İraq-türkman ədəbiyyatı -  1-ci yazı Ədəbiyyat

İraq-türkman ədəbiyyatı -  1-ci yazı

***
İraq türkmanlan İraq Respublikasının Kərkük və ya Türkmaneli adlanan bölgəsində yaşayırlar. Bu bölgədə 3 milyondan çox türkman yaşayır ki, onlar İraqda yaşayan əhalinin 13 faizini təşkil edir. Mosul, Kərkük, Ərbil, Səlahəddin, Diyala İraq-türkmanlarının daha sıx yaşadığı vilayətlər hesab olunur. Türkmanlar oğuz tayfa qrupuna daxildirlər. Türkman adını onlar İslam dinini qəbul etdikdən sonra daşımağa başlamışlar. Bu etnonim mənbələrdə gah “türkman”, gah da “türkmən” kimi işlədilir. Əslində isə bu sözün “türkman” şəklində işlədilməsi daha məqsədəuyğundur. “Türkman” kəlməsi “türk” və “man” tərkiblərindən ibarətdir ki, “əsl türk”, “xalis türk”, “ulu türk”, “türkə oxşayan”, “türk adamı”, “türk əsgəri”, “cəsur”, “igid” və s. anlamlara uyğun gəlir. Tədqiqatçılar türkmanların Türküstandan Azərbaycana, oradan da İraqa köçüb gəldiklərini qeyd edirlər. İraqlı tədqiqatçı Mustafa Cavad “İraq türklərinin tarixi” (1946) araşdırmasında göstərir ki, bu köç təxminən VII əsrdə başlamış, xüsusilə Əməvilər və Abbasilər dövründə İraqda türklərin mövqeyi möhkəmlənmiş, Səlcuqlar hakimiyyəti illərində İraqda türkman xanlıqları yaradılmış, Cəlairilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövründə də türkmanların İraqa axını davam etmişdir. Kərküklü alim Hidayət Kamal Bayatlı “İraq-türkman türkçəsi” (Ankara, 1996) kitabında İraq türkmanlarının bir qisminin 1505-1524-cü illərdə Şah İsmayıl Xətai tərəfindən İraqa yerləşdirildiyini bildirir. Onu da qeyd edək ki, tarixin müəyyən dönəmlərində türkmanların İraqdan Azərbaycana da dönüşləri olub. Məsələn, Əbülqazi Bahadır xan “Şəcəreyi-tərakimə” əsərində İraqın Bayındır elində yaşayan “min evlik türkman”ın bu torpaqlardan qaçaraq Şamaxıya gəlmələri barədə məlumat verir.
İraq-türkman ədəbiyyatı ümumtürk ədəbiyyatının ayrılmaz tərkib hissəsidir. İlk növbədə İraq-türkmanları xalq yaddaşından süzülüb gələn, xalqın mənəvi bütövlüyünü təmin edən, milli epos düşüncəsi və lirik duyğuların məhsulu olan zəngin folklor irsinə sahibdirlər. Xalq yaradıcılığı nümunələri içərisində İraq-türkman nağıllarının xüsusi yeri vardır. İraq-türkman ədəbiyyatında nağıllar “matal” adlanır. İraq türkmanlarında nağılları gündüz yox, gecə söyləmək ənənəsi mövcuddur. Belə bir fikir formalaşdırılıb ki, hansı uşaq gündüz nağıl danışsa başına buynuz çıxar, böyüklərdən kimsə nağıl söyləsə o pulsuz qalar, müflisləşər. Böyük türkmanşünas alim prof. Qəzənfər Paşayev tərtib etdiyi “İraq-türkman nağılları” kitabında qeyd edir ki, “İraq-türkman nağılları bir qayda olaraq nağılın məzmunu ilə əlaqəsi olmayan pişrovla başlayır. Pişrovdan sonra giriş-başlanğıc gəlir. Lakin realist nağılların əksəriyyəti pişrovsuz-filansız - “Var idi, yox idi, bir avçı var idi”, “Biri var idi, biri yox idi, darın dünyasında (yer üzündə) bir padşah var idi” və s. kimi başlayır”.
İraq-türkman nağılları mövzu, məzmun, ideya və s. Xüsusiyyətlərinə görə aşağıdakı şəkildə qruplaşır: Sehrli nağıllar (“Xayın vəzir”, “İlan şahı”, “Odunçu qızı”, “Altunbaş oğlan” və s.), qarışıq sehrli-məişət nağılları (“Div nənə”, “Qısqanc adam”, “Məhəmməd Çələbi”), tarixi nağıllar (“Şah və pinəduz”, “Bəhlul Danəndə”, “Yəhərçi qızı”), ailə- məişət nağılları (“Yola nərdivan ataq”, “Həyasız arvad”, “Göyərçin otu”, “Dərdsizin bir dərdi”), uşaq nağılları (“Başqaları da aldanmasın”, “İnad xoruz”, “İki keçəl”) və s.
Türkman folklor nümunələri sırasında dastan nümunələri də yer almışdır. İraq-türkmanları nağıl kimi dastanlara da “matal” deyirlər. “Leyli və Məcnun”, “Yusif və Züleyxa”, “Əsli və Kərəm”, “Fərhad və Şirin”, “Koroğlu”, “Arzu-Qəmbər” daha geniş yayılmış dastan nümunələri hesab olunur. İraq-türkman folkloruna Azərbaycan folklor yaradıcılığının böyük təsiri olub. Bu mənada yuxarıda adları sadalanan dastanları Azərbaycan dastanlarının bilavasitə təsiri ilə yaranmış türkman dastan variantları hesab etmək olar. Bu dastanlar Azərbaycan variantlarından kəskin şəkildə fərqlənmir.
Türkman xalq yaradıcılığı nümunələrində xoyratların xüsusi yeri vardır. Xoyratlar quruluş baxımından bayatılardan fərqlənmir. Xoyratlar əsasən 4 misra olmaqla, bayatı kimi aaba şəklində qafıyələnir.

Necə dağlar
Qarşıda necə dağlar.
Yetim yanağı bilər,
Göz yaşı necə dağlar.

Lakin misralarının sayma və qafiyələnmə sisteminə görə müxtəlif quruluşlu xoyratlar da mövcuddur. Məsələn:

Yaş qurudu
Gün doğar, yaş qurudu.
Bu sinəm göz-göz oldu.
İçində yaş qurudu.
Gerçəyi inkar edən
Ha deyər, yaş qurudu.

Göründüyü kimi, bu xoyratda misraların sayı altıdır, qafiyələnmə sistemi isə aabaca şəklindədir.
İraq-türkman folkloru türkmanların yazılı ədəbiyyatına böyük təsir göstərib. İraq-türkman yazılı ədəbiyyatının tarixi böyükdür. XVI əsrə qədər türkman ədəbiyyatı mətnləri əsasən Azərbaycan ləhcəsində olmuşdur, lakin XVI əsrdə (1534-cü il) İraqın Osmanlı hökmranlığının asılılığına düşməsi səbəbindən türkman ellərinin yazılı ədəbiyyatında Osmanlı türkcəsi üstünlük təşkil etməyə başlayıb. Orta əsrlərdə İraq-türkman ədəbiyyatı xalq və divan ədəbiyyatı olaraq iki istiqamətdə inkişaf edib. XVI əsrdə Əhdi, Bağdadlı Ruhi, Növrəsi, Novruzi, Berdi, Ərbilli Qəribi, Əsəd, Halis, Xaki və digər ozanlar xalq şeiri üslubunda yazıb-yaratmışlar. XVI əsrlə müqayisədə XVII-XVIII əsrlər İraq-türkman ədəbiyyatı o qədər də güclü inkişaf etməyib. Lakin Səfi, Şeyx Rza, Urfi, Zeynal Abidin, Rauf Görkəm və başqalarının simasında XIX əsr İraq-türkman ədəbiyyatında ədəbi prosesin dinamikliyini müşahidə etmək mümkündür. Ancaq onu qeyd etmək lazımdır ki, bu mərhələlərdə İraq-türkman ədəbiyyatına İ.Nəsimi və M.Füzulinin böyük təsiri olmuşdur. XIX əsrin sonu, XX əsrin əvvəllərində isə İraq-türkman ədəbiyyatında avropayönlü təsirlər özünü göstərməyə başlamyıb. 1913-cü ildə Məqqi Ləbibin “Gözlük” adlı hekayəsi və 1915-ci ildə Xeyrəddin Farukinin “Qadın qəlbi” adlı romanı İraq-türkman ədəbiyyatında ilk hekayə və ilk roman nümunəsi kimi diqqəti cəlb edir.
Mövlud Taha Kayacı, Həmzə Hamamçıoğlu, İsmət Özcan, Nüsrət Mərdan, Kamal Bayatlı, Çingiz Bayraqdar, Cəlal Polat, Mehmet İzzət Həddat, Salah Tuzlu, Nəsrin Ərbil, Əbdüllətif Bəndəroğlu və s. sənətkarlar muasir dövr İraq-türkmən ədəbiyyatının inkişafında əhəmiyyətli rol oynamışlar. Müasir İraq-türkman ədəbiyyatına dahi Azərbaycan şairi M.Şəhriyarın təsiri kifayət qədər güclü olub. Belə ki, İraq-türkman ədəbiyyatında M.Şəhriyarın “Heydərbabaya salam” poemasına 40-dan çox nəzirə yazılıb, yazılmış nəzirələrin 30-dan çoxu kitab şəklində çap olunub. Onu da qeyd edək ki, İraq-türkman ədəbiyyatında M.Şəhriyarın “Heydərbabaya salam” poemasına ilk nəzirə 1965- ci ildə yazılıb. Həmin ildə qələmə alınmış İsmayıl Sərttükmanın “Gurgurbabaya salam” və Hüseyn Ali Mübarəkin “Tuzxurmatı” adlı poemaları Şəhriyar ənənəsinə uyğun yazılmış ilk nəzirələr hesab olunur. Müasir İraq-türkman ədəbiyyatının tanınmış nümayəndələri olan Əbdüllətif Bəndəroğlu, Məhəmməd Mehdi Bayat, Sabah Abdulla, Səlahəddin Naci, Şəmsəddin Türkman, Sabir Dəmirçi, Nəcib Şeyx Vahab, Orxan Həsən, Burhan Yaralı, Cəlil Qazançıoğlu, Husam Həsrət, Əsəd Ərbil, Kamal Mustafa Dakuklu, Faruk Faiq Köprülü, Rza Çolaqoğlu və s. kimi sənətkarlar Şəhriyardan təsirlənərək “Heydərbabaya salam” poemasına nəzirələr yazmışlar.
İraq-türkman ədəbiyyatının görkəmli nümayəndəsi Əbdüllətif Bəndəroğlu 1937-ci ildə Kərkük elinin Tuzxurmatı qəsəbəsində anadan olmuşdur. Əbdüllətif Bəndəroğlu “Hekayə” adlı şeirində doğulduğu məkan haqqında belə yazır:

