Rabitə xidmətləri üzrə güzəşt kampaniyaları keçiriləcək İqtisadiyyat

Rabitə xidmətləri üzrə güzəşt kampaniyaları keçiriləcək

Tural

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) müvafiq strukturlara rabitə xidmətləri üzrə güzəştli kampaniyaların keçirilməsi ilə bağlı mütəmadi olaraq tapşırıqlar verir. Hazirliyin məlumatına görə, növbəti dəfə noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kampaniyalarının təşkil olunması nəzərdə tutulur.
Bu, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov tərəfindən təsdiqlənən rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramının keçirilməsi və Azərbaycanda telefon rabitəsinin yaradılmasının 133 illiyi ilə əlaqədar Tədbirlər Planında əksini tapıb.
Tədbirlər Planına əsasən, sentyabrın 30-dək Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində peşə bayramı günü ərəfəsində istifadəyə veriləcək yeni rabitə obyektlərinin və keçiriləcək tədbirlərin siyahısının hazırlanması, dekabrın 6-dək obyektlərin istifadəyə verilməsi və tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Oktyabr-noyabr aylarında "Rabitə və informasiya texnologiyalarının dinamik inkişaf yolu" mövzusunda məqalə, "Rabitə və informasiya texnologiyalarının dünəni, bu günü və gələcəyi" mövzusunda gənclər və uşaqlar arasında ən yaxşı rəsm, "Texnologiyalar və biz" adlı ən yaxşı foto müsabiqələrinin, eləcə də rabitə birlik və müəssisələri arasında "Sağlamlıq-2014" respublika spartakiadasının keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən əlavə, noyabr ayında rabitəçilər arasında ən peşəkar "şəbəkə inzibatçısı", "proqramçı", "mis və optik kabel calayıcısı", "xətt qurğuları montyoru", "poçtalyon" və "əməliyyatçı" adı uğrunda müsabiqə (birlik və müəssisələr üzrə və respublika üzrə) keçiriləcək.
Həmçinin noyabrın 15-dək əməkdə fərqlənən və uzun müddət rabitə sahəsində qüsursuz çalışan rabitəçilərin əməyinin qiymətləndirilməsi məqsədi ilə təkliflərin hazırlanması, dekabrın 5-dək veteranlarla, rabitəçi şəhid ailələri və təqaüddə olan rabitəçilərlə rabitə müəssisələrində görüşlərin keçirilməsi, dekabrın 1-dən 5-dək RYTN və Naxçıvan MR RİTN-in birlik və müəssisələrində təntənəli yığıncaqların keçirilməsi, rabitə sahəsində xüsusi xidməti olan qabaqcıl işçilərin mükafatlandırılması Tədbirlər Planına daxildir.
Noyabrın 25-dək peşə bayramı günü ilə əlaqədar (buklet, broşür, təqvim və s.) hazırlanması, dekabrın 6-dək peşə bayramı gününə dair tədbirlərin keçirilməsi ilə bağlı məlumatların RYTN-in, Naxçıvan MR RİTN-in birlik və müəssisələrinin internet səhifələrində yerləşdirilməsi görüləcək tədbirlər sırasındadır. Eyni zamanda noyabr-dekabr aylarında əhaliyə təqdim olunan rabitə xidmətləri üzrə güzəşt kampaniyaları təşkil olunacaq.