“Siyasət qurdlar meydanıdı” Müsahibə

“Siyasət qurdlar meydanıdı”

Bünyamin Qəmbərli: "Burda baş saxlamaq da çətindi, baş çıxartmaq da..."

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təşkilati işlər üzrə katibi Bünyamin Qəmbərlinin 50 illik yubleyidir. Bu münasibətlə onun BAXCP-nin mətbuat xidmətinə müsahibəsini oxucularımıza təqdim edirik.

- Yarım əsirlik bir ömrü başa vurub, növbəti yarım əsrə qədəm qoyursunuz. Yaşadığınız yarım əsrin zirvəsindən dönüb arxaya boylananda nələri görüb sevinirsiniz və yaxud əksinə?
- Bizdə belə bir məsəl var-deyərlər, "nə yatdım ki, nə də yuxu görüm?" Düzü bu ömür necə sürətlə keçdi bilmədim. Ancaq nə qədər sürətlə keçsə də hər yönüylə çox maraqlı, çoxlarının arzuladığı, amma yaşaya bilmədiyi bütöv, tam bir ömür yaşamışam. Demək olar ki, bu ömürdə dadmadığım, yaşamadığım yaşam halı yoxdur. Nələr görmədim bu ömürdə?! Yetimlik, yoxsulluq, təqib, ölmək və öldürmək həyəcanı, əndişəsi, məhbus həyatı və s. Bunlarla yanaşı arzulara çatmaq, xəyalların gerçəyə çevrilməsi, kimsəsizlikdən kimsəyə, umudsuzluqdan umuda çevrilmək sevinci, milyonların arzuladığı bir şərəfli əməllə tarixə düşmənin qüruru, daha nəbilim nələr, nələr... Sıxıntıların, ağrı-acıların üzüntüsündən, uğurların nəşəsindən yolu azmadan Haqqa doğru getmək və sonunda Haqqı, Uca yaradanı tapmaq...

Öylə sərməstəm ki,
idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir,
meyü səhba nədir.

Baxın, əgər Uca Yaradan təkrar olaraq mənim dünyaya gəlməyimə qərar versə və yaşayacağım ömrü seçmək haqqı mənim özümə verilsə inanın təkrar olaraq yaşadığım ömrü seçərəm. Vallah yaşadığım ömür o qədər gözəldi, ləzzətlidi ki, nə acısından imtina edərəm, nə də şirinindən. Belə bir söz var, deyir "heç kim yemədiyi xörəyin dadını bilməz". Mənim yaşadığım ömrün gözəlliyini, ləzzətini mənimlə uyğun ömrü yaşayan dostlarım bilər.
- Milli Azadlıq Hərəkatını həyatınızın hansı dövrü olaraq qiymətləndirərdiniz?
- Bilmirəm necə deyim. Əgər yaşadığım ömrü bir insan orqanizminə bənzətsək, Milli Azadlıq Hərəkatı dövrünü bu orqanizmin bilmirəm şah damarı deyim, beyni deyim, ürəyi deyim, bel sütunu deyim, nəyi deyim? Bəlkə elə bu orqanizmin bütövüdü?! Milli Azadlıq Hərəkatı dövrü ömrümün ən qiymətli hissəsidir. Bu xoşbəxtlik hər adama nəsib olmur. Bu dövrdə və bu qovğada, mübarizədə iştirak edənlərin xoş halına ki, onlara belə bir yaşam və qovğa qismət olub.
- İqtisad elmləri doktoru Əli Əlirzayev sizi orjinal adam kimi xarakterizə edir. Özünüz orjinallığınızı nədə görürsünüz?
- Heç vaxt belə bir şey haqqında düşünməmişəm. Bəlkə də dostlarım, qovğadaşlarım, iş yoldaşlarım və ya ünsiyyətdə olduğum adamlar bunu daha yaxşı bilər ki, məndə hansı xarakterik keyfiyyətlər daha qabarıqdır və ya hansı keyfiyyətlər çatmır. Mən sadəcə harda olmuşamsa, nə işlə məşğul olmuşamsa hər zaman səmimi, dürüst, məsuliyyətli və ədalətli olmağa çalışmışam. Bugünə qədər siyasi mübarizənin ən sərt anlarında belə rəqiblərə qarşı şərəfli qovğanın, mübarizənin tərəfdarı olmuş, qarşıdakılara qarşı şər, böhtan və şantajı qovğa yolu kimi qəbul etməmiş, heç vaxt xırda siyasi maraqlar ardınca qaçmamış, xırda siyasi qruplaşmalarda yer almamış, üzdə bir söz deyib, arxada başqa cür hərəkət etməmişəm. Hər zaman dediyim sözün, elədiyim hərəkətin doğru və yanlış olmasından asılı olmayaraq sahibi olmuşam. Yanlış olanda üzr istəməyi, doğru olub qalib gələndə güzəştə getməyi bacarmışam. Kimin nə deyəcəyinə, necə düşünəcəyinə baxmayaraq hər zaman doğru bildiyim məsələdə qətiyyətli mövqeyim olub. Dünən necəydimsə bu gün də eləyəm, sabaha isə Allah kərimdi! Bəzən bu keyfiyyətlərim düzgün başa düşülmür, yanlış anlaşılır və mənə çox zərər edir. Bəzən də ətrafdakılar və ya qarşıdakılar bu keyfiyyətlərimdən çox insafsızca istifadə edərək mənə çox ağır zərbələr vurur. Bütün bunlara baxmayaraq bu keyfiyyətlərimi dəyişmək istəmərəm. Çünki mən dostlarımı, qovğadaşlarımı və qazandığım çox dəyərləri bu keyfiyyətlərimlə əldə etmişəm.
- "Böyük Azərbaycan yolçusu" kitabında dostlarınızın sizə ürək sözlərində həyat yolunuzun enişli-yoxuşlu, acılı-şirinli olduğu bildirilir. Bu yoldan danışardınız.
- Dostlarım düz deyir. Özlüyümə (tərcümeyi-halıma) baxanda həyat cizgilərim çox ziqzaqlıdı, gah enib, gah qalxıb. Əvvəldə də qeyd etdim ki, bu 50 ildə mənim görmədiyim, dadmadığım yaşam halı yoxdur. Amma bütün bunlara baxmayaraq çox maraqlı bir ömür yaşamışam. İstər orta məktəbdə oxuyanda, istərsə də tələbəlik illərində Azərbaycanın çox böyük şəxsiyyətləri-alimləri, yazarları, siyasiləri ilə oturub-durmuşam. Bu böyük insanların mənə təsiri çox olub. Deyim ki, mənim bir insan kimi, bir vətənsevər, millətçi aydın kimi formalaşmağımda bu insanların çox böyük rolu olub. Bunlarla yanaşı ən ağır, sıxıntılı anlarımda bu böyük insanlar mənə arxa çıxıb, mənə mənəvi-psixoloji baxımdan hərtərəfli dəstək veriblər. Mən bütün bu insanların hamısını, ölənləri rəhmətlə, yaşayanları minnətlə anıram. Sizə bildirim ki, mənim həyatım yalnız şirin yaşantıdan, xoş günlərdən ibarıt olsaydı onda nə siz mənimlə bu müsahibəni aparardız, nə də dediyiniz kitabda mənimlə bağlı o yazılar yazılardı. "Böyük Azərbaycan yolçusu" kitabında fikirlərini yazanlar ona görə elə gözəl yazılar yazıblar ki, mən o çətinliklərdən üzü ağ, alnı açıq çıxmışam. Heç bir sıxıntı, çətinlik qarşısında şərəfimi, ləyaqətimi və simamı itirməmişəm. Nə dostlarıma, nə qovğama, nə də prinsiplərimə dönük çıxmamış.
- İnandırmağı bacarmayanda hansı yola əl atırsınız?
- Bilirsiz, burda məsələ inandırıb-inandırmamaqda və ya inandıra bilməməkdə deyil. Məsələ qarşıdakının məqsəd və mövqeyindədir. Yəni qərəzdə və mərəzdədir. Elə insanlar var ki, yanlış yoldadır, amma səmimi olaraq tutduğu yolun doğruluğuna inanır. Bu insanlar öz yollarına aşırı dərəcədə bağlı olsalar belə bunlarla ünsiyyət qurmaq da, yoldaş olmaq da, yol getmək də mümkündü və vacibdi. Çünki bu adamlarınkı biraz sərt desək mərəzdi ki, geci-tezi bu adamlara müxtəlif yollarla təsir edib bunların mərəzini sağaltmaq, doğru yola gətirmək mümkündü. Amma elə adamlar var ki, bunların bütün dediyi, elədiyi, bir sözlə, bütün yaşantısı qərəz üstə qurulub. Bax bu adamlarla nəinki yol getmək, yoldaşlıq etmək, hətta ünsiyyət qurmağın özü belə çətin və qorxuludur. Çalışıram belə adamlardan uzaq olum, bu alınmayanda isə məcbur qalıram bunların sifətini açıb ətrafdakılara göstərim. Onda isə vəziyyət mənim zərərimə dəyişir. Çünki qərəzin əlacı yoxdu və bataqlıq kimi ona yaxın düşdünsə hər hərəkətin səni bir az da batırır.
- Həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Rahatlığınızı harda tapırsınız - siyasətdə, yoxsa auditoriyada?
- Siyasət çox ağırdı. Bir az obrazlı desək, siyasət qurdlar meydanıdı. Burda baş saxlamaq da çətindi, baş çıxartmaq da. Başını çıxartsan başın gedəcək, başını saxlasan başqa keyfiyyətlərin. Gərək məcazi qurdlar meydanında həqiqi qurdlar kimi ya yatmayasan, ya da ağız-ağıza yatasan. Amma tələbələrlə işləmək siyasətdən fərqli olaraq fiziki baxımdan çətin, yorucu olsa da mənəvi-psixoloji baxımdan çox rahat və xoşdu. Tər-təmiz saf uşaqlardı tələbələr. Onların bu saflığının, təmizliyinin qarşısında onların cığallığı da, şıltaqlığı da adamda heç bir narahatlığa səbəb olmur, əksinə bəzən bir təbəssüm yaradır.
- Bünyamin bəy, "Böyük Azərbaycan yolçusu" kitabında bir neçə şeriniz də verilib.
- Əvvəllər yazırdım. Xüsusi ilə tələbəlik illərində. Onda yazarların dili ilə desək çox məhsuldar işləyirdim. Amma Milli Azadlıq Hərəkatı başlayanda məhşur deyilmiş ifadə kimi qələmi süngüylə əvəz elədim. Səhv etməsəm son şerlərim həbsxanada yazdığım şerlərdi.
- İndi sizdən bir şeir istəsək necə?
- Məmuniyyətlə. Amma deyim ki, öz yazdığım şeirlərin əksəriyyətini tam əzbər bilmirəm. Sizə 1984-cü ildə yazdığım "Gəncə" şeirini oxuya bilərəm:

Gəncə,
gözlərim kor olaydı
səni qapısız görüncə.
Gəncə,
hirsim boğular,
şübhələrim dağılar,
içimdə
inam doğular,
sözlərimi
daşlarına deyincə.
Gəncə,
bir de mənə,
yerəmi batıb,
göyəmi çıxıb
Əlincə?
Səbrim tükənər
səsi gəlincə.
Gəncə,
Novruz bayramıdır,
Öz əlincə
dur tabaq bəzə,
göndər Təbrizə .
Gəncə,
mənmi yanılıram,
ya sən dönmüsən
yumşaq balınca?
Gəncə,
umudlu gəlmişdim
sınıq gedirəm.
Su at dalımca!

xxx

Gəncə,
sən Dərbəndin qardaşısan!
Sən Kərkükdən uzaqlaşır,
sən Təbrizə yadlaşırsan .
Gəncə,
daşların
Qopuz səsinə yerikliyəndən,
küçələrin Ozan olub.
Sənin bu qərib görkəmin
ürəyimi əzən olub.
Gəncə,
sənin bu yetim baxışın
mənə dedi ki,
mən də yetiməm.
Bir az yığışım.
Nə çıxar?
ha səninlə göz-gözə durum,
baxışım .