“Neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi...” İqtisadiyyat

“Neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi...”

Natiq Cəfərli: “Dünyada davam edən ticarət müharibələridir”

Dünyada neftin qiymətinin kəskin icuzlaşması Amerika ilə İran arasında razılaşmanın olması ilə bağlı iddialara yol açıb.

Onu da əlavə edək ki, Almaniyanın “Rheinische Post” qəzetinə müsahibəsində ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, Vaşinqton İranla yeni nüvə müqaviləsi imzalamağa hazırdır. O, yeni müqavilənin İranın nüvə silahından imtinasına tam zəmanət verməli olduğunu deyib.

Pompeo 2015-ci ildə imzalanan müqavilənin İranın nüvə ambisiyalarını gücləndirməyə imkan verdiyi üçün ABŞ prezidenti Trampın bundan imtina etdiyini bildirib. Dövlət katibi İranın siyasi kursunu dəyişəcəyinə ümid etdiyini də söyləyib.

Qeyd edək ki, “Brent” markalı neft son 4 gün ərzində 10 dollara yaxın ucuzlaşıb və hazırda 61 dollar civarındadır.

İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, ABŞ və İran arasında gedən gizli danışıqlar dünyada neftin ucuzlaşmasına gətirib çıxarır. O bildirib ki, neftin qiymətinin enməsinin əsas səbəbindən biri dünyada gedən iqtisadi savaşlardır: “Neftin qiymətinin aşağı düşməsinin əsas səbəbi dünyada davam edən ticarət müharibələridir. ABŞ və Çin arasında olan ticarət müharibəsinin pik həddə çatması qiymətlərə çox ciddi təsir etdi. Dünyada ticarət müharibələri genişləndikcə, gömrük rüsumları və vergi dərəcələri artdıqca iqtisadi artım azalır və bu da neftə tələbatı azaldır. Bunun nəticəsi olaraq, bu gün dünya bazarında neftin qiymətində kəskin ucuzlaşma gedir. Daha bir səbəb ondan ibarətdir ki, hələ təsdiq olunmamış məlumatlara görə, ABŞ və İran arasında artıq gizli danışıqlar başlayıb. Hesab edirəm ki, iki ölkə arasında olan gərginliyin aradan qalxma ehtimalı psixoloji olaraq neftin qiymətinə mənfi təsir edir”.

İqtisadçının sözlərinə görə, neftin qiymətinin artmasına ancaq hərbi gərginliklər səbəb ola bilər: “Neftin qiymətinin iqtisadi səbəblərdən dolayı yaxın zamanlarda qalxması gözlənilmir. Lakin siyası bəyanatlar və hərbi gərginlik hər zaman neftin qiymətinə ciddi təsir göstərir. Hesab edirəm ki, bu dəfə də belə gərginlik yaşanarsa, neftin qiyməti yenidən artacaq. Məsələn, İranla Səudiyyə və ya ABŞ-la İran arasında siyasi gərginlik artarsa, neftin qiyməti hətta 100 dolları da keçə bilər. Həmçinin OPEK ölkələri sözlü müdaxilələrlə hasilatı azaldacaqları ilə bağlı bəyanatlar versə, bu da neftin qiymətinə təsir edə bilər”. İqtisadçı neftin qiymətinin enməsinin Azərbaycan iqtisadiyyatına olan ziyanı haqqında da danışıb: “Azərbaycanın dövlət büdcəsində neft qiyməti 60 dollardan hesablanıb və buna görə də 60 dollara qədər olan qiymət bizim iqtisadiyyatımıza təsir göstərməyəcək. Həmçinin Azərbaycan Neft Fondunda əlavə vəsaitlərin olması hətta 58 dollara qədər ucuzlaşmanın ölkə iqtisadiyyatı üçün mənfi təsirlərin yaranmasının qarşısını alacaq. Lakin buna baxmayaraq, belə hallar psixoloji gərginliyə səbəb ola bilər. Bu, əsasən də bank sektorunda daha çox hiss olunar. Lakin neftin qiymətinin 58 dollar və ya daha aşağı düşməsi iqtisadiyyatımıza təsir göstərəcək”.

