Rusiya pasportu təhlükəsi Siyasət

Rusiya pasportu təhlükəsi

Natiq Miri: "Rusiya xüsusi xidmət orqanları Azərbaycanda vətəndaşlığı olan insanlardan dövlətimizə qarşı istifadə edə bilər"
Azər Həsrət: "Hər iki pasportun sahibi olan şəxslərə seçim təklif edilməlidir"

Tiflisdə Rusiya səfirliyinin qarşısında Cavaxetiyadan gələn etnik ermənilər növbəyə düzülüb. Bu barədə Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiya bildirib. O qeyd edib ki, ermənilərə Rusiya Federasiyasının pasportları paylanılır. Konstantin Qamsaxurdiyanın sözlərinə görə, Gürcüstanda yaşayan etnik erməni əhalisinin əksəriyyəti artıq Rusiya pasportlarını alıb: "Rusiya pasportlarının verilməsi haqqında informasiyanı konkret insanlar mənə veriblər. Mən onların adlarını çəkməyəcəm. Məndə olan informasiyaya görə, bizim xüsusi xidmət orqanlarımız çoxdan bu məsələni araşdırır".
Bu hal yeni rus pasportu təhlükəsinin nəzərə alınmasının vacibliyini önə çəkir. Həm Azərbaycan, həm də Rusiya pasportu daşıyan şəxslərə qarşı hansı hüquqi addımlar atıla bilər?
Politoloq Natiq Miri dedi ki, bu cür hal Rusiyada yaşayan azərbaycanlılar arasında kütləvi hal alıb: "Bunun da nədəni Rusiyada normal işləyib, fəaliyyət göstərmələri üçündür. Əksəriyyəti Azərbaycan vətəndaşlığını saxlamaqla Rusiyada saxta kəbin yolu ilə qeydiyyata düşüb, sonra da vətəndaşlıq alıblar. İkili vətəndaşlıq halı isə Azərbaycan Konstitusiyasına ziddir. Ona görə də indiki şəraitdə bu cür ikili vətəndaşlığı olan Azərbaycan vətəndaşları seçim etməlidirlər. Əks təqdirdə belə hal Azərbaycan qanunvericiliyinə zidd hal kimi qəbul olunar və o insanların vətəndaşlığı ləğv oluna bilər. Amma bu cür hallar haqda Azərbaycanın aidiyyatı orqanlarının məlumatı olmamış deyil. Və bu orqanlar belə bir vəziyyətin məcburiyyət qarşısında ortalığa çıxdığını da anlayırlar və bu halın kütləvi olaraq aradan qaldırılmasına maraq göstərmirlər. O ki qaldı təhlükəyə, təbii ki, bu cür halın olması Azərbaycan üçün müəyyən təhlükələr yaradır. Belə bir vəziyyətdən istifadə edən Rusiya xüsusi xidmət orqanları Azərbaycanda vətəndaşlığı olan insanlardan dövlətimizə qarşı istifadə edə bilər".
Siyasi şərhçi Azər Həsrət dedi ki, Azərbaycan bu işdə diqqətli olmalıdır: "Çünki tam sərhədimizdə çox aqressiv, hər şeyi zor hesabına həll etməyə köklənmiş avantürist bir ölkə - Rusiya yerləşir. Həmin ölkənin hazırda Ukraynanın, ondan öncə Gürcüstanın başına gətirdikləri bizim üçün də həyəcan siqnalı olmalıdır. Bu baxımdan həm Azərbaycan, həm də Rusiya pasportu daşıyanlarla bağlı diqqətli olmağımız lazımdır. Demirəm ki, onları təcili seçim qarşısında qoymalıyıq. Ancaq nəzarətsiz də qoymaq olmaz. Hazırda çox həssas məqam olduğu üçün Azərbaycan bu məsələni çox da qabartmamalıdır. Ancaq gələcəkdə hər iki pasportun sahibi olan şəxslərə seçim təklif edilməlidir. Yəni ya Rusiya, ya da Azərbaycan. Çünki biz öz vətəndaşımız olan insanların eyni zamanda Rusiyanın uzantısı kimi qalmasına da şərait yaratmaqla bu gün Ukraynanın başına gətirilənlərin sabah bizim başımıza gətirilməsi üçün bəhanə vermiş oluruq. Hüquq müstəvisində bunun necə həll ediləcəyini tam olaraq deyə bilməsəm də siyasi baxımdan bizim üçün təhlükə təşkil etdiyini vurğulamaq istərdim".
Analitik Əli İsgəndərov vurğuladı ki, prosessual qaydalara görə ikili vətəndaşlıq barədə ölkələr arasında razılıq sazişi yoxdursa fərd tərəfindən hər hansı birinə bununla bağlı müraciət edildikdə təbəliyini daşıdığı ölkənin vətəndaşlığından çıxması barədə müvafiq sənəd təqdim etməlidir: "Müəyyən dönəmdə Rusiya Federasiyasının əlaqədar qurumları buna riayət edirdilərsə sonradan müxtəlif səbəblərdən buna riayət edilmədiyi barədə məlumatlar var. Səbəblər sırasında məsul məmurların aldıqları rüşvətlə yanaşı, dövlətin özünün də buna maraqlı olduğunu güman etdirən gizli bir tapşırığın da varlığı hiss olunub. Bu Rusiyanın Azərbaycana yönəli hansı siyasət yürüdəcəyindən asılıdır. Ola bilər "kobud pozuntulara yol verilib" iddiasıyla pasport qeydiyyatı idarələrinin bir sıra əməkdaşları cəzalandırılsıt və Rusiya pasportu əldə etmiş vətəndaşlarımızın təbəəliyi ləğv edilsin. Ancaq, bunun kütləvi hal alacağına inanmıram. Həm də bir sıra şəxslər daşınmaz əmlak alıb və öz mülkiyyətində olan evlərdə qeydiyyata düşüblər".

Əli