bp şirkəti Abşeron geoloji-kəşfiyyat layihəsindəki payını “Lukoil”a satır İqtisadiyyat

bp şirkəti Abşeron geoloji-kəşfiyyat layihəsindəki payını “Lukoil”a satır

bp Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni LUKOYL şirkətinə satmağı razılaşdırıb. bp-dən verilən məlumata görə, alqı-satqı əməliyyatı tamamlandıqdan sonra bp-nin AYDH layihəsində 25% iştirak payı olacaq. bp həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, bp – 25% və LUKOYL – 25%. Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir (Trend).
Bu is o deməkdir ki, adı çəkilən sövdələşmədən sonra Rusiyanın Lukoil şirkətinin Azərbaycan bazarındakı iştirakı və şirkətlərdəki payı artacaq. Əslində bir müddət əvvəl neft kontarktlarındakı payını satan Lukoil yenidən aktivləşir. Kommersiya maraqları və uyğun sövdələşmələr baxımından biznesdə bu, normal hal sayıla bilər. Belə ki, vaxtilə “Əsrin müqaviləsi” üzrə Azərbaycan Beynəlxalq Əməliyyat şirkətini (AIOC) təsis edən saziş iştirakçıları ABŞ-ın Amoco, McDermott, Unocal, Pennzoil, Exxon, Britaniyanın BP və Ramco, Norveçin Statoil, RUsiyanın LUKoil, Türkiyənin TPAO və Səudiyyə Ərəbistanının Delta Oil şirkətləri idi. Sonralar konsorsiumun iştirakçı şirkətlərinin siyahısında dəyişikliklər oldu, müqavilədə iştirak payı yenidən bölüşdürüldü və yenidən satıldı. McDermott müqavilədən çıxdı, AIOC-a Yaponiyanın Itochu şirkəti daxil oldu, iki neft nəhəngi - BP və Amoco birləşdi. Konsorsiuma Amerikanın Exxon ilə birləşən və artıq layihənin iştirakçısı olan Mobil daxil oldu.Bundan başqa, AIOC-da "yeni" adlar yarandı: Devon Energy (keçmiş Pennzoil), Britaniyanın Ramco şirkəti 2000-ci ildə layihədən çıxdı.Şirkət öz payını (2,0825%) Səudiyyə-Amerikan alyansı olan Delta Hess şirkətinə $150 mln. olaraq satdı.Sonra Rusiyanın LUKOIL şirkəti öz payını (1-%) Yaponiyanın Inpex şirkətinə satdı.
Yeni sövdələşmə də kommersiya tiplidir və tərəflərin ürəyincə olan bir razılaşmaya daha çox bənzəyir. Belə ki, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, “biz LUKOYL şirkətinin AYDH layihəsi tərəfdaşlığına qoşulmasından çox məmnunuq. Bu, bizim Şahdəniz layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olacaq. Əgər uğurlu olarsa, həm Azərbaycana, həm də bizim tərəfdaşlığımıza dəyərlər gətirəcək bu layihənin geoloji-kəşfiyyat proqramını LUKOYL və SOCAR-la yaxından işləyərək həyata keçirəcəyik.”
Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov isə deyib ki, “LUKOYL-un bp və SOCAR-ın layihəsinə qoşulması Rusiya və Azərbaycanın enerji sahəsində beynəlxalq əməklaşlığın inkişafı ilə bağlı milli maraqlarına uyğundur. İnanıram ki, tərəfdaşların topladığı bütün elmi və texniki ehtiyatlar Abşeron yarımadasının dayaz sularındakı bu perspektiv sahənin işlənməsinə təkan verəcək.”
Qeyd edək ki, “LUKOYL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur. Şirkət “ŞahDəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 70-ə yaxın YDM ilə təmsil olunur.
“Şahdəniz” layihədəki payçılar BP, TPAO, Azərbaycan Dövlət Neft Şirkəti, Petronas, LUKoil və NICO şirkətləridir. Hətta Lukoil bu layihəyə qoşulmaq və onu maliyyələşdirmək üçün 2015-ci ildə Bakıda bir neçə bankdan ibarət konsorsiumla 12 il müddətinə 1 milyard ABŞ dolları məbləğində kreditin əldə edilməsinə dair saziş imzalamışdı. Sazişə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Qara Dəniz Ticarət və İnkişaf Bankı 560 milyon dollar məbləğində krediti LUKoil-a 12 ilə, Bank of China, UniCredit AG və Societe Generale banklarından ibarət kommersiya bankları sindikatı isə AYİB və AİB-ın B-loan proqramı vasitəsilə 440 milyon dollar məbləğində krediti 10 il müddətinə verib. Bu isə Rusiyanın ən böyük özəl neft şirkəti olan LUKoila Şahdəniz layihəsinin reallaşdırılmasına 3 milyard dollar vəsait yatırmaq imkanları verdi.