Politoloq Elxan Şahinoğlu bildirib ki, ABŞ dövlət katibi Mayk Pompeo İsveçrədə rəsmi səfərdə olarkən maraqlı bir fikir söyləyib: “Pompeo deyib ki, "Əgər İran özünü normal ölkə kimi aparmaq istədiyini göstərsə ABŞ İranla şərtsiz danışıqlara hazırdır". Politoloqun sözlərinə görə, Pompeonun bu açıqlaması İran prezidenti Həsən Ruhaninin bəyanatına cavab idi: "Belə ki, Ruhani demişdi ki, ABŞ İrana hörmətlə yanaşsa danışıqlara gedə bilərik. Əlbəttə, hər iki dövlət yaxşı anlayır ki, vəziyyət daha da gərginləşərsə bu heç bir dövlətə xeyir verməyəcək. Bu mənada ABŞ-ın belə bir addım atacağını gözləməyə deyərdi. Çünki, ABŞ prezidenti Donald Tramp büdcədən maliyyə çox gedir deyə Yaxın Şərqdə də maliyyəni kəsir demək olar ki. Dəfələrlə qeyd edib ki, ABŞ Yaxın Şərqdə 7 trilyondan çox pul xərcləyib və bu faciədir. Yəni Tramp seçkilərə az qalmış bir zamanda hər hansı gərginlik və ya təzyiq görmək istəmir. Bu da başa düşüləndir. Çünki ABŞ-da dekabr ayında keçirilmiş aralıq seçkilərindən sonra konqresdə demokratlarla respublikaçıların sayı demək olar ki, bərabərləşdi. Bu mənada Tramp artıq atdığı hər addımda təzyiqlə üzləşir. Belə ki, demokratlar hakimiyyətdə olarkən daha çox yumşaq siyasət aparır, Rusiya və İran kimi dövlətlərlə diplomatik münasibətlər bərpa edilir və s. Bu səbəbdən də Tramp yaxşı başa düşür ki, bu tip məsələlər seçkilərdə onun əleyhinə işləyə bilər. Çünki Tramp Amerika xalqına arxalanır. Xalq ondan olduqca razıdır. Trampın xarici siyasəti tənqid edilsə də, daxili siyasəti olduqca yaxşı qarşılanır. Onun gəlişindən sonra nəzərə çarpacaq dərəcədə iqtisadi artım müşahidə edilib. Təbii ki, xalqın da istədiyi məhz budur. Düşünürəm ki, son olaylar İranı olduqca narahat edir. Belə ki, İranın əsas gəliri neft hasilatındandır. Yəni bir çox böyük dövlətləri neftlə təmin edir. Lakin son xəbərləri nəzərə alsaq Çin və Hindistan kimi əsas alıcılar İrandan neft idxalını dayandırır. Bu isə İranın sonunun başlanğıcı hesab edilə bilər. Çünki əsas gəlir mənbəyi məhz həmin ölkələrdəndir. Bu mənada ABŞ-ın iqtisadi sanksiyalarından olduqca əziyyət çəkir. Hansı ki, belə davam edərsə, iqtisadi sanksiyalar qüvvədən düşməsə, əməkdaşlıqlar bərpa edilməzsə, İran ölkə daxilində də ciddi problemlər yaşayacaq. Çünki iqtisadi çətinliklərdən əziyyət çəkən xalq ayağa qalxa bilər və ölkəni etiraz dalğası bürüyər. Bu səbəbdən də Həsən Ruhani müəyyən güzəştlərə getməyə hazır olduğunu vurğulayır. Pompeo İsveçrədə bir məsələni də vurğulayıb ki, istənilən halda ABŞ İranın Yaxın Şərqdəki "ziyanlı fəaliyyəti" üçün mübarizə aparacaq. Güman edirəm ki, bu "ziyanlı fəaliyyət" terror qruplaşmaları ilə bağlıdır. ABŞ-ın bu bölgədə ən yaxın müttəfiqi İsraildir. Bu qruplaşmalar isə İsraili narahat edir və ABŞ-ın bu kimi şərtləri irəli sürməyi normaldır. Lakin bir məsələni də unutmaq olmaz ki, İran Suriyaya "Red Line" kimi baxır. Yəni əgər Suriya düşsə İranı daha böyük təhlükələr gözləyir. Bu mənada İran məcburdur ki, Suriyada öz varlığını davam etdirsin. Düşünürəm ki, bu məsələdə İran güzəştə gedərsə tərəfdaş olduğu Rusiyadan yardım alacaq. İstənilən halda Rusiya ABŞ-ın bu qədər irəliləməyinə imkan verməz. ABŞ ilə İran arasında diplomatik əlaqələr olmadığı üçün bu məsələdə vasitəçi İsveçrədir. Lakin hesab edirəm ki, Türkiyə də bu məsələ ilə bağlı aktivlik göstərə bilər".