Əmlak Komitəsi üç SMS xidmətini vətəndaşların istifadəsinə verib İqtisadiyyat

Əmlak Komitəsi üç SMS xidmətini vətəndaşların istifadəsinə verib

Dünən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Daşınmaz əmlakla bağlı SMS xidmətlər: rahatlıq və çevikliyin təminatı" mövzusunda İctimai Təqdimat keçirib. "APA-Economics"in məlumatına görə, tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, qurum istifadəyə verdiyi 31 elektron xidmətin üçünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. "Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur", - deyə sədr müavini bildirib. Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı üçün müraciət edilərkən dövlət rüsumu ödənilir və bu rüsum dəyişməzdir. Lakin müraciət üzrə xidmət haqqı isə göstərilən xidmətin həcmindən asılı olduğu üçün icra prosesində müəyyən olunur. İcranın nəticəsi olaraq sənədlərin əldə edilməsi zamanı xidmət haqqının ödənilməsi tələb edilir. Əvvəllər xidmət haqqı barədə məlumat yalnız hazır sənəd vətəndaşa təqdim olunanda məlum olurdu. Xidmət haqqının öyrənilməsi üçün SMS xidmətin istifadəyə verilməsindən sonra isə bu məlumat artıq qeydiyyat idarəsinə gəlmədən SMS vasitəsilə əldə olunur. Vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləğini öyrənir. Həmin xidmət haqqı müvafiq banka ödənildikdən sonra qeydiyyat sənədi vətəndaşa təqdim olunur. Eyni zamanda, xidmət haqqını ərazi qeydiyyat idarələrinin özündə ödəmək üçün burada ödəmə məntəqələri ("PayPoint") də quraşdırılıb. Digər SMS xidmət daşınmaz əmlakın qeydiyyatı üçün müraciətin icra vəziyyətinin öyrənilməsinə aiddir. Vətəndaş müraciət nömrəsini 9193-ə göndərməklə müraciətin icra vəziyyəti barədə dərhal məlumat əldə edə bilir. Bu SMS-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq sənədin hazır olma tarixi göstərilir. Dövlət əmlakının icarəsi ilə bağlı da SMS xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradıb. Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, komitə tərəfindən bütün icarəçilərə (dövlət əmlakını icarəyə götürmüş şəxslər) ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir. Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.