Avropa Komissiyası Ukraynaya 165 milyard avroluq kredit verməyi təklif edir Dünya

Avropa Komissiyası Ukraynaya 165 milyard avroluq kredit verməyi təklif edir

Avropa Komissiyası 2026–2027-ci illər ərzində Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 165 milyard avroluq kredit verməyi təklif edir.

APA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Politico-nun əldə etdiyi sənədlərə əsasən, Avropa Komissiyası Belçikada saxlanılan Rusiya dövlətinin dondurulmuş aktivlərinin pul dəyərindən istifadə etməklə Ukrayna üçün təzminat krediti təklif edir. Bu kredit Kiyevin qarşıdakı illərdə maliyyə sabitliyini təmin etmək üçün nəzərdə tutulmuş, ümumi dəyəri 210 milyard avroya çatan geniş maliyyə paketinin bir hissəsidir.

Sənədə görə, Ukrayna krediti yalnız Rusiya müharibəni dayandırıb reparasiyaları ödədikdən sonra geri qaytarmalı olacaq.

Belçika hökuməti kredit təklifinə qarşı duran əsas ölkə olaraq qalır. Brüssel tələb edir ki, Moskva aktivləri hüquqi yolla geri ala biləcəyi halda Aİ ölkələri maliyyə zəmanətləri versin.