“Enerji və nəqliyyat layihələrinin önəmi artacaq” İqtisadiyyat

“Enerji və nəqliyyat layihələrinin önəmi artacaq”

Yaxın gələcəkdə Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığının daha da genişlənəcəyinin, təkcə neft-qaz sahəsində deyil, digər istiqamətlərdə də ortaq layihələrin həyata keçirilməsinin şahidi olacağıq. Xəzərin hüquqi statusuna dair Konvensiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək.
Milli Məclisin deputatı Şahin İsmayılov belə deyib.
Şahin İsmayılov qeyd edib ki, avqustun 12-də tarixi hadisənin şahidi olduq. Artıq 1996-cı ildə başlanan danışıqlar öz məntiqi nəticəsini tapdı və Xəzərin hüquqi statusu müəyyənləşdi. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin əhəmiyyətini bir neçə istiqamət üzrə dəyərləndirmək olar. Birincisi, Xəzəryanı ölkələrin uzun müddət apardıqları danışıqlar zamanı ortaya çıxan müəyyən ziddiyyətlər aradan qalxdı. Xəzəryanı ölkələr Xəzərin statusu ilə bağlı yekun bir qərara gəldilər. Bu, tarixi və siyasi hadisədir. İkincisi, artıq Xəzəryanı ölkələrin daha geniş şəkildə ortaq layihələr həyata keçirməsi asanlaşacaq. Bilirsiniz, müəyyən ziddiyyətli məsələlər mövcud idi. Bu məsələlərdə Xəzəryanı ölkələr razılığa gəldilər. Bir sıra yataqların birgə işlənməsi ilə bağlı perspektiv layihələrin şahidi olacağıq.
Milli Məclisin deputatı deyib: "Üçüncüsü, Xəzərə daha böyük investisiyaların cəlb olunmasını müşahidə edəcəyik. Bu investisiyalar həm neft-qaz yataqlarının birgə işlənməsi sahəsində, həm də Xəzərin turizm və nəqliyyat imkanlarından daha geniş şəkildə istifadə olunmasına gətirib çıxaracaq. Xəzərin olduqca böyük turizm və nəqliyyat imkanları var. Ona görə dövlət başçılarının imzaladığı sənəd Xəzərin bu imkanlarından gələcəkdə daha geniş istifadə olunmasına şərait yaradacaq".
Şahin İsmayılov bildirib ki, dördüncü istiqamət kimi Xəzəryanı dövlət başçılarının imzaladığı bu sənəddə qarşılıqlı etimadın, inamın, güvənin şahidi olduq. Bu gün Xəzəryanı ölkələrin dövlət başçıları arasında kifayət qədər yaxşı münasibətlər mövcuddur, həm də xalqlarımız arasında tarixi bağlılıq var. Bu, xalqlarımızın daha da yaxınlaşmasına gətirib çıxaracaq. Ümumilikdə, bu tarixi sənədin imzalanması əməkdaşlıq üçün geniş perspektivlər açır.
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli isə qeyd edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın ən önəmli cəhətlərindən biri, sənəddə 5 sayilyanı dövlətin qarşılıqlı olaraq bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, dövlətlərin suveren bərabərliyinə hörmətlə yanaşmalarının, güc işlətməyin və güclə təhdid etməyin yolverilməz olmasının, əməkdaşlığın, qarşılıqlı hörmətin, bir birinin daxili işlərinə qarşışmamağın əsas müddəalardan biri kimi və həm də bütün prinsiplərdən öndə yer almasıdır: "Bu amil Konvensiyanın önəmini daha da artırır. Digər tərəfdən Xəzərin hüquqi statusu haqqında Konvensiya dövlətlərin ərazi bütövlüyünün toxunulmazılığı prinsipinin alternativsiz olaraq yer aldığı beynəlxalq hüquqi statusu olan sənəd kimi olduqca mühüm və bəlkə də tarixi əhəmiyyətə malikdir.
Konvensiyanın imzalanmasından narahatlıq keçirən qüvvələr əsasən Xəzərdə sahilyanı dövlətlərdən başqa digər xarici ölkələrin hərbi mövcudluğuna yol verilməməsi məsələsini qabardırlar. Bu yanaşmanın geostrateji maraqlardan qaynaqlandığı isə şübhəsizdir. Nəticə etibarilə Xəzər dənizinin sahilyanı dövlətlərə məxsus olmayan hərbi kontingentə qapalı elan edilməsi Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın hərbi doktrinasından və konstitusiya qanunlarından qaynaqlanan amildir və mübahisəsiz olaraq sahilyanı dövlətlərin maraqlarını ifadə edir".
