Hər zaman təhlükə var... İqtisadiyyat

Hər zaman təhlükə var...

Əli Məsimli: "Hələlik neftin dünya bazarında qiyməti Azərbaycan üçün ciddi önəm daşımaqda davam edir"

Pərviz Heydərov: "Bu dəfə ehtiyatlı olmaq lazımdır"

Bəkir Hərimanoğlu: "Sahibkarların aşağı faizli kredit resurslarına çıxışının təmin edilməsi önəmlidir"

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,12 dollar azalaraq 1 barelə görə 94,76 dollar təşkil edib. London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar ucuzlaşaraq 98,97 dollar olub.
Ümumiyyətlə neftin dəyərinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər? Büdcənin neft gəlirlərindən asılılığını azaltmaq üçün hansı addımlar atılmalıdır?
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli bildirdi ki, son illər Azərbaycan iqtisadiyyatında neft amilinin payı azalmağa başlasa da, hələ ölkənin ÜDM-nin 40 faizə, büdcəsini 60 faizə, xarici ticarətdə eksportun 90 faizə qədəri neft amili ilə bağlıdır. Onun fikrincə, rəsmi hökumət proqnozlarına görə neft sektorunun ÜDM-dəki payı 2014-cü ildə 39, 2015-ci ildə 32, 2016-cı ildə 29, 2017-i ildə isə 28 faizə enəcək: "Deməli, xarici ticarət sahəsi və büdcə istisna olmaqla, orta perspektivdə neftin qiyməti Azərbaycan iqtisadiyyatının ümüumi durumuna əvvəlki illərdə olduğu qədər təsir etməyəcək. Bununla belə Azərbaycan iqtisadiyyatında qeyri neft sektorunun payı artmağa başlasa da, hələlik neftin dünya bazarında qiyməti Azərbaycan üçün ciddi önəm daşımaqda davam edir. 2014-cü ilin büdcəsi neftin bir barrelinin dünya bazarında qiymətinin 100 dollar olacağı proqnozu əsasında tərtib edilib. Bu proqnozda qismən risk payı olsa da, fikrimizcə Azərbaycan iqtisadiyyatı və dövlət büdcəsi üçün ciddi təhlükə mənbəyi də deyil... Ona görə ki, bu ilin iyul ayınadək neftin 1 barrellinin qiyməti 110 dollar ətrafında olub və Azərbaycan neftinin orta ixrac qiyməti 110 dollardan yüksək olub. Son aylar isə neftin qiyməti nəzərəçarpan dərəcədə aşağı enərək, 100 dollar ətrafında oynayır. Digər tərəfdən, Azərbaycanda neft hasilatında kəskin enmələrsiz nisbi sabitlik olacağı, həmin sahənin ÜDM-nin isə cəmi 1,5 faiz azalacağı gözlənilir. Bu ilin sonunadək dünya bazarında neftin qiymətində "oynamaların" olacağı real olsa da, onun qiymətinin kəskin surətdə aşağı düşmə ehtimalı azdır. Əgər dünyada gedən geopolitik proseslərin tərkib hissəsi kimi neftin qiyməti ilə manupulyasiyalar olmasa, 2014-cü ilin dördüncü rübündə neftin qiyməti orta ssenari üzrə- 100 dolların ətrafında, pessimist ssenari üzrə 90 dolların ətrafında ola bilər". O, həmçinin əlavə etdi ki, 2014-cü ilin qalan ayları ərzində orta ssenari işləsə, onda neftin orta illik qiyməti 100 dollardan yuxarı, pessimist ssenari (90 dolların ətrafında) özünü göstərməyə başlasa isə neftin orta illik qiyməti 100 dolların ətrafında olacaq: "Əgər nəzərə alsaq ki, bu ilin iyul ayınadək Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 110 dollardan yüksək olub, dünya baxarında neftimizin qiymətinin 1 dollar qalxıb-enməsi büdcə gəlirlərinə 28 milyon manat təsir edir, deməli neftin qitmətinin 110 dollardan 100 dollara və ya ondan da bir qədər aşağı enməsi neftdən gələn gəlirlərimizi bir qədər azaltsa da, bu ilin büdcəsində neftin qiyməti ilə bağlı ciddi problem yaşanmayacaq".
İqtisadçı ekspert Pərviz Heydərov diqqətə çatdırdı ki, dünya bazarlarında neftin qiymətinin enməkdə olması ixracının əsas hissəsini bu növ məhsul təşkil edən əksər ölkələr kimi şübhəsiz, Azərbaycanı da narahat edir: "Məlumdur ki, bu il büdcəyə yenidən baxılmadı. 2009-cu il istisna olmaqla hər il büdcəyə yenidən baxılsa da, keçən il olduğu kimi bu il də buna əməl edilmədi. Düzdür, əslində, bu, müsbət haldır. Ancaq narahatlıq doğuran məqam odur ki, dövlət büdcəmizdə neftin 1 barelinin qiyməti 100 dollar götürüldüyündən müəyyən problemlər yarana bilərdi. O baxımdan ki, 2014-cü ilə dair büdcəmiz əvvəlki illərin büdcələrindən fərqli olaraq heç də möhkəm sütunlar üzərində dayanmayıb. Cari ilin dövlət büdcəsinin icrasının asan başa gəlməyəciyi qabaqcadan da deyilmişdi. Çünki Dövlət Neft Fondundan (ARDNF) transfertin 17,7 % azalmasıyla bahəm, Neft Şirkəti (ARDNŞ) tərəfindən də mədaxilin yerinə yetirilməsi havadan asılı vəziyyətdə sayılırdı. Düzdür, ARDNŞ-dən büdcəyə ödəmələr pis vəziyyətdə deyil. Bununla belə, bu ilin dövlət büdcəsində neftin qiyməti keçən ildəkindən aşağı səviyyədə götürülməli idi. 100 dollar müəyyən edilməsi risk sayılırdı. Odur ki, artıq, cari ildən keçsə də, büdcədə neftin qiymətini gələn ildən aşağı salmaq lazımdır. Bu il üçün bu, gecikmiş addım olar. Ancaq unutmaq lazım deyil ki, dünya bazarlarındakı hazırki qiymət nəğd məbləğdə 3 ay sonra ölkəyə daxil olacaq. Bu isə ilin sonu deməkdir. Hər ilin sonundasa hökumət büdcədən xərcləri birdən-birə bir neçə dəfə artırır". Ekspert əlavə etdi ki, bu dəfə ehtiyatlı olmaq lazımdır: "Bu da var ki, büdcədəki qiymət son illər ərzində ARDNŞ-dən transfertlə əlaqədar ciddi məna kəsb etmir. O baxımdan ki, onun büdcəyə verdiyi səmərə ilə zərəri hesablamaq olmur. Odur ki, neftin dövlət büdcəsində müəyyən edilən qiyməti əslində, proqnozdan başqa bir şey deyil. Pis halda bəzi investisiya layihələrinin maliyyələşdirilməsi dayandırıla bilər. Ancaq ARDNF-dan transfert olmasa büdcədən cari xərcləri ödəmək mümkün deyil. Bütün sosial xərclər bunun hesabına maliyyələşir. Başqa sözlə desək, neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa qeyri-neftdən daxilolmalar cari xərcləri örtməyə imkan vermir. Ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına icra edilir. İxracımızın 85-90 faizini xam neft təşkil edir. Odur ki, burada hər zaman bir təhlükə var: xərclər nə qədər ehtiyatla və düşünülmüş şəkildə həyata keçirilsə də "obyektiv dirəniş" səbəbindən bir gün sosial ödənişləri "qayçılamaq" zərurəti ortaya çıxa bılər".
İqtisadçı ekspert Bəkir Nərimanoğlu dedi ki, Azərbaycan iqtisadiyyatının iqtisadi artım, ümumi daxili məhsul, ixrac və büdcə gəlirləri kimi aparıcı iqtisadi parametrlər üzrə neft-qaz sektorundan asılılığı davam edir: "Belə bir durumda neftin qiymətində istənilən dəyişiklik bütün iqtisadi göstəricilərdə özünü göstərir. Çıxış yolun iqtisadiyyatn divesifikasiyalaşmasıdır. Sahibkarların aşağı faizli kredit resurslarına çıxışının təmin edilməsi önəmlidir".

Əli