Rusiya subyektlərinə nə vaxt bölünəcək? İqtisadiyyat

Rusiya subyektlərinə nə vaxt bölünəcək?

"Rusiyadakı əsas neft-qaz ehtiyatları əsasən türklərin tarixi torpaqlarındadır"

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və bu sanksiyaların doğurduğu gərginlik fonunda mərkəzi hakimiyyətə qarşı müşahidə edilən narazılıq durmadan artmaqdadır. Maraqlıdır, böyük daxili təlatümlərin müşahidə edildiyi Rusiyanın mövcud durumu, bu dövlətin əsarətindəki türk muxtariyyətlərinə azadlıq bəxş edə bilərmi?
Bununla bağlı açıqlama verən tanınmış türkoloq Aydın Mədətoğlu hazırkı böhran şəraitində bunun çətin olduğunu vurğuladı. A.Mədətoğlunun sözlərinə görə, Rusiyanın üzləşdiyi böhran özünü həm də türk respublikalarında göstərir ki, bu da həmin toplumların Rusiyadan ayrılması üçün münasib zəmin formalaşdırmır: "Rusiyanın üzləşdiyi iqtisadi böhranı əhatə edən əsas məkanlardan biri bu ölkədəki türk respublika və muxtar qurumlarının ərazisidir. Rusiyadakı əsas neft-qaz ehtiyatları əsasən türklərin tarixi torpaqlarındadır. Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya və s. ərazilərdən çıxarılan təbii resursların satışı Rusiyanın əsas gəlirini təşkil edir. Rusiyanın bugünə qədər əsas gəlirini də məhz türk torpaqlarından çıxarılan təbii sərvətlər təşkil edib. Moskva və ya onun ətrafında Rusiyanın gəlir əldə edəcəyi nə var ki? Orada nə neft, nə də digər təbii sərvət var. Sankt-Peterburqda da həmçinin. Lakin bir daha qeyd edirəm ki, bu böhranın zərbəsi həm də bu ərazilərə, orda məskunlaşan türklərə dəyəcək".
A.Mədətoğlunun bildirdiyinə görə, əslində bu məsələ Lenin zamanından ciddi müzakirə mövzusu olub: "Bu məsələ özlüyündə çox ciddi məsələdir. Hələ Leninin zamanından bununla bağlı xüsusi plan ortaya qoyulmuşdu. Slavyan-türk birliyi fikri irəli sürülmüşdü. Zəki Vəlidov da bu prosesin içində idi. Onların arasında belə bir razılaşma əldə olunmuşdu ki, çar Rusiyasını devirəndən sonra slavyan-türk birliyi formalaşsın. Lenin sonradan bu razılaşmanı pozdu. Bildirdi ki, cənab Vəlidov siyasətlə mədəniyyəti bir-birilə qarışdırır. Lenin həmin anlaşmanı cırıb atdı".
A.Mədətoğlunun qənaətincə, Yeltsin dönəmində bu istiqamətdə müəyyən addımlar atılsa da, sonradan bu istiqmətdə əldə edilən bəzi nailiyyətlər aradan qalxdı: "XXI əsr bütün xalqların dirçəliş dövrüdür. Yeltsin dövründə Tatarıstan xeyli dərəcədə müstəqillik əldə etmişdi. Sonradan onun müstəqilliyini müəyyən qədər qısıtladılar. Təbii bir proses gedir. Tatarıstan və Başqırdıstanda bu məsələlər yəqin ki, xüsusi olaraq müzakirə olunur. Lakin Rusiyanın üzləşdiyi böhranın həm də burdakı türk muxtar tespublikalarını da əhatə etməsi səbəbi ilə yəqin ki, Rusiyadan tam olaraq ayrılmaq məsələsi hələ ki, gündəmə gəlməyəcək".
A.Mədətoğlunun bildirdiyinə görə, hazırda Qafqaz türklərinin aktivliyi digər bölgələrdən daha artıqdır: "Qafaqazda olan türklər isə artıq fəaliyyətə başlayıb. Yəqin ki, bu müstəvidə baş verənləri izləyirsiniz. Ortada bir dirçəliş var. Baxmayaraq ki, bu dirçəliş və əsas məqsəd tezliklə baş tutan bir məsələ deyil. Rusiya dişlərini Ukraynaya qıcayıb və az qala orada müharibə aparır. Krımı zəbt edib. O ərazilərdə yaşayan türklər də yəqin ki, bütün bunları nəzərə alıblar. Hesab edirəm ki, hələ ki, türk respublikaları Rusiyadan tam ayrılmasalar da, öz büdcələrini müəyyən qədər genişləndirə bilərlər".
Politoloq Hikmət Hacızadə isə bildirib ki, Putin rejiminin devrilməsi həm Rusiyaya, həm də post-sovet dövlətlərinə mütləq qaydada demokratiya gətirəcək.
Politoloqun sözlərinə görə, Putinin hakimiyyətdən gedəcəyi təqdirdə, demokratikləşmə prosesinin reallaşması qaçınılmaz olacaq: "Putin gedərsə, bu, hökmən belə olacaq. Putin hökuməti həm Rusiya, həm də onun ətrafılndakı diktaturanı qidalandırır. Putinin siyasətinə, Putinin hakimiyyətinə xitam verilsə,bu məsələlər də öz həllini tapacaq. Yeltsin kimi bir şəxsin Rusiyada hakimiyyətə gəlməsi həm Rusiya, həm də ətraf ölklər üçün çox yaxşı olardı. Bu, demokratikləşmə prosesinə təkan verərdi".