Mənim doğulduğum elçə
Tuz və xurma ocağı
Suyu ağ, dağı yücə...

O, orta təhsilini Kərkükdə tamamlayıb. Bədii yaradıcılığa 13 yaşında - 1950-ci ildə sərbəst vəzndə yazdığı “Yavaş” adlı şeiri ilə başlayıb. O, 1952-ci ildə “Nazim Hikmətə bir məktub” şeirini qələmə alır. Bu şeir 1958-ci ildə Bağdadda nəşr olunan “Əl-insaniyyə” qəzetində çap olunur. Həmin şeir Əbdüllətif Bəndəroğlunun mətbuatda çap olunan ilk şeiri hesab edilir. O, siyasi fəaliyyətinə görə 1956-cı ildə neft şirkətləri üçün kadr hazırlayan məktəbdən xaric edilib. Bundan sonra memarlıq peşəsinə yiyələnmişdir. Keçən əsrin 50-ci illəri İraqda ictimai-siyasi və ədəbi-bədii proseslərinin dirçəliş dövrü kimi xarakterizə olunur. 1958-ci ildə İraq Respublikasının elan edilməsindən sonra İraq-türkmanlarına mədəni haqların verilməsi onların mədəni dirşəlişi üçün geniş imkanlar yaratdı. Bir neçə qəzetin dərc olunması, Bağdad radiosunda türkmanlara 30 dəqiqəlik yayım vaxtının verilməsi, müəyyən mədəniyyət dərnəklərinin yaradılması mədəni qurumların fəaliyyəti üçün imkanları genişləndirdi, ilk növbədə isə İraq-türkman ədəbiyyatının inkişafına güclü təsir göstərməyə başladı.
Əbdüllətif Bəndəroğlu bu illərdə ana dilində yazdığı xoyrat, qəzəl, qəsidələri ilə yanaşı, ərəb dilində “Müharibənin səsi”, “Sonuncu görüş”, “Aşiqlərin həyatı” və s. hekayələrini də yazıb. Bu dövrdə o, siyasi fəaliyyətdən də kənarda qalmayıb, bu səbəbdən daim siyasi rejimin təzyiqləri ilə üzləşib. Əbdüllətif Bəndəroğlu siyasi təqiblərə məruz qaldığı üçün 1964-cü ildən sonra Yunanıstan və Bolqarıstanda mühacirət həyatı yaşayıb. Sofiya şəhərində türkcə çıxan qəzet və jurnallarda əsərləri çap olunmuş və əldə etdiyi qonorar hesabına yaşayıb. Bu dövrdə şairin “Yeni işıq”, “Xalq gəncliyi” qəzetlərində və “Yeni həyat” dərgisində milli-azadlıq ideyaları əks etdirən şeirləri dərc olunub. Bundan başqa onun “Arzu və Qəmbər, yaxud eşq uğranda ölənlər” pyesi aktyorların ifasında Bolqarıstanda Sofiya radiosu vasitəsilə dinləyicilərə təqdim edilib.
O, 1965-ci ildə İraqa qayıtmış və ictimai-siyasi fəaliyyətini genişləndirib. Əbdüllətif Bəndəroğlu 1970-ci ildə “Yurd” qəzetini çıxarmaqla ərəb dünyasında türkün tarixi, ədəbiyyatı və mədəniyyətinin kütləvi təbliğatı üçün imkanlar yaradıb. Bu dövrdə İraq İnformasiya Nazirliyi nəzdində İraq-türkman mədəniyyət müdirliyinin yaradılması, televiziya və radioda türkmanca efir vaxtlarının uzadılması, ana dilində məktəblərin açılması və s. hallar türkmanların ədəbi-mədəni inkişafında mühüm rol oynayıb. Əbdüllətif Bəndəroğlunun keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanla sıx əlaqələri olub. O, 1992-ci ildə Bakı Dövlət Universitetinin fəxri doktoru seçilib, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yazıçılar Birliyi ilə əlaqələrini genişləndirməyə başlayıb.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor