ABŞ Cənubi Koreyaya kəşfiyyat məlumatlarını məhdudlaşdırdı Dünya

ABŞ Cənubi Koreyaya kəşfiyyat məlumatlarını məhdudlaşdırdı

ABŞ Şimali Koreyanın nüvə obyektləri, o cümlədən onun nüvə infrastrukturu ilə bağlı kəşfiyyat məlumatlarının bir hissəsinin Cənubi Koreyaya ötürülməsini məhdudlaşdırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bu qərar Koreya Respublikasının birləşmə naziri Çon Don Yonun parlamentdə Kusun rayonundakı ehtimal edilən uran zənginləşdirmə obyekti barədə məlumatı açıqlaması ilə bağlıdır. Bu addım Vaşinqtonun narazılığına səbəb olub.

Bildirilir ki, məhdudiyyətlər xüsusilə Şimali Koreyanın nüvə obyektləri, o cümlədən əvvəllər Yonbyon və Kansonqla yanaşı, uran zənginləşdirmə obyekti üçün mümkün məkan kimi nəzərdən keçirilən Kusun rayonu haqqında peyk kəşfiyyatı məlumatlarına toxunub.

Cənubi Koreya silahlı qüvvələrindən bildirilib ki, operativ hazırlığa zərər dəyməyib, lakin Seulda Pxenyanın nüvə fəaliyyətini izləmə imkanlarının potensial azalmasından narahatlıq ifadə olunub.

Mənbələrin bildirdiyinə görə, ABŞ tərəfi hesab edir ki, məlumatın açıqlanması Amerika kəşfiyyatının məlumatlarına əsaslana bilərdi. Eyni zamanda, Cənubi Koreyanın Birləşmə Nazirliyi söhbətin açıq mənbələrdən getdiyini bəyan edib.

Məhdudiyyətə baxmayaraq, tərəflər təhlükəsizlik sahəsində, xüsusilə KXDR-in son raket sınaqları fonunda koordinasiyanı davam etdirirlər. Paralel olaraq Cənubi Koreya Şimalın hərbi fəaliyyətini monitorinq etmək üçün öz kəşfiyyat peyklərinin hazırlanmasını sürətləndirir.

Məryəm Quliyeva