Rusiya bazarlarında bahalaşma təhlükəsi İqtisadiyyat

Rusiya bazarlarında bahalaşma təhlükəsi

Sanksiyalar imperiya iqtisadiyyatını iflic vəziyyətinə salıb

Cavid

Qərb ərzaq mallarının idxalına qoyulan embarqodan sonra Rusiyanın bəzi bölgələrində qiymət artımı müşahidə olunur.
Avqustun 7-də qüvvəyə minən qadağadan sonra donuz əti 6 faiz bahalaşıb, Rusiyanın "Kommersant" qəzeti bildirir.
Rusiyaya idxal qadağası Qərbin sanksiyalarına cavab addımıdır.
Böyüklüyünə görə Rusiyanın ikinci şəhəri olan Sankt Peterburqda qiymətlər 10 faiz artıb. Bu sanksiyaların təsirindən öncə baş verib.
Şəhərin iqtisadiyyatına cavabdeh rəsmi Anatoli Kotov donuz ətinin 23.5, toyuq ətinin isə 25.8 faiz bahalaşdığını deyir.
Bazar ertəsi Rusiyanın baş naziri idxal qadağası nəticəsində bahalaşma və ərzaq çatışmazlığı yaranacağına inanmadığını deyib.
Dmitri Medvedev bir il müddətinə tətbiq olunan məhdudiyyətlərin uzun sürməyəcəyinə dair ümidlərilə bölüşüb.
"Leontief Centre" sosial-iqtisadi araşdırmalar mərkəzindən Nina Oding hökumətin qiymətləri "bu və ya digər tərzdə tənzimləməsi üzrə ləng cəhdlərini" tənqid edib.
İqtisadçının sözlərinə görə bu kimi cəhdlər sovetlər dönəmində və 90-cı illərdəki Rusiyada uğursuzluğa düçar olub.
"Biz seçimin məhdudlaşmasına, inhisarçılıq təmayülünün artmasına doğru irəliləyirik, qiymətlər qalxacaq ? biz artıq bu prosesin başlanqıcını görürük", - Nina Oding Rusiyanın RBK saytına bildirib.
Rusiyanın Uzaq Şərqində qiymət artımı daha kəskin şəkildə müşahidə olunur.
Saxalinin kənd təsərrüfatı üzrə rəsmisi Nikolay Borisov pendirin 10, ətin 15 və toyuq budlarının 60 faizədək bahalaşdığını bildirib.
Primorye bölgəsində Çindən idaxl edilən almaya qiymət 26, balığa isə aza qala 40 faizədək artıb.
Geniş ərzaq növlərinə dair tətbiq edilən idxal qadağası alkoqol, uşaq qidası, qəhvə və zeytun yağı kimi bəzi mallara aid edilməyib.
Rusiyada demək olar ki, bütün sahələrdə qiymət artımı olacaq. Bahalaşma mənzil-kommunal xidmətlərində və yol hərəkəti qaydaları üçün tətbiq olunan cərimələrdə gözlənilir. Belə ki, mənzil-kommunal xidmətlərində qazın 15%, elektrikin isə 6% artacağı gözlənilir. Yol hərəkəti qaydalarının pozulması zamanı tətbiq olunacaq cərimələr isə ən azı 10 dəfə artırılacaq. Misal üçün, qadağan olunmuş xəttə çıxmaq 300 rubla cərimələnirdisə, ayın birindən bu 1500 rubla qədər yüksələcək. Moskva və Sankt-Peterburqda bu cərimə 3 min rubla qədər qalxacaq.
Bunlar azmış kimi sabahdan Rusiyanın paytaxtında yerləşən universal bazarlar da bağlanacaq. Üstəlik spirtli içkilərin qiyməti də qalxacaq. Bununla yanaşı yeni dövlət standartlarının və yeni aksiz markalarının təsdiqlənməsi gözlənilir. Bu isə istehsalçıların işində ləngimələrə, məhsulların isə mağazalarda azalmasına gətirib çıxara bilər. Baxmayaraq ki, Rusiya hökuməti bahalaşmanın müşahidə olunmasını inflyasiya çərsivəsində olacağını vəd edir, ekspertlər bu bahalaşmanı ölkənin gəlir mənbələrində olan böhranla əlaqələndirirlər. Burada neft və neft məhsullarının qiymətlərində yaşanan böhran da rol oynayır.
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, islahatlar ölkədə növbəti dəfə hakimiyyətə qarşı etiraz dalğasına səbəb ola bilər.
Qeyd edək ki, müşahidə olunacaq bahalaşmanın növbəti mərhələsi sentyabrın 1-dən gözlənilir.
Onu da qeyd edək ki, Rusiyada spirtli içkilər isə martdan bahalaşıb. Belə ki, spirtli içkilər bazarını tənzimləyən dövlət qurumunun araq və konyakın qiymətinin artırılmasına dair qərarı qüvvəyə minib.
Arağın qiyməti isə iki dəfə artacaq. Birinci qiymət artımı martın 11-dən etibarən olub. Növbəti dəfə isə qiymət avqustdan artıb.
Martın 11-dən arağın minimum topdansatış qiyməti (0,5 litr) 199 rubladək (4,31 AZN) artıb. Buna qədər isə arağın 0,5 litri 170 rubla satılıb. Avqustun 1-dən isə arağın 0,5 litri 220 rubla satılır.
Konyakın qiyməti də bahalaşıb. Belə ki, bu gündən konyakın 0,5 litrinin topdansatış qiyməti 322 rubl (6,98 AZN) olub.
Onu da bildirək ki, Rusiyaya qarşı iqtisadi sanksiyaların doğurduğu nəticələr istər-istəməz yeni bazarların tapılması məsələsini gündəmə gətirir. Bir sıra qonşu dövlətlər bu nəhəng bazarın tələbatını ödəməklə ciddi qazanc əldə edəcəklərini düşünürlər. Azərbaycan da Rusiya bazarı ilə sıx təmasları olan ölkədir və xeyli iş adamlarımız bu bazarı yaxından tanıyır və onun daxili qayda-qanununu bilir. Xüsusilə Rusiyanın əks-reaksiya kimi Avropa dövlətlərindən aldığı kənd təsərrüfatı və qida məhsullarından imtina etməsi iş adamlarımızı bu bazara daha da meyllənməyə təşviq edir. Bəs görəsən rəsmi Moskvanın bu addımı Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalara adekvat cavab sayıla bilərmi? Ən əsası Rusiyanın qida bazarında yaranmış boşluğu doldurmaq iqtisadiyyatımıza necə təsir göstərəcək? İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, son günlərin ciddi müzakirə mövzularından biri birinci dünya ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar əvəzində Rusiyanın qaraguruhçu hökuməti tərəfindən bəhs etdiyimiz ölkələrdən idxala embarqo tətbiqi və yaranmış boşluğu ikinci və üçünçü dünya ölkələri hesabına kompensasiya etmək cəhdidir: "İlk olaraq onu bildirim ki, sanksiyalara qoşulan ölkələrin sayı çoxdur və bu iqtisadi müharibədə Rusiya təklənib. Yəni, tək Rusiyanın itirəcəkləri qarşılığında əks tərəfdə itkilər paylanır və kontursanksiyaların əks tərəfə təsirləri az hiss ediləcək. Digər tərəfdən Rusiya Avropa, ABŞ və Yaponiyadan daha çox beyin məhsulları idxal edir ki, ikinci və üçüncü dünya ölkələrinin özünün "beyinə" ehtiyacı var və onu ixrac etmək imkanında deyillər.
Bu sanksiyaların yaratdığı şəraitin Azərbaycanı gözləyən təsirlərinə gəlincə, ilk baxışdan Rusiya bazarlarına çıxış imkanının artması cazibədar görünür-nəticədə ölkəmizdə kənd təsərrüfatı daha çox istehsal və daha baha satış imkanı qazanacaq. Lakin... Rusiya bazarları artıq bizdə də kənd təsərüfatı məhsullarının bahalaşmasına rəvac verib. Bu gözlənilən idi. Çünki Azərbaycan çox kiçik istehsalçı, Rusiya bazarı isə çox böyük istehlakçı ölkədir. Azərbaycan özü belə kənd təsərüfatı məhsullarının idxalçısıdır. Kənd təsrüfatı yarmarkalarında satılan məhsulların coxunun mənşəyi Azərbaycan deyil. Belə olduğu təqdirdə ixrac ölkəboyu bahalaşmaya səbəb olacaq və olmaqdadır".
Bəs yaranmış bu şəraitdən kəndli qazanacaqmı? Ekspert bildirib ki, xçeyr: "Kəndlinin qazançı qiymət bahalaşmasına adekvat olmayacaq. Çünki, bu məhsulların ixracı və ölkədə satışı ilə məşğul olan beş "on sektor inhisarçısı kəndlinin çox qazanmasına şərait yaratmaz. İnhisarçılarım özləri daha çox qazanmaq istəyəcəklər.
Digər tərəfdən hazırki situasiyanın gözlənilən olmaması və geopolitik səbəblərdən qaynaqlanması, ölkədə bu istiqamətdə indiyədək hazırlığın aparılmamasını və kənd təsərüfatının ixraca müvafiq inkişaf etməməsi kimi amillər və problemlər var. Yəni biz situasiyanı avantaja çevirə bilməyəcəyik.
Bəs nə baş verəcək? Çox sadə bir hadisə. Biznes həmişəki kimi açgözlüklə ölkənin azını-çoxunu Rusiya bazarlarına daşıyacaq. Ölkədə təbii olaraq bahalaşma davam edəcək. Kənd təsərrüfatı məhsulları, yəni vətəndaşın gündəlik istehlak səbətinin böyük hissəsini təşkil edən məhsullar bahalaşacaq. Əvəzində vətəndaş gəlirlərinin dəyərdən düşməsi və alıcılıq qabiliyyətinin zəifləməsi prosesi başlayacaq".
Yaranmış yeni şəraitin perspektivi isə qeyri-müəyyəndir. Çünki indiki proseslər təbii deyil və siyasətdən qayaqlanır. Sanksiyaların hansı müddətə davam edəcəyi və Rusiyanın nə zaman ağ bayraq qaldıracağını proqnozlaşdırmaq mümkün deyil. Azərbaycandan tez xarab olan kənd təsərrüfatı məhsulları daşıyan konvoyların Rusiya sərhəddində günlərlə saxlanması, məhsulların batması azmı görünüb?
Yeri gəlmişkən sanksiyalara məruz qalan Vneştorqdan sonra bu gün ölkənin ən böyük şirkəti olan "Rossneft" də hökumətdən 42 milyard dollarlıq yardım istədi. Yəni bu qədər həssas vəziyyətdə uzunmüddətli strategiyalar hazırlayıb həyata keçirmək və nəticədə vəziyyəti aqrar inkişafa yönəltmək də real görünmür.
Ekspertin qənaətincə, indiki halda hökumət məsələyə müdaxilə etməli, daxili tələbatı ödəməyən məhsulların ixracı məhdudlaşdırılmalı, süni qiymət artımına nəzarət gücləndirilməli və Rusiyanın ona edilən yaxşılığı bir anda unudacağı göz ardı edilməməlidir. (Rusiya heç vaxt yaxşı qonşu olmayıb, olmayacaq da. Buna inananlar yanılırlar)