“İsveçrə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb” Müsahibə

“İsveçrə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb”

Yohan Şnayder Amman: "Heç vaxt Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıb"

İsveçrə Konfederasiyasının Federal Kansleri, İqtisadiyyat, Təhsil və Araşdırma Departamentinin rəhbəri Yohan Şnayder Ammanın "APA"-ya müsahibəsini təqdim edirik.

- Siz hazırkı Azərbaycan və İsveçrə münasibətlərini necə qiymətləndirirsiniz? Azərbaycana səfərinizin məqsədi nədən ibarətdir?
- Ötən il İsveçrə və Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi qeyd edilib. Bu illər ərzində bizim ölkələrimiz arasında sıx əməkdaşlıq və etibarlı tərəfdaşlıq münasibətləri qurulub. Bizim etibarlı texniki əməkdaşlıq da daxil olmaqla siyasi dialoq və iqtisadi münasibətlər sahəsində çox yaxşı və dinamik münasibətlərimiz var. Azərbaycan prezidenti cənab İlham Əliyev hər il müntəzəm olaraq beynəlxalq iş ilini Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF) açır. Dünya İqtisadi Forumu çərçivəsində prezident İlham Əliyevin İsveçrə rotasiya başçısı ilə görüşü artıq özünəməxsus ənənəyə çevrilib.
Bu ikitərəfli dostluq münasibəti ölkələrimiz arasında gələcəkdə münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı fikir və ideya mübadiləsi platforması yaradır. Mən iki il öncə Davosda prezident İlham Əliyevlə görüşümü çox yaxşı xatırlayıram. Pozitiv atmosferdə olan dostluq görüşümüz zamanı biz əməkdaşlıqla bağlı potensial sahələri müzakirə etmişdik. Bir nümunə olaraq İsveçrənin SIKA şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında yeni zavodun açılmasını xatırlatmaq istərdim.
Əlbəttə ki, həmişə növbəti nailiyyətlər qazanmaq üçün imkan var. Mən şəxsən hesab edirəm ki, iki ölkə arasında istifadə edilməyən biznes imkanları mövcuddur. Buna görə də mənim iyulun 8-9-da Azərbaycana baş tutacaq səfərim iqtisadi əlaqələrimizin dərinləşməsi yolunda növbəti mühüm addımdır. Bakıya səfər edən əksər nümayəndə heyətləri İsveçrənin aparıcı müəssisələrinin rəhbərliyində təmsil olunan iş adamlarıdırlar. Azərbaycana səfərimin əsas məqsədlərindən biri Azərbaycanda İsveçrənin özəl sektoru üçün yeni iş imkanlarının müəyyən edilməsi, eləcə də "Bir kəmər-Bir Yol Təşəbbüsü" ilə bağlıdır. Mən əminəm ki, iqtisadi və siyasi sferalarda qərar qəbul edən şəxslər arasında birbaşa təmasların olması hər iki tərəf üçün faydalı olacaq.
- Azərbaycan və İsveçrə arasında mövcud ticarət dövriyyəsinin həcmindən razısınızmı? İsveçrə iqtisadi əlaqələri genişləndirmək üçün hansı addımları ata bilər?
- 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illərə nisbətən aşağıdır. Əlbəttə, ticarət dövriyyəsini artırmaq üçün yaxşı potensial var və şübhə yoxdur ki, ikitərəfli münasibətlərin mövcud səviyyəsi ticarət dövriyyəsinin daha da artmasına kömək edəcək.
Biz anlayırıq ki, Azərbaycan iqtisadiyyatı şaxələndirmək və qeyri-neft sektorunu genişləndirmək üçün islahatlar aparır. Artıq ixracatın, xüsusən də kənd təsərrüfatı məhsulları sahəsində ixracın artımı müşahidə edilir. Bu islahatlar davam etdirilərsə, Azərbaycanın ticarət balansı təkmilləşməkdə davam edəcək. İzah edildiyi kimi, səfərim özəl sektora biznes imkanlarını müəyyənləşdirmək üçün yeni imkanlar açacaq. İsveçrə şirkətləri əlverişli biznes və investisiya mühiti, eləcə də hüququn üstünlüyü, prosedurların və xərclərin proqnozlaşdırılması barədə əmin ola bilsələr, əminəm ki, biz yeni investisiyalar görəcəyik.
Bu da İsveçrənin Dünya Bankı Qrupu ilə birgə 4 milyon ABŞ dolları məbləğində investisiya mühiti sahəsində yeni inkişaf üzrə əməkdaşlıq layihəsinə başlaması üçün bir səbəbdir.
- Hazırda bəzi İsveçrə şirkətləri işğal altındakı Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərirlər. İsveçrə hökuməti bu günə qədər bu məsələ ilə bağlı hansı addımları atıb?
- İsveçrə şirkətlərinin Dağlıq Qarabağ bölgəsində iqtisadi fəaliyyətə başlamasının qarşısını almaq üçün İsveçrə hökumətinin heç bir hüquqi bazası yoxdur. Bununla belə Xarici İşlər üzrə Federal Departament bu bölgədə fəaliyyət göstərə biləcək İsveçrə şirkətlərinin diqqətini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə yönəldir. Bundan əlavə, Xarici İşlər üzrə Federal Departament Dağlıq Qarabağ bölgəsinə və ətraf ərazilərə səyahət etməməyi tövsiyə edir.
Həmçinin vurğulamaq istəyirəm ki, İsveçrə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb və heç vaxt Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almayıb.
- Bildiyiniz kimi, Azərbaycanın neft şirkəti olan SOCAR İsveçrədə fəaliyyət göstərir. Gələcəkdə bu şirkətlə əməkdaşlıqla bağlı sizin hansı planlarınız var?
- SOCAR-ın İsveçrədə mövcudluğu çox güclü və diqqətə çarpandır. Bizim investisiyalarımızın birtərəfli olmamasına ən yaxşı sübut SOCAR-dır. Daha da genişlənməyi hədəfləyən SOCAR-ın İsveçrədə 172 yanacaq doldurma məntəqəsi var.
Bizim ölkədə fəaliyyətdən cəmi bir neçə il sonra SOCAR özünü tanınmış marka kimi təqdim edərək uğur qazanıb. SOCAR-ın nailiyyətləri Azərbaycan və İsveçrə arasında münasibətlərin pozitiv təşviqinin təzahürüdür. Biz Cenevrədə ayrı-ayrı ofislərlə enerji ticarət fəaliyyətini özündə əhatə edən SOCAR-ın İsveçrədəki mövcudluğunu alqışlayırıq.
- Azərbaycanda bir çox İsveçrə şirkəti fəaliyyət göstərir. İsveçrə şirkətlərinin fəaliyyət göstərə və sərmayə qoya biləcəyi digər sahələr barədə nə düşünürsünüz?
- Həqiqətən, dünyada bir çox aparıcı İsveçrə şirkətləri var və onların bəziləri uğurlu biznes fəaliyyətlərini daha da gücləndirməyə davam edirlər. Sement istehsalı şirkəti olan Lafarge-Holcim sayəsində İsveçrə bir neçə ildir ki, Azərbaycanın qeyri-neft sektorundakı ən böyük investorlardan biridir.
Digər bir nümunə isə Azərbaycanın dəmir yolu sisteminin inkişafı və modernləşdirilməsinə yardım edən "Stadler Rail" şirkətidir. Bu şirkətin qatarları Sumqayıt və Bakı arasında uğurlu fəaliyyət göstərir.
İsveçrə şirkətləri Azərbaycanda yüksək keyfiyyətli, yenilikçi və etibarlı həll yollarının təminatçısı kimi tanınır. Mən təhsil sahəsində də bəzi əlavə potensial görürəm. İsveçrə müxtəlifliyi ilə seçilən sinif otaqları və otelçilik məktəbləri ilə tanınır. Həmçinin, qabaqcıl səhiyyə xidmətlərimizlə əlaqədar və bu məqsədlə dünyada ən çox baş çəkilən məkanlardan biri olduğumuz üçün bu sahədə də biznes potensialının olduğunu düşünürəm.
Şərq və qərb, şimal və cənub arasında ticarətin asanlaşması üçün nəqliyyat dəhlizlərini inkişaf etdirmək istiqamətində Azərbaycanın səylərini necə sürətləndirdiyini təəccüblə seyr edirəm. Buna görə də, ölkənizdə şirkətlərimiz üçün böyük maraq doğuran yeni "Bir Kəmər - Bir Yol Təşəbbüsü" çərçivəsində fəal rol oynamaq üçün yaxşı imkanlar var.
Bu sahədə investisiya imkanları ilə bağlı sualınıza gəlincə, ölkəmdə iqtisadiyyat və bizneslə bağlı olduqca liberal bir mövqe hökm sürdüyünü vurğulamaq istərdim. İsveçrə hökuməti bir çərçivə yaradır, lakin özəl sektorun biznes qərarlarına müdaxilə və ya təsir etmir. Keçmiş sahibkar və İsveçrə hökumətinin bir üzvü olaraq, bunu hər iki sahədə öz təcrübəmə əsasən deyə bilərəm. Əlbəttə ki, biznes sektoru səmərəli investisiya imkanlarını müəyyən etdikdə, İsveçrə hökuməti həmişə onlara yardım göstərməyə davam edəcək.
- İsveçrədə "Azərbaycan Ticarət Evi"nin açılması barədə Azərbaycan tərəfindən hər hansı bir təklif olubmu?
- Mənə məlum olduğu qədər belə bir təklif olmayıb. Bununla yanaşı, Azərbaycan hökumətinin ixracatı daha da inkişaf etdirmək üçün yeni təşəbbüsünü yüksək qiymətləndirirəm. İsveçrə Azərbaycandakı iqtisadi islahatları dəstəkləmək üçün faydalı ola biləcəyi təqdirdə, cari əməkdaşlıq strategiyamıza uyğun olaraq şübhəsiz ölkəmiz bu məsələyə diqqətlə yanaşacaq.