaq: “İran isə çalışır ki, ABŞ bu dəniz blokadasından imtina etsin. Yəni İran bir növ ABŞ-nin əsas riçağından imtina etməsini istəyir. ABŞ buna yalnız o halda razı olar kİ, İran Hörmüz boğazı məsələsindən geri addım atsın və burada belə görünür ki, İran üçün də ABŞ-yə qarşı yeganə təsir riçağı məhz Hörmüz boğazının blokadaya alınmasıdır. Yəni bu məsələyə baxdıqda tərəflərin bir-birindən istədiyi qeyri-mümkün görünür. Hər iki tərəf bir-birindən əsas təsir riçağından imtina etməsini istəyir ki, bu kontekstdə razılaşma ehtimalı zəif görünür”.

Politoloq hesab edir ki, İran tərəfinin bundan sonrakı dövrdə ABŞ üçün məqbul ola biləcək təklif hazırlayacağı ehtimalı zəifdir: “Xüsusən nəzərə almaq lazımdır ki, İranda artıq siyasi qanad demək olar ki, arxa plana keçib, yəni SEPAH açıq müstəvidə diplomatik danışıqları da ələ keçirib. Bu, artıq bəllidir. SEPAH-ın da əvvəldən əsas məqsədi Hörmüz boğazında İranın suverenlik prinsipinin tanınması və orada İranın nəzarətinin beynəlxalq müstəvidə tanınmasıdır. SEPAH bundan geri addım atmaq niyyətində deyil. Bu baxımdan İranın ABŞ-yə verə biləcəyi təkliflərdə düşünürəm ki, Hörmüz boğazı ilə bağlı ABŞ üçün qəbul olunacaq, məqbul ola biləcək variant ehtimalı zəif görünür. Digər tərəfdən də İran Hörmüz boğazının bağlanması riçağından da imtina etməyəcək”.

O eləcə də söyləyib ki, ABŞ də İrana nə verməsindən asılı olmayaraq hazırda onun əsas təsir riçağı olan dəniz blokadasından imtina etməsi ehtimalı zəifdir: “Yəni bu kontekstdə baxdıqda düşünürəm ki, tərəflərin razılaşma ehtimalı azdır, amma istisna deyil ki, tərəflər masaya qayıdıb atəşkəs rejimini müəyyən müddətə uzadılması ilə bağlı razılığa gələ bilərlər və təbii ki, bu razılığa həm də danışıqların davam etdirilməsi daxildir. Çünki hazırda hər iki tərəf üçün müharibənin yenidən başlanması heç də sərfəli deyil. Ona görə də istisna etmirəm ki, tərəflər masaya qayıdacaq, atəşkəs rejiminin uzadılması və danışıqların davam etdirilməsi razılığını əldə edə bilərlər”.

Röya İsrafilova