
Medvedev yenidən dünyanı hədələyib
Rusiya yenidən dünyanı Ukrayna ilə müharibəsində nüvə silahından istifadə edəcəyi ilə hədələyib. Ötən gün Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib ki, Rusiya milli təhlükəsizliyini təmin etmək üçün nüvə silahı da daxil olmaqla, malik olduğu bütün vasitələrdən istifadə etmək hüququna malikdir.
Medvedev bildirib ki, hazırda münaqişə zamanı Rusiyanın nüvə silahından istifadə etməsinə ehtiyac yaranmayıb. Onun iddiasına görə, buna baxmayaraq, Kiyev və Qərb ölkələri artıq belə bir addımın atılması üçün formal əsaslar yaradıblar. “Fəlakətlərə səbəb olan qeyri-nüvə vasitələrindən kütləvi istifadə Rusiyanın qabaqlayıcı nüvə zərbəsi endirməsini mümkün edir. Qərbin Ukraynaya nüvə silahını gizli və ya məxfi şəkildə tədarük etməsi Rusiyanın qanuni qabaqlayıcı nüvə zərbəsinə səbəb olacaq”, – deyə Təhlükəsizlik Şurası sədrinin müavini vurğulayıb.
O, həmçinin Rusiyanın nüvə silahından istifadə şərtlərinin və bunun hüquqi əsaslarının dəqiq müəyyən edildiyini qeyd edib.
“Yuxarıda təsvir edilən ssenarilər reallaşarsa, dövlət başçısı nüvə silahından istifadə etmək hüququna malik olmaqla yanaşı, buna borcludur”, – Medvedev bildirib.
O əlavə edib ki, Kiyev və onun Qərbdəki himayədarları təhlükəli illüziyalara qapılmamalıdırlar.
Medvedevin bəyanatına münasibət bildirən Politrus.com analitik informasiya portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov qəzetimizə açıqlamasında deyib: "Rusiya liderinin Şençjendə keçirilən üçtərəfli görüşdəki bəyanatına diqqət çəkmək istərdim; həmin görüşdə Vladimir Putin nüvə risklərinin azaldılması və nüvə silahının yayılmamasının qarşısının alınması zərurəti barədə ÇXR və ABŞ-dən olan həmkarlarını dəstəkləmişdi. Həmçinin Yekun Bəyannamədə nüvə müharibəsində qalib ola bilməyəcəyinin və bu müharibənin başlanmamalı olduğunun xüsusi qeyd edilməsi faktına da diqqət yönəldirəm. Eyni zamanda, Vladimir Putin dəfələrlə vurğulayıb ki, Rusiya öz ərazisinə edilən qəsdlərə cavab olaraq sonuncu tədbir kimi nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. Son zamanlar Avropa ölkələrinin məsuliyyətsiz siyasətçiləri tərəfindən "böyük" Rusiyanın Kalininqrad vilayəti ilə quru, su və hava əlaqəsindən tamamilə məhrum edilməsinə, hətta bölgə ərazisinə NATO ölkələrinin işğalçı qoşunlarının yeridilməsinə çağıran təxribatçı bəyanatlar getdikcə daha tez-tez səslənir. Vladimir Putinin xəbərdarlıqları Rusiyanın qonşularını qorxutmaq məqsədilə deyil, məhz bu cür aqressiv hücumlara cavab olaraq "qızğın başları" soyutmaq məqsədilə səsləndirilir. İnanmaq istərdik ki, həm NATO ölkələrinin (ilk növbədə Almaniya və Baltikyanı respublikaların) rəhbərliyi, həm də yerli ictimaiyyət bu cür təxribatların real təhlükəsini dərk edir və buna görə də təhlükəsizliyə təhdid yaradan öz təxribatçıları ilə bağlı məsələni özləri həll edəcəklər".
Ukraynalı hərbi ekspert İvan Stupak deyib ki, nüvə silahı haqqında Medvedev yalnız adi bir vətəndaş kimi danışa bilər.Onun Strateji Təyinatlı Raket Qoşunlarına (STRQ) qətiyyən heç bir təsiri yoxdur: "Putin tətbiq edə bilər, lakin belə bir zərbənin effektivliyi böyük şübhə doğurur. Üstəlik, Si Cinpin Tramp və Putinlə görüşü zamanı nüvə silahını tamamilə məhv etməyə çağırıb. O, həmçinin üç böyük dövləti nüvə münaqişəsindən qaçmaq, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NSYM) riayət etmək və qlobal strateji tarazlığı təmin etmək üçün lazım olan hər şeyi etməyə çağırıb. Buna görə də Rusiya Federasiyası Çinin sözlərinə qulaq asacaq".
Politoloq Əfəndi İbrahimli isə deyib ki, müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların dərinləşməsi, böyük dövlətlər arasında etimad mühitinin zəifləməsi və hərbi-siyasi rəqabətin yeni mərhələyə qədəm qoyması dünya təhlükəsizliyi üçün ciddi çağırışlar formalaşdırır. Xüsusilə Rusiya ilə Qərb arasında Ukrayna müharibəsi fonunda kəskinləşən münasibətlər artıq regional münaqişə çərçivəsini aşaraq qlobal təhlükəsizlik məsələsinə çevrilib.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, ölkənin sabiq prezidenti Dmitri Medvedevin noyabrın 23-də səsləndirdiyi son fikirlər də bu gərginliyin növbəti təzahürüdür. Medvedev bəyan edib ki, Rusiya milli təhlükəsizliyinə qarşı müəyyən təhdidlər yarandığı təqdirdə nüvə silahından istifadə etmək hüququna, hətta bəzi hallarda buna borclu olduğuna inanır. O, xüsusilə Ukraynaya Qərb dövlətləri tərəfindən nüvə silahının gizli və ya açıq şəkildə ötürülməsinin Moskvanın qabaqlayıcı nüvə zərbəsi qərarı verməsinə səbəb ola biləcəyini vurğulayıb: "Medvedevin fikirlərində diqqət çəkən digər məqam isə belə bir qərarın qəbulunda Rusiya Prezidenti Vladimir Putinin həlledici roluna işarə edilməsidir. Bununla yanaşı, o, hazırkı mərhələdə Ukraynadakı münaqişə ilə əlaqədar nüvə silahından istifadəyə birbaşa zərurət yaranmadığını da bildirib.
Əslində, bu açıqlamanı yalnız növbəti siyasi bəyanat kimi qiymətləndirmək düzgün olmazdı. Burada Moskvanın Qərbə ünvanladığı strateji xəbərdarlıq, hərbi çəkindirmə siyasəti və beynəlxalq münasibətlərdə mövqelərini qorumaq cəhdi müşahidə olunur.
Digər tərəfdən, nüvə silahı ilə bağlı ritorikanın intensivləşməsi beynəlxalq təhlükəsizlik sisteminin nə qədər həssas vəziyyətə gəldiyini göstərir. Çünki nüvə silahı adi hərbi-siyasi təzyiq vasitəsi deyil. Onun tətbiqi yalnız münaqişə tərəfləri üçün deyil, bütövlükdə bəşəriyyət üçün geri dönməz nəticələr doğura bilər".
Ə.İbrahimli deyib ki, bu kontekstdə ABŞ və Avropa dövlətlərinin Ukraynaya hərbi dəstək siyasəti, NATO-nun təhlükəsizlik strategiyası və Rusiyanın öz nüvə doktrinasına verdiyi yeni siyasi-hüquqi şərhlər beynəlxalq münasibətlərin gələcək istiqamətini müəyyənləşdirən əsas amillərdəndir.
