

Elman Quliyev- 67
Deyir ki, “artıq 30 ilə yaxındır çoxəsrlik tarixə malik özbək ədəbiyyatı problemlərinin tədqiqi ilə məşğulam. Araşdırmalarımın nəticəsi olaraq özbək ədəbiyyatının qədimliyini və qədim olduğu qədər də zənginliyini, bu ədəbiyyatın nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqdə böyük ədəbi-mənəvi hadisə tipində təsdiq və qəbulunu müşahidə etmişəm. Xüsusi olaraq 50 min misralıq türkcə 4 divan, 10 min misralıq farsca 1 divan, 25620 beytlik türkcə “Xəmsə”, 20 elmi-fəlsəfi əsər müəllifi kimi tanınan Əlişir Nəvai yaradıcılığını özündən sonrakı 500 illik bir dövrdə müxtəlif ədəbi mərhələlərin formalaşma və inkişafı üçün əhəmiyyətli ədəbiyyat və mənəviyyat hadisəsi hesab edirəm. Lakin bütün bunların fonunda çoxəsrlik tarixə malik Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin mövcudluğu problemlərinə xüsusi diqqət ayıraraq, bu istiqamətdə müəyyən araşdırmalar aparmışam. Nəvainin “Xəmsə”yə daxil etdiyi poemalarında Nizamiyə, Marağalı Əşrəfə, “Məcalisin-nəfais” təzkirəsində Şah Qasım Ənvara olan münasibətindən tutmuş müasir mərhələdə Zülfiyyənin Səməd Vurğuna olan dərin ehtiramına qədərki 500 illik zaman aralığında özbək mənəviyyatında Azərbaycan ruhuna olan hörmət və sevgini izləyə bildim. Təbii ki, bu cür əlaqə və yaxınlıq digər türk xalqları arasında da mövcuddur. Çünki kökü eyni olan türk xalqları müxtəlif ərazi, region, hətta mühitdə yaşasalar belə, onlar eyni ruhi və mənəvi dəyərlərdən, eyni bədii təfəkkür və düşüncədən heç vaxt uzaq olmayıblar...”
Ünsiyyətdə nəzakətli və mədəni davranışa önəm verir. Ani dəyişikliklərdən xoşu gəlmir, təsadüflərdən uzaq durmağı üstün tutur. Rahat və mehriban xarakteri onu bir dost kimi dəyərli edir. Planlı və düşüncəli şəkildə hərəkət etməyi xoşlayır. İntuisiyasına çox güvənir və başqalarının görə bilmədiklərini tez hiss edir. Dostluqda dərin emosional bağlılıq axtarır. O, azadlıq aşiqidir və məhdudlaşdırılarkən çox narahat olur. Nəinki öz problemlərini, həm də ətraf mühitin haqsızlıqlarını açıq şəkildə görür və bunlara qarşı mübarizə aparmaqdan çəkinmir. İnsanları sevən, lakin çoxluqdan uzaq olmağa çalışan bir insandır. Həyatında sülh və ədalət axtaran, buna görə daim çalışqan və məqsədyönlü şəxsdir. Onun həyatında yalnız ağıllı və bacarıqlı insanlar yer alır, çünki o, özü kimi zəkalı şəxslərlə ünsiyyət qurmağa üstünlük verir. Yalanı sevmir və həmişə də doğru danışmağa çalışır...
“1991-ci ildə Azərbaycan və Özbəkistanda milli müstəqilliyin bərpası iki qardaş xalqın bütün sferalarda olduğu kimi, ədəbi mühitdə də əlaqələrinin genişlənməsinə təkan verdi. Min illər boyu eyni bədii zövqün, eyni mənəviyyatın yolçuları olan Azərbaycan və özbək yazarları hər iki xalqın ruhi-mənəvi birliyinin möhkəmlənməsi naminə işlər gördülər. Xüsusi olaraq, 1988-ci ildən sonra Azərbaycanın üzləşdiyi Qarabağ problemləri zamanı yurd-torpaq itkilərimizə, didərginlik fəryadımıza, bir milyonluq qaçqın-köçkün harayımıza və s. məsələlərə münasibətdə bir çox özbək yazarının içdən gələn duyğularını qardaş təəssübkeşliyinin ən bariz göstəricisi hesab etmək olar. Bu prosesin davamlı olması 30 illik Qarabağ haraylarımızın özbək ədəbiyyatında bu və ya digər dərəcədə yer alması üçün mühüm rol oynayıb. Türk milli təəssübkeşliyi və qardaşlıq münasibətlərinin nəticəsi olaraq özbək yazarları bədii yanaşmada Azərbaycanın 30 il müddətində üzləşdiyi faicələri kədər, dərd hissi ilə, 44 günlük müharibə uğurlarımızı, qələbə zəfərimizi isə böyük sevinc duyğusu ilə ifadə etdilər. Azərbaycanın dərdini dərd, sevincini sevinc kimi yaşayan özbək şairləri öz poetik mühakimələri ilə üzərlərinə düşən işin öhdəsindən layiqincə gələ biliblər.”- söyləyir.
