Ermənistan regionun dayanıqlı inkişaf məqsədlərinə qarşı böyük təhdiddir İqtisadiyyat

Ermənistan regionun dayanıqlı inkişaf məqsədlərinə qarşı böyük təhdiddir

Karonavirus pandemiyası ölkələrin iqtisadi və sosial inkişafına ciddi zərbə vurub

Birləşmiş Millətlər Təşkilatının bu günlərdə dərc etdiyi Dayanıqlı İnkişaf Məqsədləri Hesabatı son illər dünyada qlobal problemlərin nəinki azalmadığını, hətta yoxsulluq, aclıq, ekologiyanın çirklənməsi, xəstəliklərin artması, yaxşı səhiyyə və keyfiyyətli təhsil xidmətlərinə əlçatanlıq, insanlar arasında bərabərsizlik, layiqli əmək və iqtisadi artım, dünyada sülhə və əminamanlığa təhdid və s. kimi narahatlıq doğuran məsələlərin olduğunu bir daha gündəmə gətirmiş oldu.
COVID-19 pandemiyası isə dünyanın sivil dayanıqlı inkişaf məqsədlərinə daha böyük təhdid yaradıb. Xüsusən də pandemiya milli iqtisadiyyatlara, təhsil və səhiyyə sisteminə, əmək bazarına ciddi ziyan vurub, insanların gəlirlərini azaldıb, rifah səviyyəsi, həyat keyfiyyəti aşağı düşüb. Bu prosesin nə qədər davam edəcəyi də bəlli deyil, ən azından dünya iqtisadiyyatının bərpası və 2019-cu il səviyyəsinə qayıtması illərlə vaxt aparacaq. Pandemiyadan əvvəl belə DİM-lərə nail olmaq üçün tərəqqinin yavaş olduğu halda, 2020-ci ildə əlavə 119-124 milyon insan yoxsulluq səviyyəsinə düşüb. 255 milyon tam ştat iş yeri itirilib. Aclıqdan əziyyət çəkən insanların sayı pandemiyadan əvvəl də artırdı. Pandemiyaya görə isə onların sayının təxminən 83-132 milyon çoxaldığı ehtimal olunur.
Pandemiya ölkədaxili və ölkələrarası bərabərsizlikləri üzə çıxarıb və daha da dərinləşdirib. 17 iyun 2021-ci il tarixinə olan məlumata əsasən, Avropa və Şimali Amerikada hər 100 nəfərdən təxminən 68-nin peyvənd olunduğu halda, sub-Sahara Afrikasındakı bu göstəricini orta hesabla 2 nəfərdən də azdır. Növbəti on il ərzində pandemiyaya görə 10 milyona qədər qız uşağının erkən nikaha girmə riski var. Beynəlxalq turizmin çökməsi inkişafda olan kiçik ada ölkələrinə qeyri-mütənasib dərəcədə təsir edir. Ümidverici məqam ondan ibarətdir ki, 2020-2021-ci illərdə COVID-19 pandemiyasının bütün dünya əhalisinə vurduğu ziyanı nəzərə alaraq, daha çox ölkənin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün səyləri artırmağın lazım olduğunu qəbul edirlər.
Bununla belə, cox təəssüf ki, dünyada DİM-ə təhdid yaradan Ermənistan kimi ölkələr də var. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə ölkəmizə o qədər böyük ziyan vurub ki, onun həcmi 800 milyard dollar ətrafındadır. 44 günlük qələbə ilə nəticələnən müharibədən sonra torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan minalanmış ərazilərin xəritəsini vermir. Nəticədə Qarabağın bərpası və yenidən qurulması prosesini məqsədli şəkildə yubadır. Yəni ermənilər ölkəmizə qarşı anti-insani siyasətlərini davam etdirirlər. Bu cür siyasətlə Ermənistan həm özünə, həm də Azərbaycana böyük iqtisadi ziyan vurur, BMT-nin də dayanıqlı inkişaf məqsədlərinə qarşı çıxmış olur. Zəngəzur dəhlizinin açılmasına imkan verməyən, qonşu ölkələrə qarşı torpaq iddialarından əl çəkməyən, böyük dövlətlərin oyuncağına çevrilən, Qafqazda sülh və əməkdaşlığa başlıca maneə olan Ermənistanın hazırkı siyasəti bütövlükdə regionun dayanıqlı inkişaf məqsədlərinə qarşı böyük təhdiddir. Təsəvvür edin ki, işğal nəticəsində Azərbaycanın 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi, 150 min yaşayış evi və mənzil, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri, 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələr məhv edilib. İşğal olunmuş ərazilərdə vaxtilə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyvə bağları var idi. Amma hər şey məhf edilib və Qarabağımızı yenidən, həm də sıfırdan başlamaqla dirçəltməli olacağıq. Azərbaycan Qarabağda iqtisadiyyatı və sosial həyatı inkişaf etdirməklə, sivil yaşayışı təmin etməklə həm də BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olacaq. Əlbəttə, ola bilsin bu proses 10 ilə qədər vaxt aparacaq və böyük vəsait tələb olunacaq, amma bununla belə terror dövlətinə çevrilmiş Ermənistandan fərqli olaraq Azərbaycanın məqsədi dayanıqlı və davamlı inkişaf edən, insanların sülh şəraitində yaşayacağı, çiçəklənən Qarabağ qurmaqdır. Biz buna həm də pandemiyanın iqtisadiyyata böyük ziyan vurduğu bir dövrdə nail olmalıyıq...
