“Qara qızıl”ın qara zolaqdan çıxan qiymətləri və büdcə gəlirlərimiz... İqtisadiyyat

“Qara qızıl”ın qara zolaqdan çıxan qiymətləri və büdcə gəlirlərimiz...

2021-ci ilin əvvəlindən hökumət dövlət büdcəsində nəzərdə tutulan sosial öhdəliklərini yerinə yetirir və bu sahədə ilin sonunacan hər hansı problem gözlənilmir. Dünya bazarında neftin qiymətlərinin dövlət büdcəsində nəzərdə tutulandan yüksək olması və pandemiya şəraitinə baxmayaraq iqtisadi aktivliyin təmin edilməsi bunu deməyə əsas verir. Əsas hədəf büdcə gəlirlərinin və xərclərinin vaxtında icra edilməsi, ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, işğaldan azad olunmuş ərazilərin bərpası, məşgulluğun, iqtisadi aktivliyin, iqtisadi artımın və sosial rifahın təmin olunmasıdır. 2021-ci ildə dövlət büdcəsi xərclərinin ÜDM-də payı 37,7 faiz proqnozlaşdırılır. Bu il dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox nəzərdə tutulur.
2021-ci ilin ilk 6 ayı ərzində dövlət büdcəsi tam icra edilməklə yanaşı, hətta 2,5 milyard manat büdcə artıqlığı yaranıb. Belə ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12 milyard 668,6 milyon manat təşkil etməklə, 11 milyard 590,5 milyon manat xərclərindən 1 milyard 78,1 milyon manat artıq olub. Dövlət büdcəsinin gəlirləri 12 milyard 177,2 milyon manat proqnoza qarşı 11 milyard 755 milyon manat və ya 96,5 faiz icra olunub.
Cari ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 342 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 milyon manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3 milyard 175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 milyon manat və ya 9,5 faiz çox olub. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 38,2 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259,7 milyon manat və ya 14,6 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 milyon manat və ya 0,9 faiz çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 696,7 milyon manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1 milyard 403,2 milyon manat (23 faiz) az vəsait daxil olub. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 milyon manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 milyon manat və ya 1,6 dəfə çox olub. Özəlləşmədən (dövlət əmlakının satışından) daxilolmalar 32,3 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 31,7 milyon manat (56,3 dəfə) çoxdur.
Bu ilin 6 ayında icmal büdcənin gəlirləri 15 milyard 328,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 958,3 milyon manat və ya 23,9 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 12 milyard 752,4 milyon manat məbləğində icra olunub. 2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 milyon manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, bu ilin ilk 6 ayında faktiki olaraq 2 milyard 576,5 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
Neftin hazırki qiymətləri də ölkəmiz üçün əlverişlidir. 2020-ci ildə dünya bazarında neftin orta qiyməti 41 dollar olub, dövlət büdcəsində isə 40 dollar nəzərdə tutulduğu üçün büdcə öhdəlikləri tam yerinə yetirildi. Hətta müharibə ili olmasına və pandemiyaya baxmayaraq dövlət büdcəsinin gəlirləri və xərcləri icra edildi. 2021-ci ildə də neftin qiymətinin 40 dollardan yüksək olacağı gözlənilirdi və hazırda 73 dollardır. Dünya Bankı bu il neft qiymətlərinin bir barel üçün 44 dollar ətrafında olacağını proqnozlaşdırsa da, qiymətlər daha yüksəkdir. Bu sahədə əsas risklər hazırda davam edən pandemiya və sərt karantin tədbirləridir. Bununla belə, vaksinləşmə və qadağalarla bağlı yumşaldılmalar həmin risklərin təsirini azaldıb. Bütün bunlar isə dövlət büdcəsində neftin qiymətini 40 dollar götürən Azərbaycan üçün nikbin olmağa, dövlət büdcəsinin gəlir və xərclərinin təmin olunacağını, nəzərdə tutulan sosial ödəmələrin vaxtında həyata keçiriləcəyini söyləməyə əsas verir.
Əsas gəlirlərimizin neft-qaz sektorundan formalaşdığını nəzərə alaraq qeyd edək ki, bu il Azərbaycanda 38,2 milyon ton (keçən il 37,7 milyon ton) neft, 40 milyard kub metr qaz hasilatı proqnozlaşdırılır. Təkcə "Şahdəniz" qaz-kondensat yatağında hasilatın həcmi 21,3 milyard kubmetr səviyyəsində gözlənilir ki, nəticədə qaz ixracından gəlirlər artacaq. İl ərzində devalvasiyanın olmayacağı, manatın kursunun sabit qalacağı daha çox gözləniləndir. Buna əsas verən asas amillər – neftin qiymətinin dövlət büdcəsində nəzərdə tutulandan bahalığı, ölkənin kifəyət qədər valyuta ehtiyatlarının (51 milyar dollar) olması, Mərkəzi Bankın maliyyə bazarına nəzarəti gücləndirməsi və əvvəlcədən məhdudlaşdırıcı addımların atılmasıdır. Digər tərəfdən, hökumət özü də manatın kəskin ucuzlaşmasında maraqlı deyil, çünki bu halda bötövlükdə iqtisadiyyatın itirəcəkləri qazancından daha çox olur, idxal malları bahalaşır, əhalinin, biznesin milli valyutaya və maliyyə-bank sektoruna inamı azalır və s.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) indiyədək bütövlükdə dövlət büdcəsinə 116 milyard 837 milyon manat köçürüb. 2021-ci ilin birinci yarısında isə ARDNF tərəfindən dövlət büdcəsinə 4 milyard 696,7 milyon manat transfert olunub. Neft Fondu indiyədək Mərkəzi Banka 3 milyard 949,5 milyon manat verib. Qeyd edək ki, cari il iyunun 30-na fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,24 faiz artaraq 44 milyard 104,9 milyon dollar təşkil edib. Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb. ABŞ dolları fondun investisiya portfelinin 68,6 faizini, avro 19,9 faizini, funt sterlinq 4,9 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,6 faizini, Rusiya rublu 0,7 faizini, Çin yuanı 1,3 faizini, Yaponiya yeni 1,4 faizini, digər valyutalar isə 2 faizini təşkil edib. ABŞ dolları portfelinin 5 milyard 763,3 milyon dollarlıq hissəsini (13,1 faiz) qızıl investisiyaları təşkil edib. ARDNF-in investisiya portfelinin 0,27 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.
ARDNF investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 62,9 faizi istiqrazlar və pul bazarı alətləri, 17,9 faizi səhmlər, 6,1 faizi daşınmaz əmlak və 13,1 faizi (101,8 ton) isə qızıl təşkil edir. Fond inkişaf etmiş ölkələrə və beynəlxalq maliyyə təşkilatlarına investisiyaları artıb, inkişaf etməkdə olan ölkələrə isə azalıb. Bu il iyulun 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 60,87 faizi inkişaf etmiş ölkələr, 6,42 faizi beynəlxalq maliyyə təşkilatları, 19,64 faizi inkişaf etməkdə olan ölkələr təşkil edib. İlin ilk rübünün sonunda isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,47 faizi inkişaf etmiş ölkələr, 5,98 faizi beynəlxalq maliyyə təşkilatları, 21,70 faizi inkişaf etməkdə olan ölkələr təşkil edirdi. Bu il iyulun 1-nə fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 62,9 faizi istiqrazlar və pul bazarı alətləri təşkil edib. İlin ilk rübünün sonunda Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 64 faizlik paya sahib olub. ARDNF-in səhm investisiyaları isə artıb. Belə ki, ikinci rübün sonunda fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə səhm investisiyaları 17,9 faiz olduğu halda, birinci rübün sonunda bu göstərici 17 faiz təşkil edirdi.

Mahir Həmzəoğlu