“Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində” Ədəbiyyat

“Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində”

AMEA-da bu mövzuda beynəlxalq elmi konfrans keçirilib

İyunun 19-da AMEA-nın Fəlsəfə İnstitutunda “Müasir dövrün çağırışları Azərbaycan və Bolqarıstan fəlsəfəsi kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Bolqarıstandan olan alim və mütəxəssislərlə görüşün əhəmiyyətindən danışıb. O, Azərbaycan-Bolqarıstan əlaqələrinin uzun illərdir ki, yüksək səviyyədə inkişaf etdiyini, iki ölkənin dövlət başçılarının dəfələrlə birgə tədbirlərdə iştirak etdiklərini deyib. Bildirib ki, Prezident İham Əliyev tərəfindən Azərbaycan ilə Bolqarıstan arasında iqtisadi, sosial, siyasi, eləcə də elmi sahələrdə əlaqələrin qurulmasına hər zaman böyük diqqət göstərilmiş, ikitərəfli əməkdaşlığa dair çoxsaylı sənədlər imzalanmışdır.
Sonra İsa Həbibbəyli AMEA-nın Bolqarıstan elmi ictimaiyyəti ilə mövcud olan çoxşaxəli əlaqələrindən danışıb. Cari ilin oktyabr ayında Bolqarıstan Elmlər Akademiyasının (BEA) 150 illik yubileyinin keçiriləcəyini, yubiley tədbirində AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak edəcəyini diqqətə çatdırıb. O, həmçinin AMEA-nın Ədəbiyyat İnstitutu ilə BEA arasında əməkdaşlığın mövcud olduğunu, iki elmi müəssisənin alim və mütəxəssislərinin birgə layihələrdə iştirak etdiklərini nəzərə çatdırıb. Bolqarıstanda 1 milyona yaxın türkün yaşadığını deyən alim onların ölkənin elmi-ictimai həyatında fəal iştirak etdiklərini diqqətə çatdırıb: “Bu insanların arasında mühüm elmi tədqiqatlarla məşğul olan alimlər, elmlər doktorları, professorlar vardır”.
Natiq uzun illərdir ki, Bolqarıstanda sabitliyin, sülh və əmin-amanlığın hökm sürdüyünü, multikultural mühitin tam şəkildə təmin olunduğunu bildirərək bu baxımdan da Bolqarıstanın əhəmiyyətli ölkələrdən olduğunu vurğulayıb. Hər bir müstəqil ölkədə antropoloji tədqiqat mərkəzlərinin yaradılmasının zəruri olduğunu deyən akademik İsa Həbibbəyli Bolqarıstanın Antropologiya İnstitutu ilə birgə tədqiqatların aparılmasının vacibliyini önə çəkib. Bolqarıstanda fəaliyyət göstərən Antropologiya muzeyinin təcrübəsinin öyrənilməsinin məqsədəuyğun olduğunu qeyd edib. İsa Həbibbəyli BEA-nın İctimaiyyətşünaslıq İnstitutu ilə AMEA-nın Fəlsəfə İntitutu arasında əməkdaşlığın təşkili və möhkəmlənməsi, elmi layihələrin həyata keçirilməsi, eləcə də hər iki ölkənin alimlərinin Qaradəniz ətrafında aparılan arxeoloji qazıntılarda birgə iştirakına dair təkliflər irəli sürüb.
Daha sonra Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Gələcək dünya nizamı və mədəniyyətlərin qarşılıqlı əlaqəsi”, institutun şöbə müdiri, professor Zümrüd Quluzadənin “Postsovet elmi məkanında fəlsəfənin inkişaf qanunauyğunluqları və fəlsəfə tarixi elminin problemləri”, Albena Nakovanın “Multi-etnik cəmiyyətlərdə kütləvi miqraişığında fərqlilik problemi”, f.ü.f.d. Zöhrə Əliyevanın “Müasirliyin qlobal çağırışları və milli maraqlar”, Boqdana Todorovanın “Bolqarıstanda fəlsəfə kontekstində müasir problemlər”, f.ü.f.d. Şölət Zeynalovun “Dialoq fəlsəfəsi müasir çağırışların prioriteti kimi” və f.ü.f.d. Anar Qafarovun “Müasir dövrdə birgəyaşayışın fəlsəfi əsasları” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə tədbirin Azərbaycan və Bolqarıstan arasında elmi-mədəni əlaqələrinin daha da möhkəmlənməsi, elm sahəsində birgə tədqiqatların aparılması və mühüm elmi nailiyyətlərin əldə olunması, eləcə də kadr və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində geniş imkanlar açacağı qeyd olunub. Çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycan-Bolqarıstan elmi əlaqələrinin gələcəkdə də davam etdirilməsinə dair təkliflər irəli sürülüb.