“NATO-nun toplantısında Türkiyəyə sözdə dəstək verilib” Siyasət

“NATO-nun toplantısında Türkiyəyə sözdə dəstək verilib”

Elman Nəsirov: "NATO ölkələrinin öz daxillərində ikili standartlar var"

Türkiyə hazırda eyni vaxtda iki cəbhədə - bir tərəfdən İraqın Şimalında PKK terror təşkilatı, digər tərəfdən isə Suriyanın Şimalında İŞID terror təşkilat ilə mübarizə aparır. Bu məsələ ilə bağlı NATO-nun Brüseldə keçirilən toplantısında Türkiyəyə lazımi dəstək verilmədi.
Bu fikirləri politoloq Elman Nəsirov deyib.
"NATO-nun toplantısında Türkiyəyə sözdə dəstək verilib"-deyən E. Nəsirovun sözlərinə görə, Türkiyənin Suriya ilə sərhəddində təhlükəsizlik zolağının yaradılması təklifi qəbul edilməyib.
O, deyib ki, bunu da onunla əsaslandırdılar ki, NATO çərçivəsində Türkiyə kifayət qədər güclü dövlətdir və ona siyasi dəstək verilir.
"Bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün bir çox hallarda NATO ölkələrinin öz daxillərində belə öz nizamnamələrinin 4-cü və 5-ci maddələrinin münasibətində ikili standartlar var. Türkiyə bizim üçün strateji tərəfdaşdır, qonşu dövlətdir.
Bu dövlətdə baş verən hadisələri biz narahatlıqla qarşılayırıq. Azərbaycan öz imkanları və potensialı daxilində hər zaman Türkiyənin yanındadır. Bizim üçün bu məsələ olduqca aydın məsələdir. Çünki Azərbaycan Ermənistanın dövlət terrorizminin timsalında beynəlxalq terrorizmin nə olduğunu çox yaxşı dərk edir.
Ona görə də biz də beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak etmişik və bu gün də Türkiyə məsələsinə çox üzülürük. Hesab edirəm ki, əslində orada baş verən hadisələr nəinki region üçün, hətta bütün dünya üçün ciddi fəsadlara gətirib çıxara bilər.
Yaxşı və pis terrorçu bölgüsü aparmadan, hər zaman və hər yerdə prinsipi ilə beynəlxalq terrorizmlə mübarizə aparmaq lazımdır"- deyə, politoloq daha sonra qeyd edib.

Əli