Haqqında söhbət açdığım Elman Quliyev 1958-ci ildə Lerik rayonu, Zuvand mahalının Kələxan kəndində anadan olub. 1991-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetdə işləyir. 2004-cü ildə “M. Şəhriyar yaradıcılığının təkamülü (milli problemlər kontekstində)” mövzusunda doktorluq disertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnib. Hazırda ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk odası” və “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəridir. Xidmətlərinə görə 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. AMEA-nın Nizami adına Ədəbiyyat İnsitutu və AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnsitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Şuralarının, həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvüdür...
ADPU-nun kafedra müdiri, filologiya elmləri doktoru, professor Himalay Qasımov onu belə xarakterizə edir: “Təkcə Azərbaycanda yox, türk dünyasında tanınan, seçilən alim yazdığı əsərləri, kitabları və sonsuz sayda məqalələri, ümumtürk ədəbiyyatşünaslıq elminin inkişafı üçün gördüyü işlərlə elmi-ədəbi mühitin sevgisini, sayğısını qazanıb. Elman müəllim mənə Azərbaycan Dövlət Pedaqoji Universitetində həm bakalavr, həm də magistr pillələrində dərs deyib. Onun qədim dövrdən müasir zamana kimi türk xalqları ədəbiyyatını müqayisəli şəkildə öyrətməsi, dərsi bütün ruhu ilə keçməsi, düşündüklərini tələbəyə çatdırmaqdan ötrü sözünü əsirgəməməsi heç yadımdan çıxmır. Bu mənada müəllimim haqqında hər şeydən əvvəl onu deməliyəm ki, o, qətiyyən qısqanc deyil, özündən sonrakı nəsilə də, həmkarlarına qarşı da səxavətlidir. Bildiklərini öyrətməyə, bölüşməyə, əlindən gələn köməyi etməyə hər an hazırdır və elmə yeni-yeni gələn bir çox gənclər məhz bundan, Elman müəllimin səxavətindən pay götürüblər. Rəhbəri olduğu "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzində gördüyü səmərəli işlərlə, təşkil etdiyi tədbirlər və konfranslarla Elman müəllim bir çox gənclərin yetişməsinə, elm yoluna qədəm qoymasına səbəb olub.”
Professor Elman Quliyev bir çox elmi tədqiqat əsərlərinin müəllifidir. Onun indiyə qədər “Mirzə İbrahimov: Ədəbi-estetik görüşlər və sənətkarlıq məsələləri”, “Seyid Məhəmmədhüseyn Şəhriyar”, “Müasir özbək ədəbiyyatı tarixi”, ““Heydərbabaya salam” necə varsa”, “Türkiyə türk ədəbiyyatı”, “Şəhriyar poeziyası və milli təkamül”, “Şəhriyar poetikası”, “Özbək ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri”, “Orta əsrlər türk xalqları ədəbiyyatı”, “Şərq xalqları ədəbiyyatı” 2 cilddə, “Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı”, “Türk xalqları ədəbiyyatı” və başqa kitabları işıq üzü görüb. Hətta kitablarının bir qismi xaricdə də nəşr olunub. Bu sırada “Türk halkları edebiyatı” (Almaniya, 2019) və “Abay Kunanbayev” (Ankara, 2020) adlı araşdırması xüsusi yer tutur...
Akademik İsa Həbibbəyli "Ədəbiyyatşünaslıq elmində bəlli bir sima" adlı məqaləsində yazır: "Elman Quliyev yeni epoxanın geniş dünyagörüşüna malik, ciddi araşdırmaların və ümumiləşdirmələrin müəllifi olan yüksək hazırlıqlı, peşəkar türk ədəbiyyatı mütəxəssisi kimi diqqəti cəlb edir. Elman Quliyevi Azərbaycan elmində yeni dövrün ədəbiyyat ağırlıqlı türkologiyasının yaradıcılarından biri hesab etmək olar. Professor Elman Quliyevin Azərbaycan ədəbiyyatına dair tədqiqatları da həm ölkə ədəbiyyatşünaslığında, həm də ümumtürkoloji ədəbiyyatşünaslıq mühitində xüsusi çəkiyə malikdir".
Göründüyü kimi professor Elman Quliyevin ədəbiyyatşünaslıq sahəsindəki araşdırmaları daha çox Azərbaycan ədəbiyyatının çağdaş mərhələsini əhatə edir. Xüsusilə, Cənubi Azərbaycanda yaranan ədəbi prosesin bəzi görkəmli şəxsiyyətlərinin yaradıcılığının öyrənilməsi bu baxımdan diqqəti çəkir. Lakin onun yaradıcılığının əsas xəttini Türk dünyası ədəbiyyatının öyrənilməsi təşkil edir. Ən qədim dövrlərdən tutmuş çağdaş dönəmədək ayrı-ayrı Türk xalqlarının ədəbiyyatının keçib gəldiyi yolun elmi-nəzəri mənzərəsinin yaradılması, görkəmli şəxsiyyətlərinin tanıdılması onun araşdırmalarının əsasında dayanır...
İyulun 23-ü professor Elman Quliyevin növbəti ad günüdür, 67 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram. Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu