İşğaldan sonra döyüş Müsahibə

İşğaldan sonra döyüş

Laçının işğalından 20 gün sonra döyüşən Azərbaycan əsgərləri kim olublar?
Şümşad Nadirov: "Nə qədər ki, türkün şanlı bayrağı türkün torpaqlarında dalğalanmır, biz əsgər ömrü yaşamalıyıq"

Qarabağ müharibəsi veteranı, Laçın Polisinin keçmiş əməkdaşı Şümşad Nadirov BayMedi-ya Qarabağ müharibəsindən və kəşfiyyatçı kimi gördükləri işlərdən danışıb.

- Şümşad bəy, bir qədər döyüş yolunuz haqqında məlumat verəsiniz.
- Hələ milli ordumuzun olmadığı vaxtda düşmən ğücumlarından müdafiə üçün sərhəd rayonlarında polis orqanlarına vətənpərvər və fiziki-mənəvi cəhətdən gənclər götürülürdü. Məhz həmin vaxt Laçın polisinə yazılıb, dağlıq ərazilərdə xüsusilə Ermənistanla sərhəddə düşmənlə mübarizə aparırdıq. Şuşanın işğalından sonra Laçına ən böyük təhlükə Ermənistanla sərhəd zonasından Gorusdan idi, hər an düşmənin hücumu gözlənilirdi. Buna görə də Laçın polisi bu ərazini qoruyurdur. 1992-ci il mayın 16-sə düşmənin həm Şuşadan, həm də Ermənistanda başlanan artileriya atəşləri sahəsində rayon əhalisi ərazini tərk etməyə məcbur oldu. Mən və cəbhə yoldaşlarımızla birgə düşmənlə sərhəddə vuruşurduq. Bütün müqavimətə baxmayaraq, Laçın işğal olundu. Amma, mən Laçını tərk etmədim. Doğulduğum Mişni kəndinə getdim. Qərara gəlmişdim ki, burda mövqe qurub ermənilərin gəlməsini gözləyirdim. Kəndə çatanda 40-a yaxın mülkü vətəndaşlarımızdan orda olduğunu gördüm. Onların içərisində bir nəfər qadın var idi. Bir xeyli müzakirədən sonra bu insanların çıxarılması qərara alındı.
- O zamanla bağlı çəkilən kadlarda belə təsəvvür yaranır ki, orda qalan olmayıb. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, ölkə televiziyalarında Laçının işğalı zamanı yalnız Laçının Qubadlı tərəfinə çıxış olan hissədə çəkilmiş kadrlar gedir. Hamıda elə təsəvvür yaranır ki, Laçında qalan yoxdur. Ancaq həqiqət elə deyil. Biz Laçın ərazisini 22 mayda tərk etdik. Laçında hamının bəy kimi tanıdığı Kamran, ümumiyyətlə Laçından çıxmadı. O, partizan müharibəsi aparıb. Yalnız qış vaxtı ermənilər yerlərini öyrənəndən sonra mağaraya top ataraq, onu öldürə bildilər.
- Maraqlıdır bu faktı sizə kim deyib?
- Bunu əsir düşmüş Gorus batalyonun komandirinin sürücüsü bildirib. Mülkü əhali mühasirədən çıxarıldıqdan bir neçə gün sonra, Laçın polisinin bir dəstəsi Kəlbəcər tərəfdən Laçın ərazisinə daxil olur və Qorçu kəndində qərargah qururlar. Bir neçə gündən sonra mən və döyüş yoldaşlarım Fikrət, Elşən və Əlövsətlə birgə qərara gəldik ki, Laçın ərazisindən kəşfiyyat edərək məlumat toplayaq. Bu barədə Laçın polisinin komandiri Akif Səlimova danışdıqdan sonra, 10 günlük kəşfiyyat dövründə bütün lazım olan məlumatları topladıq. 11-ci gün 1992-ci il iyun ayının 4-də ərazidə müşahidə edərkən, bir xeyli insanı Qaraçənli kəndi tərəfdə gördük. Bu dəstə Həkəri çayını keçib, Mişni kəndinə tərəf gəlirdilər. Mən həmin dəqiqə dedim ki, gələn ermənilərdir. Çünki ərazini tanımırdırlar. Asan yolu qoyub, çətini seçiblər. Bu da ərazini tanımamaqlarından irəli gəlirdi.
- Siz nə etdiniz?
- Biz onlara gizli yaxınlaşdıq və silahlarının nədən ibarət olduğunu öyrəndik. Kəşfiyyat zamanı gecə daim Mişni kəndinə qalırdıq. Ona görə də kəndin 4 tərəfində patron qumbara gizlətmişdik ki, birdən bizə hücum olarsa istifadə edək. Ermənilər çox idilər və bütün gizlətdiyimiz patronları bir yerə yığdıq. Artıq axşam üstü saat 4 idi. Elə yer seçdik ki, tam aydın görünsünlər. Qəfildən hücuma keçdik. Döyüşdə bir xeylisini məhv etdik. Digərləri qaçıb kəndin içindəki evlərə girdilər. Bir müddən sonra bir erməni çıxıb, hayes qışqırdı. Fikrətə dedim ki, səndə bərkdən iki dəfə hayes çağır. Fikrət elə də etdi. Bu an onlar bizim erməni olduğumuzu zənn edib, çölə çıxdılar. Əlimizlə işarə etdik ki, gəlin qabağa bunu görən ermənilər tam əmin oldular ki, biz erməniyik. Biz tez yerimizi dəyişdik və ikinci hücuma başladıq. Xoşbəxtlikdən bizə atılan güllələr yan keçdi. Qalan erməniləri məhv elədik. Bir çoxu isə təslim oldu. Artıq 3-4 saat idi ki, döyüş gedirdi. Hava qaralırdı. 53 erməni əsgəri öldürüldü. Əsir düşmüş 17 ermənini götürüb meşəyə tərəf getdik. Yüngül qaçışla gedirdik. Tələsməyimizə səbəb isə erməni ordusunun maşınlarının Hoçaz kəndi tərəfdən köməyə gəlməsi idi. Bizdə qalan patronların ümumi sayı 20 dənə idi. Əgər, əsirlər bilsəydilər ki, bizdə patronları qurtamaq üzrədi, bəlkə qaçmağa cəhd göstərərdilər. Ona görə də bütün gücümüzlə dayanmadan meşənin dərinliklərinə getdik. Gecə 4-də bir balaca yorğunluğumuzu çıxartmaq üçün, yarım saat istirahət etdik. Ermənilərdən bizim dili bilənlər deyirdilər ki, biz ağlımıza gətirməzdik ki, burda azərbaycanlılar olar. Sonra çayı keçib, yola düşdük. İki günə Qorçudakı qərargaha çatanda artıq taqətimiz qalmamışdı. Yol boyu ərzaqımız olmadığından yemlik out, ya da gicitkan ovub yeyirdik. Qərərgaha çatanda bizi və əsirləri görən komandirimiz Akif Səlimov bircə kəlmə dedi: "Siz əsl igidsiniz".
...Üç gün dincəldik. Ancaq bu üç gün ərzində bir gün yatdıq. Sonra məlumat vardı ki, ermənilər Alxaslı və Minkənd kəndlərində mövqe qurublar. Ona görə də komandir bizi nəfəri çağırdı. Dedi ki, sizə güvənim çoxdu və bilirəm ki, yorğunsuz, amma bu vacib əməliyyata siz getməlisiniz. Komandirin əmrini məmuniyyətlə qəbul etdik. Ancaq məlumatın hardan gəldiyini soruşduq. Komandir demədi. Gecə yola çıxdıq. Hava işıqlananda dincəldik. İkinci günü gecə deyilən ərazidə kəşfiyyat apardıq. Evlərdə heç kimin qalmadığı, yəni verilən məlumatın yalan olduğu üzə çıxdı. Ərazi tamam boş idi. Bir gün cəbhədən xəbər verdilər ki, Alxaslı kəndindəm tüstü qalxır. Hadisə yerinə getdik. İki Ural və Qaz 66 maşını ilə kəndə qalan əşyaları qarət edən erməni hərbhçilər evlərə od vururdular. Bu zaman döyüş başladı. Laçın tərəfdən ermənilərə kömək gəldi və vəziyyət daha da gərginləşdi. Bu zaman kəndin arxa tərəfinə keçdik. Çaş-baş qalan ermənilər qaçmağa başladılar. Bir Uaz və Qaz 66 maşınını qoyub qaçdılar. Maşınları Picandakı mövqeylərimizə gətirdik. Laçından başqa Füzuli, Horadiz döyüşlərindən iştirak etmişəm.
- Bildiyimiz babanız 1918-ci ildə ermənilərə qarşı döyüşlərdən olub...
- Babam Məhəmməd Nadir oğlu 1918-ci il və ondan əvvəl ermənilərə qarşı qəhrəmancasına vuruşub. Bu qəhrəmanlıqlarına görə Qarabağ general-qubernatoru Xosrof bəy Sultanov tərəfindən mükafatlandırlıb. Xalq qəhrəmanı Sultan bəy babama at, bir dəfə də beş atılan silah bağışlayıb.
Sonda onu qeyd edim ki, mən hər zaman vətən üçün əsgərəm və müharibə başlayarsa, ən ön sırada mən olacam. Ona görə də bu mənfur düşmənlə qısas günündə görüşmək fiziki sağlamlığımı qoruyur, hər gün idman edirəm. Nə qədər ki, türkün şanlı bayrağı türkün torpaqlarında dalğalanmır, biz əsgər ömrü yaşamalıyıq.
Elnur Eltürk