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH layihəsinə gəldikdə isə, burada dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS bp və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb və 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. AYDH dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına 16 avqust tarixində başlanıb və qazma işlərinin 2021-ci ilin 4-cü rübündə tamamlanacağı gözlənilir. Quyunun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər. AYDH kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 2000-5000 metr arasındadır. Müqavilə sahəsində 2016-cı ildə 3D (üçölçülü) seysmik tədqiqat proqramı həyata keçirilib.
Kontrakt sahəsindən əldə edilmiş üçölçülü məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə bp tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib. Bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır. AYDH sahəsindəki ilk quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvar ayında hökumət tərəfindən təsdiqlənib. Bununla da 2021-ci ildə qazma işlərinə başlanmasına icazə verilib.
Yeri gəlmişkən, “Lukoil”un hasilat sənayesində işləri heç də pis getmir, hətta qaz hasilatını artırır. Belə ki, bu ilin birinci yarısında şirkət 16 mlrd. kubmetr qaz hasil edib ki, bu da illik müqayisədə 7,7% çoxdur. Dünya bazarında “mavi yanacağ”ın kəskin bahalaşdığı, yaxın gələcəkdə qaza təlabatın artacağı ilə bağlı nikbin proqnozlar fonunda bu heç də pis göstərici deyil. İndi şirkətlər qaz bazarına böyük maraq göstərirlər, aktiv olmağa çaılışırlar, kommersiya baxımından əlverişli ola biləcək sövdələşmələrə gedirlər. Yaxşı bilirlər ki, bu sektor çox perspektivlidir. Qazaxıstan bazarında da çox aktiv olan Lukoil burada da müxtəlif kommersiya sövdələşmələrinə getməsi ilə yadda qalmışdı. Məsələn, 2015-ci ildə Lukoil Qazaxıstanda bəzi yataqları istismar edən Caspian İnvestment Resources şirkətində olan 50% payını Çinin Sinopec şirkətinə satmışdı. Nəticədə Cinopec Caspian İnvestment Resources şirkətinin yeganə sahibi oldu. 2011-ci ildə şirkət 50% payı Hindistanlı milyarder Lakşmi Mittaldan almışdı. Caspian Investments Resources Ltd. Qazaxıstanda 5 karbohidrogen yatağının istismarında iştirak edir : Akyubinsk vilayətində Alibekmola və Kojasay,Manqıstau vilayətində isə Karakuduk,Şimali Buzaçi və Arman. Lukoil bu yataqların işlənməsi layihəsinə 2005-ci ildə daxil olmuşdu. “LUKoil” Qazaxıstan iqtisadiyyatına 9 milyard dollaradək sərmayə yatırıb. Şirkət Qazaxıstanın Energetika Nazirliyi tərəfindən hazırlanan 2021-2025-ci illər üçün geoloji tədqiqat proqramında iştirak edəcək.
Orta Asiya bazarına böyük maraq göstərən Lukoil hələlik Türkmənistan bazarına girə bilməsə də, bunu da Azərbaycanın ortaq olduğu layihədə həyata keçirməyə çalışır. Belə ki, bu il fevralın 18-də “LUKoil” prezidenti Vahid Ələkbərovla görüşü zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Dostluq” yatağının istismarında Rusiya şirkətinin iştirak etmək niyyətini dəstəklədiklərini, həmin layihə ilə bağlı sərmayə təkliflərinə baxmağa hazır olduqlarını bildirib. Hansı ki, bu il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdəki “Dostluq” karbohidrogen yatağının birgə kəşfiyyatı, çalışdırılması, istismarına dair anlaşma memorandumu imzalanıb.
Mahir Həmzəoğlu

29 Sentyabr 2021 15: