“Elektron hökumət”də ən çox istifadə olunan elektron xidmətlər İqtisadiyyat

“Elektron hökumət”də ən çox istifadə olunan elektron xidmətlər

Bu portala 1 milyondan artıq insan müraciət edib

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən istifadə sayı son bir ayda 256232 ədəd təşkil edib. Bununla da həmin e-xidmət növü "Elektron hökumət" portalının ( https://www.e-gov.az ) ən çox istifadə olunan elektron xidmətlər üzrə təqdim etdiyi siyahıda ilk yeri tutmaqda davam edir.
Nazirliyin məlumatına görə, "Elektron hökumət" portalının məlumatına əsasən ümumiyyətlə, cari ilin 1 iyulundan tətbiqinə başlanan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidmətindən 1 877 634 dəfə, "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" elektron xidmətindən isə 176 000 dəfə istifadə olunub. ƏƏSMN-nin hər iki xidmət növü üzrə bu vaxta qədər istifadə sayı 2 053 634-dür ki, bu da "Elektron hökumət" portalı vasitəsilə e-xidmətlər üzrə bu vaxta qədər ümumi istifadə sayının (5 597 818 ədəd) 36,6 faizini təşkil edir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, ƏƏSMN tərəfindən cari ilin 1 iyulundan tətbiqinə başlanan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi işçi və işəgötürənlər arasında bağlanan əmək müqavilələrinin, bu müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsinin müvafiq bildiriş formalarında elektron qeydiyyatdan keçirilməsi üçündür. Bağlanan hər bir əmək müqaviləsi, yaxud ona dəyişiklik edilməsi və ya xitam verilməsi həmin sistemdə qeydiyyatdan keçirildikdən sonra hüquqi qüvvəyə minir. Əmək münasibətlərinin elektron qeydiyyatı əmək hüquqlarının təminatına dövlət nəzarəti mexanizminin təkmilləşməsinə, işçilərin gələcək sosial, habelə layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsasın formalaşmasına, sosial sığorta haqları və s. daxilolmaların artmasına yönəlib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxilolmaların növbəti statistikasını təqdim edib. Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin oktyabr ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 2 959 944 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 1 003 372 nəfər olub. Belə ki, 1 003 372 nəfər ümumən 2 959 944 dəfə portala baxıb və 5 597 818 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 10 441 045 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 6 dəqiqə 29 saniyə olub.
Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 35,4%-ni yeni istifadəçilər, 64,6%-ni isə təkrar müraciət edənlər təşkil edib. Qeyd edək ki, portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 130 142-yə çatıb. Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 382 ədəd olub.
"Elektron hökumət" portalı vasitəsilə ən çox istifadə olunan 20 e-xidmətdən 4-ü RYTN-in payına düşüb. "Elektron hökumət" bülleteninin növbəti sayında oktyabr ayı ərzində "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan 20 elektron xidmətin siyahısı təqdim olunub. Siyahıda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 9, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 4, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2, "Elektron hökumət" portalının 2, Təhsil Nazirliyinin (TN) 1, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 1, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının (DQMK) 1 elektron xidməti yer alıb. RYTN-in elektron xidmətlərindən ən çox – 78351 dəfə "Telefon nömrəsi üzrə axtarış" e-xidmətinə müraciət olunub. Nazirliyin "Mobil cihazların "IMEI" kodunun yoxlanılması" xidmətindən 26247 dəfə, "Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi" xidmətindən 19175 dəfə, "AzDataCom" internet xidmətinə qoşulma üçün sifariş" xidmətindən isə 3207 dəfə istifadə olunub. Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adıçəkilən 4 xidməti 20 xidmətin daxil olduğu ümumi siyahıda müvafiq olaraq 2-ci, 4-cü, 5-ci və 16-cı yerlərdə qərarlaşıb.