bp Abşeron Yarımadasının Dayazsulu Sahəsində qazma işləri üzrə proqramı açıqlayıb İqtisadiyyat

bp Abşeron Yarımadasının Dayazsulu Sahəsində qazma işləri üzrə proqramı açıqlayıb

bp şirkəti Azərbaycanda Abşeron Yarımadasının Dayazsulu Sahəsində qazma işləri üzrə proqramı açıqlayıb.

Trend-in məlumatına görə, Abşeron Yarımadasının Dayazsulu Sahəsi (AYDS) üzrə Kontrakt sahəsi üç Perspektiv sahədən ibarətdir. Adları aşağıda qeyd edilmiş hər Perspektiv sahədə bir quyu olmaqla ümumilikdə AYDS Kontrakt sahəsində üç kəşfiyyat quyusunun qazılması planlaşdırılır: Şimal Şərq Perspektiv sahəsində Şimal Xali (NKX01) kəşfiyyat quyusu; Cənub Şərq Perspektiv sahəsində Qarabatdaq (QBDX01) kəşfiyyat quyusu; və Qərb Perspektiv sahəsində Bibiheybət (BHEX01) kəşfiyyat quyusu.

Planlaşdırılan BHEX01 kəşfiyyat quyusu Bakı buxtası yaxınlığında Azərbaycan sahil xəttindən təxminən 1.5km məsafədə suyun təxminən 7m dərinlikdə olduğu ərazidə yerləşir. Bu quyu NKX01 quyusu üçün istifadə olunacaq özüqalxan qazma qurğusundan istifadə edilməklə qazılacaq. Qazma işlərinin 2021-ci ilin noyabr ayında başlaması planlaşdırılır, lakin vaxt qrafiki 2021-ci ilin avqust ayında başlanılması planlaşdırılan NKX01 quyusunun qazma proqramının başa çatmasından asılı olacaq. Üçüncü quyunun (QBFX01) qazılması işlərinin isə BHEX01 qazma proqramı başa çatdıqdan sonra başlaması planlaşdırılır. BHEX01 kəşfiyyat quyusunun dəniz dibinin səthindən təxminən 4000m aşağıda yerləşən karbohidrogen ehtiyatlarını hədəf götürməsi planlaşdırılır və qazma işlərinin 90 günə qədər davam edəcəyi gözlənilir.

Kəşfiyyat quyusunun qazılmasında əsas məqsəd Kontrakt sahəsinin gələcəkdə potensial işlənməsi aparılmazdan əvvəl karbohidrogenlərin olmasını təsdiqləməkdir.