İstanbulda İƏT-in 37-ci nazirlər toplantısı işə başlayıb İqtisadiyyat

İstanbulda İƏT-in 37-ci nazirlər toplantısı işə başlayıb

Noyabrın 24-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və ticarət məsələləri üzrə daimi komitəsinin 37-ci nazirlər toplantısı işə başlayıb.

İki gün davam edəcək tədbirdə İƏT-ə üzv və müşahidəçi ölkələr, İƏT qurumları, Türkiyənin dövlət rəsmiləri və bəzi digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Toplantıda ölkəmiz iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Tədbirdə əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mərasim iştirakçılarına videomüraciəti yayımlanıb.

Türkiyə Prezidenti müraciətində tədbirin bütün İslam aləmi üçün xeyirli olmasını diləyib, qurumun yeni Baş katibi Hüseyin İbrahim Tahaya işində uğurlar arzulayıb.

İnsanların COVID-19 pandemiyasının təsirini həyatın bütün sahələrində dərindən hiss etdiklərini xatırladan Türkiyə Prezidenti bunun qlobal səviyyədə iqtisadi baxımdan yüksək artımlara yol açdığını bildirib.

Qeyd edilib ki, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, dünyada qida, istehlak qiymətləri indeksi oktyabr ayında illik 31,5 faiz artaraq 2011-ci ildən indiyədək ən yüksək səviyyəyə çatıb.

Prezident Rəcəb Tayyib Ərdoğan gələcəyimizi təhlükəyə atan yoxsulluq, məcburi köç, terror, iqlim dəyişikliyi kimi problemlər qarşısında davamlı həll yollarının tapılmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, həll yollarının tapılması üçün bütün səylər səfərbər edilməli, müştərək siyasət və proqramlar yaradılmalıdır.