

Azərbaycan mediası son üç ildə beynəlxalq informasiya məkanında öz nüfuzunu gücləndirərək tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələni səciyyələndirən əsas xüsusiyyətlərdən biri ölkənin artıq informasiya istehsalçısı kimi çıxış etməsi, Azərbaycanla bağlı transmilli və xarici media qurumları tərəfindən istinad edilən əsas mənbəyə çevrilməsidir.
Əvvəllər Azərbaycanla bağlı xəbərlər beynəlxalq mediada daha çox transmilli media qurumlarına, hətta qonşu ölkələrin – xüsusən də Rusiya və Türkiyə kimi regional güclərin media orqanlarına istinadla yayımlanırdı. Lakin son üç il ərzində qlobal informasiya məkanında əsas istinad nöqtəsi məhz Azərbaycan mediası olub. Bu mühüm dəyişiklik, yerli media qurumlarının operativlik, eksklüzivlik və peşəkarlıq səviyyələrinin artması, mediaya daha konseptual baxışla izah olunur.
Əlbəttə, Azərbaycanda əvvəllər də bir neçə agentlik və televiziya kanalı mövcud idi ki, onlara zaman-zaman xarici KİV-lər istinad edirdi. Lakin xüsusilə Zəfər – Vətən müharibəsinin birinci mərhələsində daha çox Türkiyə mediasının fəallığı diqqət çəkirdi. Amma cəmi bir il keçdikdən sonra, qısamüddətli antiterror əməliyyatı zamanı dünya mediasında əsas istinad mənbəyi artıq Azərbaycan mediası oldu. Bu dəyişiklik, yerli medianın hadisə yerindən verdiyi eksklüziv reportajlar, birbaşa canlı yayımlar və operativ informasiyalarla mümkün oldu.
Dünya Azərbaycan mediasına istinad edir
Daha sonra Azərbaycanla bağlı baş verən digər qlobal əhəmiyyətli hadisələrdə də bu tendensiya davam etdi. COP29 kimi mühüm beynəlxalq tədbirdə – baxmayaraq ki, burada dünyanın dörd bir yanından yüzlərlə media quruluşu iştirak edirdi – Azərbaycan mediası ön planda oldu və ciddi istinad mənbəsi kimi çıxış etdi. Yerli media bu tədbirdə yalnız iştirakçı deyil, həm də xəbər mənbəyi rolunu uğurla oynadı.
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması da Azərbaycan mediasının nüfuzunun göstəricilərindən biri oldu. Bu hadisə ilə bağlı dünyanın demək olar ki, bütün qitələrində yayılan xəbərlərdə əsas istinad mənbəsi olaraq Azərbaycan informasiya agentlikləri və aparıcı xəbər portalları-xüsusilə Azərtac, APA, Trend, Report agentlikləri, Caliber portalı, "Anewsz"və "CBC" kanalları öncüllük təşkil edirdi.
Müxtəlif dillərdə xəbər yayımı ilə məşğul olan bu mənbələr beynəlxalq medianın əsas istinad mənbəyi idi. "BBC", "Al Jazeera", "Reuters", "The Washington Post", "The New York Times" kimi aparıcı media qurumları, hətta Hindistan və İndoneziya mətbuatına qədər olan geniş arealda qəza ilə bağlı xəbərlər əsasən Azərbaycan mediasına istinadla paylaşdı. Beləliklə, media orqanlarımız bu hadisədə birbaşa informasiya yayıcısı kimi çıxış etdi.
Bütün bunlar göstərir ki, ölkədə son illərdə media siyasəti düzgün və strateji əsaslı qurulur. Əvvəllər “özümüz yazıb, özümüz oxuyurduqsa”, bu gün Azərbaycan mediasına beynəlxalq müstəvidə olan maraq və istinadlar sübut edir ki, artıq informasiyanın mənşə mənbəyi rolunu oynayırıq. Eksklüziv xəbərlərin yerli media vasitəsilə yayılması, ölkə mediasının xarici informasiya qurumları ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsini verir.
Prezidentin informasiya strategiyası: medianın qlobal nüfuzunun artmasında liderlik rolu
Prezident İlham Əliyevin informasiya strategiyası Azərbaycan mediasının beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə həyata keçirilən media islahatları və texnoloji modernləşmə, ölkənin informasiya təhlükəsizliyini gücləndirib. Prezidentin yerli və xarici mediaya verdiyi müsahibələr, çıxışlarının müxtəlif dillərdə yayımlanması, Azərbaycanın qlobal informasiya məkanında mövqeyini möhkəmləndirib. Bu strategiya, həm də milli maraqların müdafiəsində medianın effektivliyini artırıb. Nəticədə, Azərbaycan mediası regional və beynəlxalq informasiya axınında etibarlı mənbə kimi tanınıb.
Ölkə Prezidentinin media ilə əməkdaşlığı da bu prosesdə önəmli rol oynayır. Prezidentin mütəmadi olaraq yerli televiziyalara verdiyi müsahibələr və həmin müsahibələrin müxtəlif dillərdə yayımlanması informasiya dövriyyəsində yeni mərhələ yaradıb.
Artıq ənənə halını almış Şuşa Beynəlxalq Media Forumunda Prezident İlham Əliyev saatlarla yerli və xarici medianın suallarını cavablayır. Prezident ildə bir neçə dəfə yerli və xarici beyin mərkəzlərinin nümayəndələri ilə görüşür, o görüşlərdən dünya mediasına manşet olan açıqlamalar yayılır.
Azərbaycan mediası Prezidentin səfərlərində
Azərbaycan Prezidentinin səfərlərinin işıqlandırılması ilə bağlı edilən uğurlu dəyişiklik də mediamızın nüfuzuna önəmli təsir edib. Heç kimə sirr deyil ki, bu gün İlham Əliyev dünyada diqqət mərkəzində olan liderlərdən biridir. Onun səfərləri, açıqlamaları regional və beynəlxalq media üçün xəbərdir.
Azərbaycan mediası illərlə Prezidentin görüşləri, səfərləri ilə bağlı xəbərlərin operativ işıqlandırılmasında maneə və problemlə üzləşib. Son bir ildə ilə Prezidentin səfər və görüşləri çox operativ, bəzən anbaan işıqlandırılır. Prezident Əliyevin görüş və səfərlərindən keyfiyyətli canlı yayınlar təşkil olunur və bu yayınları dövlət televiziyası ilə yanaşı, digər özəl və kabel televiziyalarının da yaymasına şərait yaradılır.
Dövlət agentliyi ilə yanaşı APA, Trend, Report kimi aparıcı agentliklər, İctimai Televiziya və digər özəl xəbər kanalları Prezidentin xarici səfərlərində təmsil olunur, bu səfərləri fasiləsiz işıqlandırır.
"Avropa Siyasi Birliyi” 6-cı Zirvəsində Azərbaycan fərqi
Elə bu həftə içində Azərbaycan Prezidentinin iştirak etdiyi “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında müxbir heyəti ilə təmsil olunan agentlik və televiziyalarımız xüsusi performans göstərdilər.
Bu tədbirdə Avropa ölkələrinin mərkəzi KİV-lərinin mikrofonlarından daha çox Azərbaycan media qurumlarının mikrofonlarına rast gəlinməsi bu sahədə əldə edilən nəticələrin simvoluna çevrildi.
Azərbaycan mediası bu tədbirdə hər kəsə mikrafon uzatdı, mətbuat konfranslarında təmsil olundu, İctimai Televiziya Ermənistanın baş naziri Paşinyandan belə müsahibə alıb yayımladı.
Prezidentin çıxışları, səfərindəki qeyri-rəsmi qeydlər belə Azərbaycan mediasında və sosial şəbəkələrdə operativ yayıldı.
Media informasiya təhlükəsizliyinin qoruyucusu rolunda
Azərbaycan mediası bu müddət ərzində təkcə informasiya qaynağı kimi deyil, eyni zamanda informasiya təhlükəsizliyinin qoruyucusu kimi də çıxış edib.
Azərbaycana qarşı aparılan informasiya hücumları qarşısında sipər funksiyasını yerinə yetirib, milli maraqların müdafiəsində mübarizə aparıb. Dövlətin strateji və beynəlxalq maraqlarına yönəlmiş təxribat xarakterli təşəbbüslərə qarşı medianın apardığı mübarizə çox zaman əsas müdafiə xəttində baş verib.
Bu gün biz Azərbaycana qarşı qara piar aparanların təkcə dövlət rəsmilərinin açıqlamalarına deyil, media orqanlarına müdafiə xarakterli cavablarını müşahidə edirik. Bu isə Azərbaycan mediasının beynəlxalq səviyyədə ciddi qəbul olunduğunu, informasiyanın təkcə istehlakçısı deyil, həm də formalaşdırıcısı olduğunu göstərir.
Azərbaycan mediasında çoxdilli inkişaf strategiyası
Xüsusilə rus və ingilis dillərində fəaliyyət göstərən xəbər portallarının keyfiyyətinin artırılması Azərbaycan mediasının beynəlxalq səviyyədə daha geniş auditoriyaya çıxışını təmin edən əsas faktorlardan birinə çevrilib. Qlobal informasiya dövriyyəsində yer almaq, yalnız yerli dildə deyil, dünya ictimaiyyətinin anladığı dillərdə məzmun istehsalını zəruri edir. Bu baxımdan, son illərdə rus, ingilis,fransız, fars dilli media resurslarının inkişaf etdirilməsi istiqamətində atılan addımlar məqsədyönlü və strateji yanaşmanın göstəricisidir.
Bu proses təkcə dil səviyyəsində tərcümə ilə məhdudlaşmayıb, eyni zamanda media sahəsində konseptual yanaşmanın tətbiqi ilə müşayiət olunub. Yəni, Azərbaycan reallıqlarının, milli maraqların və regional mövqeyin beynəlxalq auditoriyaya düzgün və obyektiv şəkildə çatdırılması üçün müasir media standartlarına uyğun kontent siyasəti formalaşdırılıb. Bu, informasiya diplomatiyasının mühüm elementinə çevrilib.
Paralel olaraq, jurnalist kadrlarının peşəkarlıq səviyyəsinin artırılması da əsas hədəflərdən biri olub. Xarici dillərdə material hazırlayan jurnalistlərin seçilməsi və onların təlimə cəlb olunması, beynəlxalq media mühitində təcrübə qazanmaları üçün yaradılan imkanlar uzunmüddətli uğurların təməlini qoyub. Bu çərçivədə, xarici ölkələrdə təlim proqramları, beynəlxalq media platformalarında iştirak və əməkdaşlıq imkanlarının genişləndirilməsi ön plana çıxır.
Tərəfsiz sözün gücü: Azərbaycan mediası beynəlxalq səhnədə
Azərbaycan mediasının beynəlxalq diqqət cəlb etməsinin digər mühüm səbəbi isə qlobal hadisələrə münasibətdə nümayiş etdirdiyi peşəkarlıq və tərəfsizlikdir. Bu yanaşma ardıcıl və düzgün media siyasətinin nəticəsi kimi ortaya çıxır.
Məsələn, Rusiya–Ukrayna müharibəsi ilə bağlı əksər ölkələrin mediası konkret tərəf tutduğu halda, Azərbaycan mediası həm Rusiya, həm də Ukrayna rəsmilərinə və ekspertlərinə söz verməklə obyektivlik nümayiş etdirib. Eyni prinsip İsrail–Fələstin münaqişəsində də qorunub – hər iki tərəfin mövqeləri balanslı şəkildə yayımlanıb.
Qarabağ müharibəsində Hindistan mediası Ermənistanın yanında dayansa da, Azərbaycan mediası Hindistan–Pakistan münaqişəsində hər iki ölkənin mövqeyini obyektiv şəkildə təqdim edib. Məsələn, APA agentliyinin arxivində bu cür təhlillərin çoxluğu buna sübutdur. Hətta bir çox ölkələrin media mütəxəssisləri və diplomatları beynəlxalq proseslərə Azərbaycan mediasının balanslı yanaşmasını xüsusi qeyd ediblər.
Halbuki biz nəinki ayrı-ayrı münaqişələrə, hətta BMT-nin çətiri altında keçirilən COP 29 tədbirinə belə Azərbaycana olan qərəzinə görə boykot və ya birtərəfli yanaşan xarici media orqanlarının "xəbər siyasəti"ni yaxın keçmişdə müşahidə edə bildik.
Sosial medianın yüksəlişi: Etibarlı məlumatın rəqəmsal mənbələri
Sosial media ilə bağlı da son illər strateji yanaşma müşahidə olunur. Bu gün demək olar ki, bütün dövlət qurumlarının sosial şəbəkələrdə rəsmi səhifələri fəaliyyət göstərir. Bu səhifələr vasitəsilə vətəndaşlarla və media ilə əlaqə qurulur, ictimai sorğulara operativ cavablar verilir. Aparıcı televiziyalar, agentliklər və xəbər portalları sosial mediada aktiv fəaliyyət göstərir.
Bu gün Azərbaycanda xəbərin əsas yaradıcısı məhz yerli media qurumlarıdır. Əhali informasiya ehtiyacını əksərən Azərbaycan dilində və yerli mənbələrdən təmin edir. Azərbaycan media məkanında heç bir xarici media orqanı və ya onun yerli strukturu dominantlıq etmir, edə bilmir.
Sosial şəbəkələrdə informasiya dövriyyəsi artsa da, rəsmi və etibarlı mənbə rolunu əsasən aparıcı media strukturları daşıyır.Bu da onu göstərir ki, sosial media ilə iş düzgün qurulub.
Beləliklə, Azərbaycan mediası dövrün tələblərinə cavab vermək üçün daha konseptual yanaşma ilə işləyə bilir. Xüsusilə beynəlxalq arenada nüfuzunu, istinadını və ciddiyyətini artıra bilir.