Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı nağdsız ödəniş mühitini xeyli genişləndirəcək İqtisadiyyat

Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı nağdsız ödəniş mühitini xeyli genişləndirəcək

Azərbaycan Respublikasının Prezidenti "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 2018-ci il 26 sentyabr tarixli sərəncam imzalayıb. Dövlət Proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcəkdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Proqramın hazırlanmasında bilavasitə iştirak etmiş ekspertlərdən biri, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva bildirib ki, "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası məqsədilə hazırlanmışdır. Dövlət Proqramının məqsədi ölkəmizdə nağdsız ödəniş mühitinin genişləndirilməsi və nağd dövriyyənin həcminin azaldılmasıdır. Proqramın əsas istiqamətləri rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması, bank sektorunun yenidən canlandırılması, rəqəmsal ekosistemin formalaşdırılması, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsidir.
Bu Dövlət Proqramı Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişi ilə "MasterCard Advisors"in və AMEA İqtisadiyyat İnstitutunun mütəxəsslərindən ibarət peşəkar kollektiv tərəfindən hazırlanıb. İqtisadiyyat İnstitutunun direktoru prof. Nazim Müzəffərli (İmanov), "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Akif Musayev, elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov və mən bu proqramın yazılmasında yaxından iştirak etmişik. Bu işdə azacıq da olsa bizim də əməyimiz var. Onu da qeyd edim ki, AMEA İqtisadiyyat İnstitutu proqramın icrasında da iştirak edəcək. Belə ki, proqramın tədbirlər planında nəzərdə tutulan "Qeyri-formal məşğulluğun yüksək olduğu sektorlarda əmək müqaviləsi qeydiyyata alınmamış işçi sayının azaldılması üçün "minimum əmək standartlarının yaradılmasının nəzərdən keçirilməsi" bəndinin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və AMEA İqtisadiyyat İnstitutuna həvalə olunmuşdur".
Qeyd edək ki, 2017-ci il oktyabrın 31-də Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın layihəsinin ictimai müzakirəsi təşkil edilib. Tədbirə həmin proqramın hazırlanmasında bilavasitə iştirak etmiş AMEA İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərli, elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov, elmi katib, i.f.d. Rəsmiyyə Abdullayeva və şöbə müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., prof. Akif Musayev də qatılıblar. İİTKM-in, Mərkəzi Bankın, "MasterCard Advisors"un və AMEA İqtisadiyyat İnstitutunun ekspertlərinin iştirakı ilə geniş müzakirələr aparılıb.