Ombudsman Soyqırımı Günü ilə bağlı bəyanat yayıb Siyasət

Ombudsman Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Elmira Süleymanova: "Azərbaycanlıların 1918-ci ildəki soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib"

İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda qeyd olunur ki, erməni millətçiləri və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırım, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olub. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.
Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib, beləliklə, ölkəmizin 20 faiz ərazisi zəbt edilib, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırım hadisələridir. Erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil alıb, silahlı erməni dəstələri dinc əhalini amansızcasına qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb, məscidlər, məktəb binaları yandırılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Mart hadisələri zamanı Şamaxının 75, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, dinc müsəlman əhalinin bütün əmlakı qarət olunub. Təkcə Quba qəzasında erməni hərbi dəstələri 122 kəndi yandırıb, 60 kişi, qadın və uşağı qətlə yetirib, 53 nəfər isə yaralanıb. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb".
Bəyanatda deyilir ki, beynəlxalq hüquqa görə, 1918-ci ilin mart hadisələri soyqırım kimi qiymətləndirilməlidir.
Ombudsman qeyd edir ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox müdafiə edir və problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır. Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllində, xüsusilə tərəflər arasında etimadın qurulması sahəsində daha fəal iştirak etmək istəyini dəfələrlə bəyan edib.
Lakin ombudsman hesab edir ki, bu soyqırım aktına hələ də dünya miqyasında lazımi qiymət verilməyib: "Bir daha bəyan edirik ki, bu soyqırıma beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib. Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu ağrılı münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik. Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, yüz minlərlə qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq. Ümid edirik ki, Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəklər".
Bəyanat BMT baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycannın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.