“ABŞ tərəfindən yaxın günlərdə yeni təkliflər irəli sürüləcək” Gündəm

“ABŞ tərəfindən yaxın günlərdə yeni təkliflər irəli sürüləcək”

“İran tərəfindən ABŞ-yə göndərilən yeni təkliflər gözlənilən idi. Təsəvvür edin ki, aprelin 22-də tərəflər arasında əldə olunan atəşkəs razılaşmasının müddəti bitib və hansı vaxta qədər uzadıldığı barədə heç bir məlumat yoxdur. Hesab edirəm ki, bunun fonunda İran tərəfi bu atəşkəs razılaşmasından sonra qeyri-müəyyən müddətə uzadılan vaxtın daha da uzadılması üçün bu cür təkliflər göndərir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya başqanının müavini, siyasi şərhçi Cavanşir Abbaslı deyib.

O qeyd edib ki, fərqindədirlər ki, bu təkliflərin bir neçə gün müzakirəyə ehtiyacı yaranacaq: “Eləcə də Amerika tərəfindən də yaxın günlərdə yeni təkliflər irəli sürüləcək. Hesab edirəm ki, indiki şəraitdə Amerika tərəfindən İranın heç bir təklifinin qəbul ediləcəyi real görünmür. Ancaq tərəflər arasında danışıqlar prosesi çərçivəsində ortaq bir məxrəcə gəldikdən sonra bir-birlərinin hansısa bir təklifini qəbul etmək məsələsi mümkündür. Düşünürəm ki, son olaraq Trampla Vensin iştirak etdiyi tədbirdə yaşanan insidentin fonunda İran məsələsi bir neçə gün müddətinə arxa plana keçdi. Baş verən məlum hadisə cənub qonşumuzun birbaşa əlinə işlədi”.

C.Abbaslının sözlərinə görə, Amerikanın da öz növbəsində yeni təkliflər göndərəcəyinin şahidi ola bilərik: “İstənilən halda İran tərəfinin təklifinin qəbul edilməsi Amerikanın tamamilə darmadağın olması anlamına gələ bilər. Amerika tərəfi isə dünyadakı əsas super güc olmaq rolunu heç zaman itirmək istəməz. İran tərəfinin təklifləri Amerika tərəfindən qəbul edilərsə, bu həm də kapitulasiya sənədinə qol çəkmək anlamına gələ bilər. Bunun fonunda istər indiki təkliflər, istərsə də indiyə qədər olan təkliflər, istərsə də bundan sonra ediləcək təkliflər Amerika tərəfindən qəbul edilməyəcək. Bu reallıq ümumiyyətlə görünmür. Amerikanın təklifləri də İran tərəfindən qəbul ediləcəkmi, bu isə bir az mübahisəli məsələdir. İran tərəfi ola bilər ki, müəyyən şərtləri qəbul etsin, amma əsas şərtlər daxil olmaqla bütövlükdə Birləşmiş Ştatların şərtlərini qəbul etməz. Hazırda çox qeyri-müəyyənlik yaranıb. Hesab edirəm ki, bu, bir müddət davam edəcək”.

Röya İsrafilova