Təsəvvür edin ki, 2019-cu illə müqayisədə 2020-ci ildə birbaşa xarici investisiyaların qlobal axını 40% azalıb. Pandemiya, xüsusilə inkişaf etməkdə olan ölkələrə dərin maliyyə problemləri yaradıb. Onların borcu əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda da investisiyalar azalsa da, bununla belə ölkəmizdə ciddi maliyyə problemləri yaranmayıb. Hökumət dövlət büdcəsinin gəlirlərini və xərclərini tam icra edir, bütün sosial öhdəliklər yerinə yetirilir, milli valyutanın məzənnəsi sabitdir, 50 milyard dollar valyuta ehtiyatlarımız var, pandemiyadan ziyan çəkən əhaliyə və sahibkarlara 3,5 milyad manatlıq dəstək paketi həyata keçirilib. 2020-ci ildə iqtisadi geriləmə qeydə alınsa da, bu ildən iqtisadi artımın bərpa olunacağı gözlənilir.
Çin və ABŞ-da iqtisadi bərpa prosesi davam edir. Lakin bir çox digər ölkələr üçün iqtisadi artımın pandemiyadan öncəki səviyyəyə qayıtması 2022 və ya 2023-cü ildən tez gözlənilmir. Hər halda qlobal kəskin yoxsulluq həddi 1998-ci ildən etibarən ilk dəfə artıb. Bu rəqəm 2019-cu ildə 8.4%-dən 2020-ci ildə 9.5%-ə yüksəlib. 2020-ci il fevralın 1-dən dekabrın 31-nə kimi dünya ölkələri COVID-19 böhranına cavab olaraq əksəriyyəti qısamüddətli olmaqla 1600-dən çox sosial müdafiə tədbiri həyata keçirib. Pandemiya səhiyyə sahəsində tərəqqini dayandırıb və ya geriləməyə səbəb olub, habelə bu xəstəliklə bərabər digər ciddi təhlükələr yaradıb. Ölkələrin təxminən 90%-i hələ də əsas səhiyyə xidmətlərinin göstərilməsində bir və ya daha çox problemin olduğunu bildirirlər.
COVID-19 pandemiyasının məktəblərə təsiri “bütöv nəsil fəlakətinə” çevrilib. Son iyirmi ildə əldə olunan təhsil nailiyyətlərini sıfıra endirən pandemiya əlavə 101 milyon uşaq və gəncin minimal oxuma bacarığı səviyyəsindən aşağı düşməsinə səbəb olub. COVID-19 pandemiyası gender bərabərliyinə doğru tərəqqiyə mənfi təsir göstərib: qadınlara və qızlara qarşı şiddət artmış; erkən nikahların artması gözlənilir; qadınlar iş yerlərinin itkisi və ailədaxili qayğı yükünün artması baxımından qeyri-mütənasib çətinliklərə məruz qalıb. 2019-cu ildə 759 milyon insan elektrik enerjisiz və qlobal əhalinin üçdə biri yemək bişirmək üçün təmiz yanacaq və texnologiyalarından məhrum olub. Dünya biomüxtəliflik itkisini dayandırmaq üçün 2020 hədəflərinə də çatmadı. 2015-2020-ci illər ərzində hər il 10 milyon hektar meşə qırılıb.
Bütün bunlar ayrı-ayrı ölkələrdə pandemiya ilə mübarizə səyləri həm də cəmiyyətlərin ciddi dayanıqlığını, hökumətlərin qətiyyətli fəaliyyətini, sosial müdafiənin sürətlə genişlənməsini, rəqəmsal transformasiyanın sürətlənməsini, habelə qısa müddətdə həyatları xilas edən peyvəndlər və müalicələrin inkişafı sahəsində əməkdaşlığın vacibliyini göstərir. BMT-nin 2015-ci ildə qəbul etdiyi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də bu gün və gələcəkdə insanlar, planet üçün barış və firavanlıq naminə ortaq plan təqdim edilir. Bu gündəlik iqlim dəyişikliyi ilə mübarizə, okeanlarımızı və meşələrimizi qorumaqla bərabər səhiyyəni və təhsili yaxşılaşdırmaq, bərabərsizliyi azaltmaq və iqtisadi artıma təkan verməyi hədəfləyən 17 məqsədi əhatə edir.
Amma Ermənistan yaxın keçmişdə də, bu gün də bütün bu məqsədlərə qarşı siyasət aparır. Qarabağda yalnız insanların yaşayış imkanları məhf edilməyib, həm də ekologiyasına, suyuna, torpağına, çaylarına, meşələrinə, flora və faunasına elə böyük ziyan vurulub ki, onların bərpası onillərlə vaxt aparacaq. “Bəşər tarixinin həlledici dövrünü yaşayırıq. Bu gün qəbul etdiyimiz qərar və hərəkətlərin gələcək nəsillərə ciddi təsiri olacaq” – deyən BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti üzrə Baş katibin müavini Liu Jenmin bu sözləri bütün ölkələr üçün faydalı ola biləcək çağırışdır: “Pandemiyadan çıxarılan dərslər, çağdaş və gələcək problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Gəlin fürsətdən istifadə edək, DİM-lərə nail olmaq və Paris İqlim Sazişi üzrə uğurlara imza atmaq üçün növbəti onilliyi fəaliyyət, transformasiya və bərpa dövrü edək”.
Mahir Həmzəoğlu