“Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirməlidir” Siyasət

“Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirməlidir”

Zakir Həsənov: "Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir"

İyulun 1-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Litva Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Z.Həsənov Litvanın Milli Müdafiə naziri Yuozas Olekas ilə görüşüb.
Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü olub.
Təkbətək görüşdən sonra nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Litva Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın müdafiə naziri litvalı həmkarına Cənubi Qafqaz regionundakı hərbi-siyasi vəziyyət, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, qaçqın və məcburi köçkünlərin vəziyyəti barədə ətraflı məlumat verib.
General-polkovnik Z.Həsənov "bəzi dövlətlər və qurumlar tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həll olunmasına yanaşmada ikili standartların tətbiqi bizi çox narahat edir. Ancaq hamıya bəlli olmalıdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan bu gün güclü və qüdrətli, müasir silahla təchiz olunmuş orduya malikdir. Azərbaycan ordusu işğal olunmuş torpaqları istənilən an azad etməyə hazırdır və qadirdir. Heç kim buna şübhə etməməlidir. Bu, yalnız vaxt məsələsidir.
Sülh tərəfdarı olan dövlətlər, o cümlədən bizə dost olan Litva Respublikası təcavüzkara qarşı qəti mövqe nümayiş etdirib işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılmasını tələb etməlidirlər", - deyə bildirib.
Sonra Azərbaycan ilə Litva arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Səfər bu gün başa çatacaq.