Göyçayda sahibkarlara güzəştli kreditlər ayrılacaq İqtisadiyyat

Göyçayda sahibkarlara güzəştli kreditlər ayrılacaq

Tural

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göyçay rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Fond noyabrın 20-də Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirmişdi. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış "yaşıl market"in və fermer mağazalarının yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;
- intensiv bağçılıq (nar və üzüm) və nar tingçiliyi təsərrüfatlarının yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.