Unutmaq olmaz ki, böyük dövlətlər arasında nüfuz və güc mübarizəsinin əsas hədəfi bəzən yalnız hərbi üstünlük deyil, həm də qarşı tərəfin siyasi qərarlarına təsir göstərməkdir. Nüvə təhdidləri isə bu təsir mexanizminin ən təhlükəli formalarından biridir: "Azərbaycan kimi mürəkkəb geosiyasi məkanda yerləşən dövlətlər üçün də bu proseslər xüsusi əhəmiyyət daşıyır. Çünki beynəlxalq sistemdə sabitliyin pozulması, böyük güclər arasında qarşıdurmanın genişlənməsi və yeni təhlükəsizlik risklərinin meydana çıxması regionumuzun siyasi-iqtisadi mühitinə də təsirsiz ötüşmür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik və çoxvektorlu xarici siyasətin əhəmiyyəti də məhz belə mürəkkəb beynəlxalq şəraitdə daha aydın görünür. Müasir dövrdə milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və bütün tərəflərlə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi strateji zərurətdir.
Dünya bir daha tarixi bir həqiqətlə üz-üzədir: siyasi ambisiyalar və geosiyasi rəqabət bəşəriyyətin gələcəyini təhlükə altına qoymamalıdır. Dövlətlərin gücü yalnız hərbi potensialı ilə deyil, həm də məsuliyyətli qərarlar qəbul etmək, sülhü qorumaq və beynəlxalq təhlükəsizliyə töhfə vermək bacarığı ilə ölçülməlidir.
Çünki nüvə müharibəsində qalib tərəf olmayacaq. Belə bir qarşıdurmanın nəticəsi yalnız dövlətlərin deyil, bütöv bir sivilizasiyanın gələcəyini sual altına qoya bilər".
Rusiya nüvə silahından nə vaxt istifadə edəcək?
Rusiya mətbuatı yazır ki, Medvedev öz məqaləsində 19 noyabr 2024-cü ildə Vladimir Putin tərəfindən təsdiqlənmiş Rusiya nüvə doktrinasının yenilənmiş redaksiyasına istinad edib.
Sənəd Rusiyanın nüvə silahından istifadəsinə yol verdiyi bir neçə şərti nəzərdə tutur; bunların sırasında Rusiya Federasiyası və ya onun müttəfiqləri istiqamətində ballistik raketlərin buraxılması barədə etibarlı məlumatın əldə edilməsi, düşmən tərəfindən kütləvi qırğın silahlarının tətbiqi, eləcə də Rusiya nüvə qüvvələrinin cavab tədbirlərini poza biləcək kritik əhəmiyyətli dövlət və hərbi obyektlərə zərbələr endirilməsi yer alır.
Bundan əlavə, doktrina Rusiya və ya Belarusa qarşı adi silahlarla suverenlik və ya ərazi bütövlüyünə kritik təhlükə yaradan təcavüz zamanı nüvə silahından istifadəyə icazə verir.
Ayrıca bəndlə hava-kosmik hücum vasitələrinin, o cümlədən strateji və taktiki aviasiyanın, qanadlı və hipersəs raketlərinin, eləcə də pilotsuz uçuş aparatlarının kütləvi buraxılışı və Rusiya sərhədini keçməsi barədə etibarlı məlumatın alınması nəzərdə tutulub.
Yenilənmiş doktrina həmçinin müəyyən edir ki, qeyri-nüvə dövlətinin nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə həyata keçirdiyi təcavüz Moskva tərəfindən onların birgə hücumu kimi qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, oktyabr ayında Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Dmitri Polyanski Kalininqrad vilayətinin blokadası cəhdinə nüvə cavabı verilməsi ehtimalını bəyan edib. Diplomat vurğulayıb ki, Moskva NATO-nun Rusiya regionu yaxınlığındakı fəaliyyətini təhlükəsizliyə təhdid kimi dəyərləndirir və Rusiya nüvə doktrinasının müddəalarını xatırladıb. Onun bəyanatını TASS dərc edib.
Cavid