Elçin Mirzəbəyli bildirib ki, Konvensiya heç bir sahilyanı dövlətin Xəzər dənizində hərbi üstünlüyünə imkan vermir və stabil hərbi balansın qirunub saxlanılmasını vacib şərt kimi irəli sürür: "Xəzərin yalnız dinc məqsədlər üçün istifadə olunması, sülh, yaxın qonşuluq, dostluq və əməkdaşlıq dənizinə çevrilməsinin ön şərt kimi irəli sürülməsi də vacib şərtlərdən biridir.
Konvensiyada Xəzər dənizində yalnız sahilyanı dövlətlərin bayraqları olan gəmilərin üzməsinə və keçməsinə icazə verilməsi də hövzə ölkələrinin iqtisadi maraqlarına xidmət edir və bu da öz növbəsində sahilyanı dövlətlərin yük daşınmalarında üstünlük əldə etmələrinə imkan yaradır. Nəzərə alsaq ki, Xəzər dənizində regionun əm böyük və müasir limanı Azərbaycana məxsusdur, həmçinin ölkəmiz nəqliyyat dəhlizlərinin diversifikasiyasında önəmli layihələrə imza atıb, bu, Azərbaycanda nəqliyyat infrastrukturfunun, o cümlədən gəmiçiliyin daha da inkişafı mühüm əhəmiyyətə malikdir.
Konvenisyanın daha bir önəmli cəhətlərindən biri sənədin sahilyanı dövlətlərə mübahisəsiz olaraq Xəzər dənizinin təki ilə sualtı kabel və boru kəmərlərinin çəkilməsinə imkan verməsidir. Bununla bağlı müddəalar kifayət qədər dəqiq ifadə olunub. Məsələn, Komvensiyada qeyd olunur ki, tərəflər Xəzərin təki ilə sualtı magistral kəmərlər çəkə bilərlər. Bu halda onlar həyata keçirdikləri layihələrin beynəlxalq müqavilələrdə yer alan ekoloji tələb və standartlara uyğun olmasını təmin etməlidirlər. Sualtı kabel və magistral biru kəməri layihələri yalnız Xəzərin təkində bu və ya digər ölkəyə məxsus sektordan keçdiyi halda məhz həmin dövlətlə razilaşdırılmalıdır. Bu isə o deməkdir ki, Türkmənistandan Azərbaycana qaz boru kəməri çəkiləcəksə, bunun üçün İranın, Qazaxıstanın, yaxud Rusiyanın razılığını almağa ehtiyac yoxdur. Bu olduqca vacib məqamdır və Xəzərin təki ilə magistral boru kəmərlərinin çəkilməsi müstəvisində bütün manipulyasiyalara son qoyulmasına imkan yaradır. Magistral boru kəmərlərinin çəkilməsi ilə bağlı Konvensiyada yer alan tələblər, yalnız Xəzərin flora və faunasının, ekologiyasının qorunması ilə bağlıdır ki, bu da sənədin siyasi mülahizə və iddialara deyil, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını ortaya qoyur.
Müsakirələr üçün 22 illik bir zaman kəsiyi sərf olunsa da, əldə olunan nəticə özünü doğruldur. Çünki Konvensiya təkcə sahilyanı dövlətlər üçün deyil, bütövlükdə qlobal miqyasda oxşar problemlərin həllində president rolunu oynaya biləcək nümunəvi bir sənəddir.
Konvensiyanın imzalanmasına aparan yolda Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə, qətiyyət, milli maraqların uzlaşdırılmasına xidmət edən konstruktiv yanaşma xüsusilə qeyd olunmalıdır. Azərbaycan regionda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icraçılarından biri kimi Konvensiyanın razılaşdırılması prosesində ilk dövrlərdə epidsentr, daha sonra isə körpü rolunu oynayıb. Bu baxımdan, dövlətimizin və təbii ki, prezidentimizin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmasında və qəbul olunmasında müstəsna xidmətləri var.
Konvensiyanın Xəzər hövzəsində sülhün, sabitliyin və təhlükəsziliyin qorunmasına, əməkdaşlığın genişləndirilıməsinə yol açacağı, Azərbaycanın həyata keçiridiyi enerji və nəqliyyat layihələrinin önəmini artıracağı şübhəsizdir".